Ulu öndər Heydər Əliyev  məhkəmə-hüquq islahatlarının müəllifidir
Digər xəbərlər

Ulu öndər Heydər Əliyev  məhkəmə-hüquq islahatlarının müəllifidir

2023-cü ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunması çər­­­çivəsində ədliyyə orqanlarında və məhkəmələrdə də ulu öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir. Zəngin dövlətçilik ənənələrinə malik olan ölkəmizin tarixində ümummilli liderimizin şəxsiyyəti, onun iradəsi, uzaqgörənliyi, siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Dahi liderin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb. Xalqımız tarix boyu xəyal etdiyi milli dövlətçiliklə bağlı arzularını məhz Heydər Əliyev epoxasında ger­çəkləşdirərək dayanıqlı,  müstəqil, hüquqi Azərbaycan dövlətini qurdu. Elə bu sə­bəb­dəndir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kə­­narda da yüksək ehtiramla qeyd olunur.

30 ildən artıq bir müddətdə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsinə elə bir irs həkk etmişdir ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç bir zaman tükənməyəcək. Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan Heydər Əliyevin hər kəsə örnək olan şərəfli ömür yolu və fəaliyyəti daim öyrənilməli və gələcək nəsillərin də ondan bəhrələnməsi üçün şərait yaradılmalıdır. Məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar, müasir müstəqil məhkəmə haki­miy­yətinin formalaşdırılması, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl təkmilləşdirilmə tədbirləri və yeni­liklər məhz Heydər Əliyev dühasının parlaq təzahürüdür.

Əbədiyaşar liderin hər zaman qanunçuluq, haqq və ədalət tərəfdarı olduğunu, fəaliyyətinin bütün dövrlərində məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının fəaliyyətinə xüsusi qayğı göstərdiyini də qeyd etmək istə­yirəm. Ölkəmizdə hüquq elmi və təhsili ulu öndərin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin milli hüquqşünas kadrların yetişdirilməsində əvəzsiz rolunu xüsusi vurğulamaq lazımdır.

Ümummilli liderimizin 1969–1982-ci illəri əhatə edən çətin bir dövrdə əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq siste­mi­nin möhkəmləndirilməsinə nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstə­ri­ci­lə­rinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müs­təqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, keçmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müha­ri­bə­si­nin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri dəmir iradəyə, yük­sək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik olan xarizmatik li­der Heydər Əliyev idi. O dövrün belə bir mürəkkəb vəziyyətində – 1993-cü ilin yayında ulu öndər xalqın təkidli tələbi ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev sarsılmaz iradəsi və fenomenal idarəçilik qabiliyyəti ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış totalitar rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Ulu öndər qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

O dövrün hadisələrini dərindən təhlil edən Heydər Əliyev yaxşı bilirdi ki, ölkədə demokratik hüquqi dövlət qurmaq üçün, ilk növbədə ictimai-siyasi sabitlik, qa­nunçuluq, hüquqi nizam-intizam təmin edilməlidir. "Dövlət dövlətçiliyi qoruma­lıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər  bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Ulu öndər dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu.

Hüquqi dövlət quruculuğu prosesi ölkədə ictimai-siyasi sabitlik tam bərqərar olunduqdan sonra həyata keçirildi. Belə ki, hüquqi dövləti qurmaq üçün, ilk növbədə, kons­ti­tu­sion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiy­yətlər bölgüsü  yaradılmalı idi. Böyük strateq, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev  hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.

"Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" – deyən ulu öndər Heydər Əliyev yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək bununla bağlı xüsusi yaradılmış komissiyaya şəxsən rəhbərlik etmişdir.

1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş və bu ali qanunvericilik aktının  üçdəbir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

Yeni Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə, 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.

Hərtərəfli fəaliyyət, gərgin zəhmət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli lider 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

İnsan hüquqları sahəsində atılan ən mühüm addımlardan biri ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük mənəviyyat sahibi olduğunu, humanizmini bir daha təsdiqləyir. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu növbəti dəfə dünyaya sübut etdi.

Əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhə­miyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların ba­ğışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv və amnistiya olun­ması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılamışdır.

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin forma­laş­ma­sına da xüsusi diqqət yetirmişdir. Müstəqil məhkəmə hakimiyyəti yaratmadan mü­kəm­məl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyyəti ya­ratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi. Reallıqları dərindən təhlil edən və nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə  "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edildi, ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni mo­delinin bərqərar edilməsi prosesinə başlanıldı.

Ulu öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən etibarən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. Bu sistemin üstünlüyü ondan ibarətdir ki,  hər kəsin hüquq və azadlıqlarının məhkə­mədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququ təmin edilir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qə­rarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verilir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məh­kəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual ba­xım­dan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.

İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən ba­xıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi və beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məh­kəməsi kimi baxmaqdan azad olundu. Bununla da, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu.

Həyata keçirilən yeniliklər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusu 60 faiz təzələndi.

Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəl­mişdir. Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması güclü ədliyyə sis­teminin formalaşdırılması ilə sıx bağlıdır.

Bu gün Azərbaycan ədliyyəsinin tarixinə nəzər salanda görürük ki, nazirliyin əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin dövrdə ölkədə ədliyyə işinə böyük önəm verən dahi rəhbər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyəti yenidən təşkil olunmuş və bununla da Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlanılmış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir. Bu möhtəşəm sər­vətin öyrənilməsi üçün konfranslar təşkil olunur, Azərbaycan ta­rixinin Heydər Əliyev dönəmində əldə olunmuş nailiyyətlər, demokratk hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar barədə çıxışlar edilir və digər tədbirlər həyata ke­çirilir.

Bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını ya­şatmaq və gələcək nəsillərə çatdırmaq, qloballaşan dünyada Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik. Hər kəs bacardığı sahə üzrə dövlətə və dövlətçiliyimizə öz töhfəsini verməlidir.

Toğrul AXUNDOV,
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi.