Vətənpərvər gənclərimiz
Sosial həyat

Vətənpərvər gənclərimiz

Onlar ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə təqdir olunurlar

Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə baş verən proseslərin önündə gediblər. Gənclər ölkəmizin bu günü, həm də gələcəyi, sabaha olan ümididir.

44 günlük Vətən müharibəsində biz bir sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq, Vətən uğrunda vuruşdular, 30 illik həsrətə öz canları, qanları hesabına son qoydular. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsində qazanılan qələbədən, gənclərin iştirakından, vətənpərvərliyindən, fədakarlığından söz açaraq dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bu gün müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu dövrdə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Həm xarici siyasət, həm də ordu quruculuğunda böyük işlər görüldü. Eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda bu müddətdə Vətən uğrunda ölümə gedən gənc nəsil yetişdi.

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışında ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən gələn ideoloji təzyiqlərə davamlılığının artırılmasını, bunun aparıcı komponenti kimi gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsini, gənclərin formalaşmasında ailə, məktəb tərbiyəsinin əhəmiyyətini qeyd edib. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır deyən Prezident İlham Əliyev əslində, Azərbaycan xalqının həm ailədə, həm təhsil ocaqlarında, həm də vətəndaş cəmiyyəti olaraq ideoloji bütövlüyünün və həmrəyliyinin qorumasının vacibliyini qeyd edib. Biz milli vətənpərvərlik ruhunda gənclər yetişdirməliyik. Bizi güclü edən səbəblərdən biri də ailəyə, Vətənə, torpağa və dövlətə bağlılıq kimi mənəvi dəyərlərdir. Müəyyən qüvvələrdə bunu bildiyi üçün bizimlə ideoloji müharibə aparır. Ona görə də xalq olaraq çox diqqətli olmalıyıq. Prezidentin "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun" deməsi əslində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənclərin bu dəyərlər əsasında böyüməsinin zəruriliyinə işarədir. Bu, çox önəmli işdir. Bu gün Azərbaycan millətinə, dövlətinə bağlı gənclər formalaşıb. Azərbaycan gənci dünya elminə yiyələnməli, mənimsəməli və onu ölkəsində tətbiq etməlidir. Dövlətin verdiyi dəstək göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır və artıq təmsil edirlər.

Azərbaycan gəncliyi öz fəaliyyəti, öz uğurları ilə gələcəyimizin təminatıdır. Belə bir əzm gəncliyə göstərilən diqqət və qayğının sayəsində, Azərbaycan dövlətinin milli maraqlara, milli dəyərlərə eləcə də beynəlxalq təcrübəyə əsaslanan gənclər siyasətinin nəticəsi olaraq təzahür edir və əldə edilən nəticələr də, reallıqlar da bunu təsdiqləyir. Reallıq ondan ibarətdir ki, gənclərimiz irimiqyaslı layihələrin icrasından tutmuş, idarəetməyə qədər bütün proseslərdə, hətta ölkəmizin ictimai proseslərində də yaxından iştirak edir. Ölkəmizdə könüllülük hərəkatı xüsusilə qeyd olunmalıdır.

Gənclərimiz öz şəxsi iradəsi ilə, heç bir maddi maraq olmadan, ölkəmizin rifahının yüksəlməsinə töhfəsini vermək məqsədilə könüllülük fəaliyyəti ilə də məşğuldur. Ölkəmizdə könüllülük fəaliyyətinin sahələri yetərincə genişdir. Belə ki, könüllülər seçimlərindən asılı olaraq sosial, iqtisadi, siyasi, diaspor, idman, incəsənət və digər müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Azərbaycanda könüllülük hərəkatı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Könüllülük Həftəsinin keçirilməsi və 2020-ci ilin "Könüllü ili" elan edilməsi ilə daha geniş vüsət alıb. Könüllülər həmçinin ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, "Formula-1" yarışlarında böyük rol oynayıblar. 2020-ci ildə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində xüsusi seçildilər. Könüllülük fəaliyyətindən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir: "Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir". Dünyanın mötəbər beynəlxalq təşkilatları ölkəmizdəki könüllülər hərəkatına yüksək qiymət verirlər. Könüllülərin fəaliyyətindən ən çox istifadə edən qurumlardan biri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyidir. Məhz agentliyin "ASAN xidmət" mərkəzlərində yüzlərlə gənc sosial xidmətlər sahəsində təcbrübə və iş imkanı qazanıb. Könüllülər cəmiyyətimizdə böyük rəğbətlə qarşılanırlar. Onlar bilikləri, vətənpərvərlikləri, istedadları ilə Azərbaycan gəncliyini təcəssüm etdirirlər.

Gəncliyin sağlam ruhlu, savadlı və yüksək mənəvi tərbiyəyə malik olması hər bir dövlət üçün önəmlidir. Çünki dövlətin inkişafı və inteqrasiyası, məhz cəmiyyətin aparıcı təbəqəsi olan gənclərin inkişaf və inteqrasiyasından asılıdır. Bəli, cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət onlara qayğı göstərməlidir. Bu məlum həqiqətin Azərbaycanda həyata keçirilməsi üçün lazımi tədbirlər görən ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir vermiş və müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin etmişdir. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə siyasətin aparıcı istiqamətlərindən biri olmuşdur. Hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir.

Bütün bunlar isə ondan xəbər verir ki, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu, eləcə də vətəndaşlıq mövqeyi möhkəmlənib və günü-gündən güclənməkdədir. Gənclərimiz bir-birinin ardınca uğurlara imza atır və onların səsinin, sədasının beynəlxalq aləmdə eşidilməsi bunun bariz nümunəsidir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub. İstər idarəetmə sahəsində, istərsə də ölkəmizin sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar ki, bu da xalqımızın gələcək inkişafının təmin olunmasında, azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Mustafa KAMAL,

"Respublika".