Ümumxalq iradəsinin ifadəsi, beynəlxalq aləmə ismarış
Region

Ümumxalq iradəsinin ifadəsi, beynəlxalq aləmə ismarış

Ölkəmizdə növbədənkənar prezident seçkiləri yüksək mütəşəkkilliklə başa çatdı, ümumxalq iradəsinin təntənəsinə çevrildi, hər bir insan bu taleyüklü məqamda xalqın sevimlisi, ölkənin daha uğurlu sabahına qarant olacaq İlham Əliyevə yenidən etimad göstərdi. Prezident seçkilərində qələbə əslində beynəlxalq ictimaiyyətə, xüsusilə də son illər ölkəmizə qarşı məkrli siyasəti ilə canfəşanlıq edən qüvvələrə xalqın cavabı oldu.

Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün təmini bir sıra ölkələr tərəfindən qısqanclıqla qarşılanır, hətta bəzi qüvvələr açıq-açığına düşmən mövqeyi sərgiləyir, ədalətli qələbəmizə işğalçılıq damğası vurmaqdan da çəkinmirlər. Avropa Şurası Parlament Assambleyasının qərəzli, qeyri-ciddi mövqeyi də bunu açıq-aydın göstərir. Ölkəmizin bu qurumun fəaliyyətinə, orada qaldırılan məsələlərə daim ədalətli mövqe sərgiləməsinə baxmayaraq, göstərilən destruktiv mövqe əslində etnik ermənilərin Qarabağdan könüllü köçmələrinə zorakılıq donu geydirən AŞPA-nın ermənipərəst üzvlərinin həqiqəti görmək və qəbul etməmək istəyinin nümayişkaranə ifadəsidir. Bu beynəlxalq qurumda Azərbaycanın ədalətli mövqeyinə, prinsipial fəaliyyətinə baxmayaraq, Avropa beynəlxalq institutunun ölkəmizin təşkilatdakı üzvlüyünü dayandırmaq qərarı da qeyd etdiyimiz üzdəniraq siyasətin ağlasığmaz ifadəsidir. Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarın bir səbəbi, özü də köklü səbəbi xalqın iradəsini nümayiş etdirərək beynəlxalq dedi-qoduya, əsassız fikirlərə, boş xülyalara son qoymaq idi.

Seçkilərdəki ümumxalq coşqunluğu, prezident İlham Əliyevə möhtəşəm dəstək AŞPA-nın simasında ölkəmizə qarşı qərəzli mövqe tutan bütün beynəlxalq qüvvələrə xalqın birmənalı cavabı oldu. Xalq-rəhbər, rəhbər-xalq birliyinə bütün dünya şahidlik etdi.

Xalq öz seçimini etdi, ölkəmizin hazırkı uğurlarının daşıyıcısı, beynəlxalq siyasətimizin etibarlı qarantı İlham Əliyevi yenidən prezident seçdi. Seçkinin gedişi, xalqın bu siyasi kampaniyaya elliklə qoşulması və nəticələri bizə qarşı qərəzli mövqe tutan ölkələr və üzdəniraq siyasətçilər, xüsusilə də ermənipərəst qüvvələr üçün aydın səmada şimşək kimi çaxdı, düşmənlərin gözünü kor etdi.

Seçkinin nəticələri, böyük qələbədən xəbər verən faktlar və rəqəmlər haqqında ətraflı danışmayacağam, ölkəmizin hansı guşəsində yaşamasından asılı olmayaraq seçki hüququ olan və olmayan hər bir ölkə vətəndaşı bu siyasi kampaniyanın azad və ədalətli keçirilməsi, onun obyektiv nəticələri haqqında geniş təsəvvürə malikdir. Prosesi izləyən beynəlxalq müşahidəçilərin obyektiv mövqeyi də bunu sübut edir.

Müvəffəqiyyət nədən yaranmışdır? Qələbənin təməlində ulu öndərin ölkəmizə rəhbərlik illərində əldə etdiyi uğurlar, beynəlxalq aləmdə qazanılmış nüfuz və xalqın inamı dayanır.

