Xaçmazda yeni emal müəssisəsi
Region

Xaçmazda yeni emal müəssisəsi

Respublikamızda böyük ixrac potensialı olan aqrar sahələrdən biri də fındıqçılıqdır. Son illər Xaçmaz, eləcə də ətraf rayonlarda fındıqçılıq daha da inkişaf etmiş, ixracyönümlü bu məhsulun istehsalı xeyli artmışdır. Hazırda təkcə Xaçmaz rayonunda yerləşən fındıq bağlarının ümumi sahəsi 11 min hektardan çoxdur. Odur ki, bu rayonda müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun emal olunub yeni bazarlara çıxarılması məqsədi ilə addımlar atılır. Bu sahədə görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır.

“AZNUTS” MMC-nin Xudat şəhərində inşa olunmuş fındıq emalı zavodu da belə müəssisələrdəndir. İldə 2,5 min ton qabıqlı fındıq emal etmə gücünə malik olan bu zavodda 200 nəfər daimi işlə təmin olunacaqdır. İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilmişdir. Zavodda əsasən Türkiyədən alınmış və yerli istehsal olan avadanlıqlar  quraşdırılmışdır.

Müəssisədə məhsul istehsalı barədə məlumat verən zavodun icraçı direktoru Azər Vəliməmmədov deyir: ötən mövsümdə Xaçmazın və ətraf rayonların fındıqçılıqla məşğul olan fermer təsərrüfatlarından 500 ton məhsul qəbul etmişik. İstehsal etdiyimiz məhsulu əsasən Rusiya, Almaniya, Polşa, İtaliya və digər Avropa ölkələrinin bazarlarına göndərmişik. Emal olunan fındığı həm ləpə, həm də qabıqlı şəkildə ixrac edirik. Yeni mövsümdə müəssisəmiz tam gücü ilə fəaliyyətə başlayacaqdır. Gələcəkdə müəssisənin imkanlarını daha da genişləndirmək, yardımçı təsərrüfat yaratmaqla fındıq istehsalını daha artırmağı planlaşdırırıq.

Ziyafəddin BAYRAMOV.