Vətəndaşların əmək bazarına inteqrasiyasında etibarlı zəmanət 
İQTİSADİYYAT

Vətəndaşların əmək bazarına inteqrasiyasında etibarlı zəmanət 

Yeni məşğulluq strategiyası bu sahədə mühüm nailiyyətlərin qazanılmasına əlverişli imkanlar yaradacaq

İqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri də məşğulluğun artması, işsizlik səviyyəsinin faiz nöqteyi-nəzərindən getdikcə azalmasıdır. Buna nail olmaq hər bir dövlətin və hökumətin başlıca vəzifəsi sayılır, sosial siyasətin əsas məğzini təşkil edir. Bu baxımdan yeni Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun və layiqli əməyin təminatında mühüm addımların atılmasına imkan verəcək. 

Ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin başlıca hədəfləri sırasındadır. Dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da bu hədəflərə doğru yeni mühüm addımların atılmasına və nailiyyətlərin əldə olunmasına imkan yaradır.

Buna qədər əmək ehtiyatlarından səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə Prezidentin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən 2006-2015-ci illər üzrə də Məşğulluq Strategiyası olub. Və həmin strategiyanın icrasının bir-birini tamamlayan iki mərhələdə reallaşdırılmasını təmin etmək məqsədilə 2007-2010-cu və 2011-2015-ci illər üzrə müvafiq dövlət proqramları hazırlanıb və uğurla icra edilib. Həqiqətən də, göstərilən müddət ərzində işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində xeyli sayda müvafiq tədbirlər həyata keçirilib.

Tədbirlər planında strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun görüləcək işlər əksini tapıb. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın və institusional strukturun yaxşılaşdırılması, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də strategiyada əsas istiqamətlər kimi müəyyən olunub. Tədbirlər planının əsas hədəfi əmək ehtiyatlarından daha səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etməkdir. Son illərdə əmək şəraitinin yaxşılaşdırılması, layiqli əmək fəaliyyətinin təmin edilməsi və s. məsələlərlə bağlı ciddi tədbirlər görülür. Bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsi üçün xüsusi strategiyanın hazırlanması və həyata keçirilməsi vacibdir. Tədbirlər planında da məhz strategiyada nəzərdə tutulan məsələlərin həlli istiqamətləri müəyyənləşdirilib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli  Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” uğurla icra olunub. Həmin Strategiyanın icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmaqla, əhalinin gəlirlərində 5,2 dəfə, minimum əməkhaqqında 3,5 dəfə, orta aylıq nominal əməkhaqqında 3,8 dəfə artıma nail olunub. Əmək bazarında inkişaf meyillərinin davamlı xarakter alması, məşğulluğun və ümumən iqtisadi fəallığın artırılmasına əlverişli şəraitin yaradılması, işçi qüvvəsinin rəqabətqabiliyyətinin artırılması və digər vacib istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısının müvafiq Sərəncamları ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiqlənib. Həmçinin sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiyası məqsədilə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb.

Yeni Məşğulluq Strategiyası dövlət məşğulluq siyasətinin daha da güclənməsini və ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcək. Sənəddə əmək bazarında mövcud vəziyyət və inkişaf meyilləri ətraflı təhlil olunmaqla, 2019-2030-cu illər üçün mühüm prioritet istiqamətlər əksini tapır. Həmçinin aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də yeni Məşğulluq Strategiyasının prioritet istiqamətlərindəndir. Strategiyada “DOST” mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi də yer alır. Bu da həmin xidmətlərin vətəndaşlara vahid standartlar əsasında, operativ və tam şəffaf müstəvidə, sadə prosedurlarla və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə təqdim olunmasına imkan verəcək.

Bununla yanaşı, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin olunması istiqamətlərində hələ də görüləcək işlər var. Bu məqsədlə 2017-ci ildə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, praktiki tədbirlərin həyata keçirilməsi üçün dövlət başçısının 2017-ci ildə imzaladığı sərəncamla Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq edilib. Bu tədbirlərə paralel olaraq 2018-ci ildən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib. Son illərdə müxtəlif sahələrdə aparılan islahatlar məşğulluq sahəsində keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinə, layiqli iş yerlərinin yaradılmasına, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasına və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasını tələb edir. Buna görə də qarşıdakı illərdə icrası nəzərdə tutulan “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən əmək bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun davamlı aparılması, əmək standartlarının yenilənməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişafı məsələlərini özündə əks etdirməklə, məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcək. Strategiyada müəyyən edilən hədəflərlə bağlı hüquqi çərçivə, xüsusilə də qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi və qarşısının alınması, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron informasiya ehtiyatının, habelə vakansiya bankının yaradılması, peşə standartları üzrə minimum tələblərin müəyyən edilməsi, özünüməşğulluğun təşkili və digər məsələlər nəzərdə tutulub.

“Sosial sahədə bir önəmli təşəbbüs də özünüməşğulluq proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır” söyləyən dövlət başçımız İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik-hüquqi şəxsin yaradılması haqqında” Fərmanının həyata keçirilməsi ilə aztəminatlı ailələrin həyat tərzinin yaxşılaşmasına yönələn layihəyə maraq artdı. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin gəlirlərinin artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. Özünüməşğulluq sözünü son zamanlarda dəbə girən sözlərdən hesab etmək olar. Lakin çox insan bu sözün özündə nə ehtiva etdiyini və Azərbaycanda bununla bağlı hansı işlərin görüldüyündən məlumatsızdır. İlk olaraq, özünüməşğulluğun nə olduğuna baxaq. Bu sözü loru dildə ifadə etsək, o, işsiz insanların dövlət tərəfindən sahibkarlıq fəaliyyətinə, biznesə başlamasına köməklik göstərilməsi deməkdir. Beləliklə, hər il təqribən 10 minə yaxın vətəndaşın özünüməşğulluq proqramı ilə əhatə olunması, gələcəkdə layihənin miqyasının genişləndirilməsi istiqamətində maarifləndirmə işləri sürətləndirildi. Nəticə isə sevindiricidir. Özünüməşğulluq proqramına göstərilən diqqət sayəsində qeyri-neft, xidmət sektorlarında, kənd təsərrüfatında işləyən vətəndaşların sayı artdı. Son illərdə daha çox insanın proqrama cəlbi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Dünya praktikasında özünü doğruldan və uğurla nəticələnən bu layihənin Dünya Bankı tərəfindən dəstəklənməsi proqramın əhəmiyyətini daha da artırır. “Özünüməşğulluq proqramı ilə bağlı bizim təşəbbüsümüzlə Dünya Bankı da bu proqrama dəvət olundu. Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki, bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır. Çünki Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var. Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək” söyləyən cənab İlham Əliyev bu cür sosial layihələrin əhatəsinin genişləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur. Əsasən Ailə Biznesinə Asan Dəstək (ABAD) proqramı çərçivəsində tətbiq olunan özünüməşğulluq proqramı xüsusilə regionlarda yaşayan əhalinin ailə büdcəsinin yaxşılaşdırılmasına, unudulmaqda olan xalq sənətkarlığının qorunmasına və təbliğinə geniş imkanlar yaradır. Görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq Sosial Təminat Agentliyi ilə aparılan müzakirələr zamanı ölkəmizdə Avropa Sosial Forumu keçirildi. Avropa İttifaqının bütün sosial təminat və pensiya fondları rəhbərlərinin iştirak etdikləri Forumda Azərbaycanda həyata keçirilən özünüməşğulluq, ünvanlı sosial yardım layihələri, əlillik və qeyri-formal məşğulluqla mübarizə proqramları dəstəkləndi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq müstəvisində özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılır. Məqsəd özünüməşğulluq proqramının sosial-iqtisadi səmərəliliyinin artırılması, regionlarda kiçik biznes təsərrüfatlarının potensial imkanlarının müəyyən olunmasıdır.  Araşdırma nəticəsində əldə olunan məlumatlar 2021-ci ildə və sonrakı illərdə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə, ünvanlığının, proqram üzrə yaradılan biznes təsərrüfatlarının dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək. Dövlət başçısının tapşırığına əsasən icra olunan və əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə şərait yaradır. Bu aktiv məşğulluq tədbiri aztəminatlı vətəndaşların ünvanlı yardım sistemindən kiçik biznesə çıxışına, nəticədə gəlir imkanlarını artırmalarına imkan verir. Özünüməşğulluq proqramının təşkilində bir çox dövlət və özəl şirkətlər, Dünya Bankı, kommersiya bankları, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir, beynəlxalq təcrübə əsasında proqramın tətbiqi mexanizmi daim təkmilləşir, yeni imkanlar araşdırılır.

Qeyd edək ki, son illərdə özünüməşğulluq proqramının əhatə dairəsi 10 dəfə genişlənib və 2020-ci ildə proqrama cəlb olunanların sayı 12 minə çatıb. Onlar həssas əhali qruplarına aid vətəndaşlardır. 2021-ci ildə İSO standartlarına uyğun 3 min mütəxəssis hazırlığı nəzərdə tutulur. Proqramın genişləndirilməsi işlərində Dünya Bankı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Kommersiya Bankları, BMT-nin İnkişaf proqramı ilə əməkdaşlıq davam etdiriləcək. 2021-ci ildə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Bütün bunlar öz növbəsində qarşıdakı dövr ərzində ölkəmizin qət edəcəyi iqtisadi tərəqqi yolunun daha möhtəşəm uğurlarla müşayiət olunacağını, yeni böyük nailiyyətlərin müəllifi qismində çıxış edəcəyini şərtləndirən önəmli faktorlar sırasında yer alır.

Mustafa KAMAL,

“Respublika”.