Vətən sevdalılarının ömrü əbədi olur
Region

Vətən sevdalılarının ömrü əbədi olur

Lerikdə İkinci Qarabağ müharibəsində doğma Azərbaycana sevgisini qanı bahasına sübut edən qəhrəman oğullar çox oldu. Vətənin dar günündə onun dadına birincilər sırasında çatanlardan biri də rayonda qartallı dağlara sığınan Orand kəndində dünyaya göz açan Natiq Balamirzə oğlu Mirhüseynov idi. O, əbədiyyətə qovuşanda ömrünün 23-cü ilini yaşayırdı. İndi leriklilər Vətən, xoşbəxt gələcəyimiz naminə ölümün üzünə dik baxan şəhid oğullarını mənən öz yanlarında görür, onlarla qürur duyurlar. Bu günlərdə Vətən sevdalısı Natiq Mirhüseynovun anım mərasiminin təşkili də şəhid adına ilahi bir sevgidən irəli gəlirdi.

Bütün kənd şəhid Natiqin uyuduğu məzarın başına toplaşmışdı. Həmin insanları bu müqəddəs yerin ziyarətinə Vətən sevgisinin nuru gətirmişdi. Rayonun bütün rəhbər işçiləri də burada idilər. Mərasimə qatılanlar Vətən səmasının əbədi parlaq günəşinə ehtiram əlaməti olaraq yatdığı torpağı təzə, təravətli gül-çiçəklə bəzədilər.

Çıxışlar başlananda hamı ölməz qəhrəman haqqında danışmaq istəyirdi. Məlum oldu ki, şəhid Natiqin şərəfli ömür yolu qəlblərdə Vətənə, onun daşına, torpağına sonsuz bir məhəbbət kimi yaşayır. Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov: "Şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunu bildirən Natiq kimi oğulların adı heç vaxt tarixdən silinmir. Adı özündə bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadanlar zaman-zaman gələcək nəsillərə də örnək olurlar. Belə övladlar tərbiyə edənlərin qarşısında baş əyməyin özü də ucalmaqdır", - dedi.

Gizir Natiq Mirhüseynov 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Cəbrayılda, Füzulidə, Xocavənddə gedən ölüm-dirim döyüşlərində böyük qəhrəmanlıq göstərib. Göstərdiyi şücaətə görə "Azərbaycan bayrağı" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda" və digər medallara layiq görülüb.

 Zəfər ORUCOĞLU.