Vətəndaş məmnunluğunun Azərbaycan modeli
Sosial həyat

Vətəndaş məmnunluğunun Azərbaycan modeli

Sosial müdafiənin bütün istiqamətləri bu unikal ünvanda cəmləşib

Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas əhali qruplarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.

Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir. Bu sahədə də lider mövqeyini qoruyan Azərbaycanda DOST mərkəzlərinin fəaliyyətə başlaması aparılan islahatların əyani təzahürüdür. Beləliklə, bu mərkəzlərin fəaliyyəti insanlara rahatlıq verməklə, eyni zamanda, şəffaflıq istiqamətində atılan önəmli addım olaraq artıq özünü doğruldub. Bu amili dövlət başçımız xüsusi vurğulayır: “Burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur”.

Əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təcəssümüdür. “Bir pəncərə” sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və əlçatan prosedurlar təklif etməyə imkan verən Mərkəz bu sahədə ölkəmizin yeni brendini formalaşdırır. İndiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Ümumiyyətlə, bütün DOST  mərkəzlərində 132 növ xidmət göstərilir. 

1 saylı Bakı DOST Mərkəzi gün ərzində 400-dən çox vətəndaş qəbul edir. Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət edən A kateqoriyalı mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmət göstərilir. 1 saylı Bakı DOST Mərkəzi vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün xidmətlərdən “bir pəncərə” prinsipi ilə faydalanmasına imkan verir. 24 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı olub. Mərkəz gün ərzində 100-dən çox vətəndaş qəbul edir. Bakının Xəzər və Pirallahı rayonlarının sakinlərinə xidmət edən mərkəzdə il ərzində 30-35 min vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmət göstərilir.

19 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılan 3 saylı Bakı DOST Mərkəzi gün ərzində 400-ə yaxın vətəndaş qəbul edir. Paytaxtın Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120-130 min vətəndaşa “bir pəncərə” prinsipi ilə xidmət göstərilir.

4 saylı Bakı DOST Mərkəzi 30 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 növ xidmət göstəriləcək. Gün ərzində təxminən 800 nəfər vətəndaş qəbul edən 4 saylı Bakı DOST Mərkəzində paytaxtın Binəqədi və Nərimanov rayonlarının sakinlərinə “bir pəncərə” prinsipi ilə xidmət göstərilir. Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərir. 4 saylı Bakı DOST Mərkəzinin binasında fəaliyyət göstərən Çağrı Mərkəzi 142 ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” - “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilliyi olan şəxsin təlimlərdən keçməsinə imkan verir.

Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verib, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradıb. Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirir. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir, bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında da müstəsna rol oynayır. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir. Növbəti DOST Mərkəzi Abşeron rayonunda, Xırdalanda açılacaq. Bakıda isə 5 saylı DOST Mərkəzinin açılması gözlənilir: Bununla da bütün Bakı əhatə ediləcək. Bundan əlavə, ən yaxın coğrafiyada Bərdə və Quba DOST mərkəzlərinin də açılması nəzərdə tutulur. Perspektiv planda Gəncə DOST Mərkəzinin açılmasıdır. Bura sosial xidmət mərkəzi kimi olacaq, həm DOST Mərkəzi, həm də əlillər üçün reabilitasiya, protez vasitələri təqdim olunacaq. 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana xidmət göstəriləcək. Bundan başqa, mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilir.

Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. DOST layihəsi artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Prezident İlham Əliyev DOST Mərkəzinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşündə demişdir: “DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi “ASAN xidmət” öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq”.

Mustafa KAMAL,

“Respublika”.