Prezident İlham Əliyev varislik ənənələrini uğurla davam etdirərək ulu öndərin yaratdığı təməl üzərində qüdrətli, möhtəşəm Azərbaycan ucaltdı. "Azərbaycan dünyaya günəş kimi doğacaq" sözləri, əslində öz varisinə yönəlik tövsiyə və tapşırıq idi, ölkəmizin daxili və xarici siyasətindəki uğurlar, möhtəşəm iqtisadiyyatımız, Qarabağ probleminin həlli və beynəlxalq nüfuz "ata vəsiyyətini yerinə yetirdim" qətiyyətinin parlaq sübutudur.

"Gəncənin Azərbaycanda öz yeri var" - ulu öndərin bu sözləri ölkəmizin bütün taleyüklü məqamlarında qədim şəhərin sağlamdüşüncəli insanlarına inam və etibarın ifadəsidir. Ulu öndərin vəsiyyətini ölkə başçısı möhtərəm İlham Əliyev ləyaqətlə doğrultdu və qədim şəhərin yüksəlişini daim diqqətdə saxladı. Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqın yekdil iradəsi ilə Prezident seçildikdən sonra 15 iyun 2004-cü ildə Gəncəyə ilk rəsmi səfər etdi. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinin, İmamzadə ziyarətgahının və Cavad xanın məzarının ziyarəti Gəncəyə və gəncəlilərə ehtiramın ifadəsidir və qədim şəhərin qədirbilən xalqı o səfəri, onun yaratdığı ümumxalq coşqusunu bugünkü kimi xatırlayır.

"Nizami Gəncəvinin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir" - deyərək dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının beynəlxalq səviyyədə təbliği, əsərlərinin nəşrinə və öyrənilməsinə misilsiz töhfələr vermiş, Azərbaycan nizamişünaslığının daha dərindən və hərtərəfli öyrənilərək təşəkkül tapmasına xüsusi diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm işləri Prezidentimiz İlham Əliyev daha yüksək pilləyə qaldırdı. Bu uğurlar güclü və etibarlı təməl üzərində qazanıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyinin keçirildiyi ərəfədə söylədiyi: "Nizami Gəncəvi elə bir sənətkar, elə bir dahidir ki, onun yubileyi hər il keçirilməlidir" kəlamı ilə dahi şairə yanaşmanın milli strategiyasını müəyyənləşdirdi.

Heç təsadüfi deyildir ki, Azərbaycan nizamişünaslığının böyük qayğıkeşi ulu öndər Heydər Əliyevin bu sahədəki möhtəşəm fəaliyyəti varislik ənənələrinin davam etdirilməsi ilə yeni, daha möhtəşəm zirvəyə yüksəldi. Böyük şairin şəxsiyyəti, milli mənsubiyyəti haqqında əsası olmayan bəzi qeyri-milli və etnik xülyalar alt-üst edildi, beynəlxalq səviyyədə Nizami Gəncəvi Azərbaycanın dahi şairi və mütəfəkkiri kimi qəbul olundu. Bu cahanşümul nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə yeni, daha uca pilləyə yüksəldi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi beynəlxalq səviyyədə təntənə ilə qeyd edildi. Dahi şairin məqbərəsinə diqqət və qayğı göstərildi, ətrafı abadlaşdırıldı. Şairin doğulduğu və bütün əsərlərini yaratdığı Gəncə şəhəri Nizami Gəncəvi ideyaları, Nizami Gəncəvi ruhu ilə həmahəng edildi. Ölkə başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 2012-ci ildə imzalanmış daha bir Sərəncamla yeni yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan nizamişünaslığının ən mühüm tarixi nailiyyətidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2013-cü ildən etibarən hər il təşkil etdiyi və dünyanın nüfuzlu dövlət və ictimai xadimlərinin iştirakı ilə keçirilən Qlobal Bakı Forumları da məhz dahi mütəfəkkirin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayışının bütün dünya xalqlarına ərməğanı, səslənişidir.

Dahi şairin həmişəyaşar "Xəmsə"si dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Şairin vətənində əzəmətli məqbərə ilə üzbəüz möhtəşəm Nizami Gəncəvi Muzeyi inşa edilərək istifadəyə verilib. Dünyanın bir sıra ölkələrində Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bütün bunlar ulu öndərin bu istiqamətdə həyata keçirdiyi möhtəşəm tədbirlərə cənab Prezidentimiz İlham Əliyevin sanballı töhfələridir.

Dövlətimizin başçısı Gəncəyə hər tarixi səfəri zamanı qədim tarix-memarlıq abidəsi olan, tamamilə yenidən qurularaq bərpa edilmiş "İmamzadə" dini kompleksini ziyarət edir. Bu möhtəşəm abidənin yeni görkəmi möhtərəm Prezidentimizin adı ilə bağlıdır. Vaxtilə diqqətdən kənarda qalmış abidə-səcdəgahın yenidən qurulması və təmiri ilə bağlı xüsusi Sərəncam imzaladı və orada həyata keçirilən işləri şəxsən nəzarətində saxladı. Heç təsadüfi deyildir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəfələrlə Gəncəyə gəldilər və hər səfər zamanı kompleksdə həyata keçirilən işlərlə yaxından tanış olub, öz tövsiyələrini verdilər. Ölkə başçısının söylədiyi: "İmamzadə" abidəsi bizim ümumxalq sərvətimizdir. "İmamzadə" bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. "İmamzadə" bizim milli sərvətimizdir" - müdrik sözləri ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın: "Gəncə gözəl şəhərdir. Burada yaşayan insanlar Azərbaycan cəmiyyətinin dəyərli üzvləridir. Azərbaycan dövlətçiliyinə gəncəlilərin töhfəsi böyük olmuşdur" sözləri bir-birini tamamladı.

Görkəmli dövlət adamı və böyük sərkərdə Cavad xanın məzarı üzərində ucaldılan abidə-türbə də tarixi keçmişimizə sonsuz ehtiramın ifadəsidir. Ölkə başçısı Cavad xanın türbəsini ziyarət etmiş, orada həyata keçirilən abadlaşdırma və quruculuq işləri ilə hərtərəfli tanış olmuş, xatirə kitabına öz səmimi ürək sözlərini də yazmışdır. Ölkə başçısının fikirləri qayğıkeş rəhbər, qeyrətli vətəndaş ləyaqətinin ifadəsidir.

Möhtərəm Prezidentimiz qürur hissi ilə qeyd etmişdir ki, tariximizə, milli mədəniyyətimizə xidmətə istiqamətlənmiş bu yol ulu öndər Heydər Əliyev yoludur: "Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Burada onun fəaliyyəti təkcə iqtisadi islahatlarla məhdudlaşmırdı. Milli-mənəvi dəyərlərin qorunmasında, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolu olmuşdur".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin: "Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yol ilə gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm ki, bundan sonra da bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir" - sözləri hər bir Azərbaycan vətəndaşının həyat kredosu və strateji yol xəritəsidir.

Bu inamın nüvəsində möhtərəm ölkə başçısı İlham Əliyevin rəhbərliyi dövründə qazandığı beynəlxalq şəxsi nüfuz, zəngin idarəetmə təcrübəsi, qətiyyətli daxili və xarici siyasət dayanır. Gəncəlilər onun qədim şəhərə daimi diqqət və qayğısından qürur hissi keçirirlər.

Bu gün Gəncə bayram əhvali-ruhiyyəsindədir. Şəhərdə quruculuq işləri uğurla davam etdirilir, qədim şəhər daha da abadlaşdırılır, yaşıllıqlar salınır. Ölkə başçısına sonsuz ehtiramını bildirən, onun daxili və xarici siyasətini dəstəkləyən gəncəlilər seçkilərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qədim şəhərə növbəti səfərinin arzusundadırlar. Əmindirlər ki, səfər təkcə qədim şəhərin deyil, ölkəmizin tarixində parlaq səhifə təşkil edəcək və Prezident kimi Gəncəyə ilk rəsmi səfərdən ötən iyirmi il ərzində həyata keçirilmiş möhtəşəm işlər haqqında hesabat xarakteri daşıyacaq.

Vaqif TANRIVERDİYEV,

"Respublika".