Vedililər ata-baba yurdlarının həsrətini çəkirlər
Digər xəbərlər

Vedililər ata-baba yurdlarının həsrətini çəkirlər

XX əsrin bəlası - Deportasiya

Münbit torpağa və mühüm strateji əhəmiyyətə malik olduğu üçün Vedi rayonu dəfələrlə ermənilərin məkrli niyyətlərinin hədəfi olmuş, tez-tez ərazi inzibati dəyişikliklərə məruz qalmışdır. Vedibasar dörd zonaya bölünürdü. Vedinin düzlük hissəsində 20, Çanakçıdərədə 11, Cığırdərədə 18, Millidərə zonasında isə 18 kənd yerləşirdi.

Millidərə Gərni çayı ətrafında, məşhur Gərni alban kilsəsinin qonşuluğunda, Koroğlu qalası ilə bir ərazidə idi. Burada 18 azərbaycanlı kəndindən başqa, vaxtilə azərbaycanlılar yaşamış daha 4 kənd olmuşdur. Rayonda erməni kəndləri az olsa da, azərbaycanlıların vəziyyəti onlardan xeyli pis idi. Çünki Gərni rayonunun tərkibində olarkən Millidərənin azərbaycanlı əhalisinin təhsil və mədəniyyət məsələləri həmişə ikinci planda olmuşdur. Sonralar erməni rəhbərliyi özlərinin xeyrinə olan bir sıra səbəbləri nəzərə alaraq Gərni rayonunu Kənəkir rayonu ilə birləşdirmişdi. Millidərə Kənəkirdən çox uzaq olduğu və Vedi rayonuna daha yaxın məsafədə yerləşdiyi üçün bölgənin bir sıra ehtiyaclarının ödənilməsi zərurətindən həmin kəndlər Vedi rayonu ilə birləşdirildi.

Ermənilər 1918-1919-cu illərdə Vedi rayonundakı azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər. Əhalinin böyük əksəriyyəti damlara doldurulub diri-diri yandırılmışdır.

Ermənilərin Alqırıq, Bayburt, Almərdan kəndlərinin camaatını qırmağa başladıqlarını eşidən Kotanlı, Şuqayıb, Körpükənd sakinlərinin bir hissəsi öz canlarını qurtarmaq üçün dağ yolları ilə Vedibasara qaçıb Abbasqulu bəyə sığınmışdılar. Abbasqulu bəy gələnləri himayə etməklə yanaşı, Millidərə kəndlərində hələ qalmaqda olan əhalinin xilası və təhlükəsizliyi üçün tədbirlər görmüşdür.

Abbasqulu bəyin yollara düzdüyü silahlı dəstələr erməni daşnaklarına ağır zərbələr vurub dinc əhalini xilas etdilər. Bu vaxt ermənilərin silahlı qüvvələri Gərnidən yeni qüvvə alıb Gilanlar, Yellicə, Almərdan, Molla Əhmədli kəndlərini mühasirəyə salırlar. Ələ keçəni qılıncla, qaçanları güllə ilə öldürüb, qalanları damlara doldurub yandırırlar.

Vedi rayonu 1936-cı ildə iki yerə - Vedi və Qarabağlar rayonuna bölünmüşdür. Ancaq bu bölgü 1948-ci ildə ləğv edildi və Qarabağlar rayonu Vediyə birləşdirildi. 1948-1953-cü illərdə Vedinin demək olar ki, bütün kəndləri zorla Azərbaycan SSR-ə, xüsusilə də aran rayonlarına köçürüldü. Çoxları ağır iqlim şəraitinə dözə bilmədi.

1988-ci ildə erməni separatçıları yenidən Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətini qəddarlıqla həyata keçirdilər. 1988-ci ilin fevralından noyabr ayına qədər Qərbi Azərbaycandakı soydaşlarımız çox böyük amansızlıqlarla üzləşdi, azərbaycanlılar sonuncu nəfərə qədər min illər boyu yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı və Azərbaycan 2 minə qədər kənd və qəsəbə, yüzlərlə abidə itirdi. 1950-ci ildən sonra yalquzaq haylar daha da həyasızlaşaraq bir çox azərbaycanlı kəndlərinin adlarını açıq-aşkar dəyişdirir, tarixi izləri itirməyə cəhd edirdilər.

Artıq Qərbi azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulmasından 35 il keçir. Daşnak quldurlar bilməlidirlər ki, vaxt gələcək, Qərbi azərbaycanlılar Vediyə, Göyçəyə, İrəvana, Zəngəzura, Dərələyəzə, Zəngibasara və bu gün erməni işğalı altında olan bütün ata-baba yurdlarına qayıdacaq, "dənizdən-dənizə böyük Ermənistan" xülyası heç vaxt reallaşmayacaq.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev bir qrup Qərbi azərbaycanlılarla görüşündə əminliklə vurğulamışdır ki, haqq-ədalət zəfər çalacaq, çox tezliklə yurd yerlərindən ayrı düşmüş yüz minlərlə soydaşımız ata-baba torpaqlarına qayıdacaq, ermənilər məkrli niyyətlərini reallaşdıra bilməyəcəklər. Haylar bilməlidirlər ki, XXI əsr türk əsridir. Fransadan Qərbdəki faşist xislətli qüvvələrdən ermənilərə göstərilən dəstək və verilən vədlər ancaq və ancaq cəfəngiyyatdır. Türk birliyi, türk həmrəyliyi nəticəsində Vətən müharibəsində qələbə qazandıq, Qarabağda analoqu olmayan antiterror tədbirləri keçirildi, Xankəndidə və digər ərazilərimizdə Azərbaycan bayrağı ucaldıldı. Şübhəsiz ki, Azərbaycanın cəngavər oğulları günlərin birində Qərbi Azərbaycana da dönəcəklər.

Vahid ABBASOV.