Vətəndaş cəmiyyəti nümayəndələrinin sivil aksiyası birliyimizin ifadəsidir
MÜSAHİBƏLƏR

Vətəndaş cəmiyyəti nümayəndələrinin sivil aksiyası birliyimizin ifadəsidir

Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni faşizmi üzərində qələbə qazanaraq tarix yazdı. Bu günlərdə də Azərbaycan xalqı qalib, mübariz, qürurlu bir xalq olduğunu bütün dünyaya sübut edir. Vətəndaş cəmiyyətinin nümayəndələri, ekoloji fəallar mərdlik, dözümlülük nümayiş etdirərək neçə gündür ki, gecə gündüz şaxtalı havada torpaqlarımızın yeraltı, yerüstü sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz talanması, istismarına qarşı dinc aksiya keçirirlər. Bu həm də Azərbaycanın suverenliyinin bərpa olunması istiqamətində həyata keçirilən dinc aksiyadır.

Artıq Ruben Vardanyanın Qarabağa göndərilməsinin məqsədi aydın oldu. Vardanyan Qarabağda təxribat törətmək, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını qorxu və təlaş içərisində saxlamaq, eləcə də ərazilərimizdəki təbii yataqlarımızı vəhşicəsinə istismar etmək və talamaq, öz havadarları ilə milyardlar qazanmaq məqsədilə göndərilib. Artıq Qarabağdakı ermənilər Vardanyanın tətbiq etdiyi üsul-idarəni qəbul etmək istəmirlər və bu vəziyyətdən yeganə çıxış yolunu onun getməsində görürlər. Vardanyan başa düşür ki, Azərbaycan dövləti yaxın vaxtlarda bütün qanunsuz hallara son verəcək.

Bu gün Ermənistanın bütün dünyaya guya Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə keçirilməsi barədə iddiaları qərəz və böhtandır. Bu gün biz bütün vasitələrlə Laçın yolunda aksiyanın keçirilməsinin əsl səbəbini dünya ictimaiyyətinə çatdırmalıyıq.

Vətəndaş cəmiyyəti nümayəndələrinin təbii sərvətlərimizin qanunsuz istismar olunmasına qarşı dinc aksiyası da tələblərimizin yerinə yetirilməsi ilə başa çatacaq.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı.