“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən
Məktublar

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə “VTB Bank”ın İdarə Heyətinin, kollektivinin adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə etmişdir. Bu uğurlar ölkənizin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir və milli inkişaf potensialını dinamik şəkildə reallaşdırır.

Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlığı, müəssisələrin və işgüzar dairələrin geniş ticari-iqtisadi əlaqələrini, xalqlarımız arasında tarixən formalaşmış qarşılıqlı anlaşma və dostluq münasibətlərini yüksək qiymətləndirirlər. Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın kapitalında iştirakı etibarlı ikitərəfli əməkdaşlığın parlaq nümunəsidir. Ölkələrimiz arasında əməkdaşlığa şəxsən verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.

Fürsətdən istifadə edərək “VTB Qrup”un respublikanızdakı planlarına göstərdiyiniz diqqətə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. “VTB Bank” 10 ildən artıqdır ki, Azərbaycanda səmərəli şəkildə fəaliyyət göstərir, bunu vacib və perspektivli hesab edir.

Bu il Nizami Gəncəvinin yubileyini qeyd etməyiniz özlüyündə rəmzi xarakter daşıyır. Əminəm ki, görkəmli Azərbaycan şairi və mütəfəkkirinin bu beyti dövlət başçısı kimi Sizin üçün xüsusi əhəmiyyət kəsb edir: Kim üstün fikirlə qurub yaradar, ondan gözəl əməl qalar yadigar.

Hörmətli İlham Heydər oğlu, bütün respublikanız üçün bu əlamətdar gündə Sizə Azərbaycanın inkişafı naminə qurucu fəaliyyətinizdə müvəffəqiyyətlər, tükənməz enerji, möhkəm cansağlığı, yaxınlarınıza isə firavanlıq arzulayıram.

Hörmətlə,

Andrey Kostin

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri