Uğurlarımızı qəbul edə bilməyən qərəzli Qərb
Siyasət

Uğurlarımızı qəbul edə bilməyən qərəzli Qərb

Ötən il Azərbaycanda baş tutmuş Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü, daha sonra X Qlobal Bakı Forumu, İslamofobiya konfransı ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəliləməsi və imicinin daha da artmasına xidmət edir. Görüşlərin paytaxt Bakıda keçirilməsi isə siyasi gücün nümunəsidir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz önündədir. Şübhəsiz, belə mötəbər tədbirlərin keçiriləcəyi məkan seçilərkən bir sıra amillər ciddiliklə nəzərə alınır. İlk növbədə Azərbaycanın belə mötəbər tədbirlərə evsahibliyi etmək üçün siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi və s. belə amillərdir. Nəticədə Azərbaycan sülh, inkişaf və əməkdaşlıq ölkəsi kimi tanınır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti də az rol oynamır.

Daha bir tədbir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək. Qeyd edək ki, COP28 2023-cü il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar ötən il COP28-in plenar iclasında verilib. İqlimin dəyişilməsi üzrə beynəlxalq Konvensiya yer kürəsini böyük riskdən xilas etməyə çalışan çox vacib bir sənəddir. Ölkəmizdə bu gün iqtisadi, yaşıl iqtisadiyyat, yaşıl energetika və sairlə bağlı böyük layihələr həyata keçirilir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində paytaxt Bakı dünyanın diqqət mərkəzində olacaq.

Bütün bunlar dünya miqyasında çox güclü mövqeyə sahib olduğumuzu bir daha təsdiq edir. COP29 iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim problemini həll etməklə konkret addımlar atmaq baxımından bir fürsətdir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə evsahibliyi etməsi ölkəmizin növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son vaxtlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Azərbaycanın bu uğuruna sevinənlərlə yanaşı, onu qısqanclıqla qəbul edən ölkələr də mövcuddur. Fransa bu məsələdə daha aktiv iştirak edir. Belə ki, hələ ötən il Paris meri Ann İdalqo, eləcə də bir sıra fransız siyasətçiləri BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) növbəti ildə Bakıda keçirilməsinə qarşı çıxmışdılar. Bununla bağlı fikirlər "La Tribune" qəzetində öz əksini tapıb. Fransanın bu cür iddialarla gündəmə gəlməsi bir daha ölkənin ənənəvi qərəzindən əl çəkmək istəmədiyindən, əksinə gün keçdikcə anti-Azərbaycan ideyasının daha da artdığını təsdiqləyir. Respublikamıza qarşı əsassız fikirlərlə daim beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışan qəzet hətta bu xəbəri "Bakıda COP29: utanc və şərəfsizlik görüşü" başlığı ilə dərc etmişdi.

Hətta rəsmi Paris COP29-un Bakıda keçirilməsinə etiraz olaraq müraciət də yayımlamışdı. Həmin sənədi imzalayanların kimliyi və keçmişi də çoxlarına tanış idi. Başda Ann İdalqo olmaqla Valeri Pekres, Bruno Reteyo kimi Azərbaycana qarşı qərəzi ilə gündəmə gələn şəxslərin hansı oyunlardan çıxdığını xatırlamaq belə Fransanın bu addımındakı xain niyyəti ifşa edir. Əslində, Makron hakimiyyəti çox yaxşı bilir ki, Azərbaycan bundan əvvəlki tədbirlərə necə yüksək səviyyədə evsahibliyi edibsə, COP29-un da bu cür keçirilməsinə nail olacaq. Paris bundan öncə Qoşulmama Hərəkatına sədrlik edən və Parisin müstəmləkə siyasətinə qarşı uğurla mübarizə aparan ölkəmizdən xeyli çəkinir. Məhz Azərbaycanın təklifi ilə Bakı Təşəbbüs Qrupunun yaradılması Fransanın müstəmləkəçilik cinayətlərinə görə üzr istəməsinin tələb olunması da bu gün Parisi qorxuya salıb.

Ümumilikdə, Fransanın timsalında Qərb ölkələrinin əksəriyyəti Azərbaycanın regionda yeni geosiyasi düzən formalaşdırmasını qəbul edə bilmir. Bu səbəbdən onlar ölkəmizə qarşı vaxtaşırı olaraq qarayaxma kampaniyaları həyata keçirir, Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna ləkə vurmaq istəyirlər. Şübhəsiz, bu cür addımlar nə dövlətimizi öz haqq yolundan döndərə bilər, nə də nüfuzuna xələl gətirə bilər. Bu baxımdan, şər güclərin yürütdüyü anti-Azərbaycan siyasəti heç bir fayda verməyəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".