Türkiyənin Ali Məhkəməsinin sədri və Baş prokuroru Naxçıvanda səfərdədir
Digər xəbərlər

Türkiyənin Ali Məhkəməsinin sədri və Baş prokuroru Naxçıvanda səfərdədir

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, nümayəndə heyəti ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Daha sonra qonaqlar türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan büstünü ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını da ziyarət etmiş, xiyabandakı "Ana abidəsi"nin önünə gül düzmüş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişlər.

Həmçinin qonaqlar şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşlar.

Səfər çərçivəsində Türkiyədən olan nümayəndə heyəti ilə Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib.

Görüş zamanı Naxçıvanda aparılan kompleks islahatlar, yenidənqurma işləri barədə ərtaflı müzakirə aparılmışdır.

Bundan sonra "Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı" mövzusunda konfrans keçirilib.

Konfransda Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın əhəmiyyətindən bəhs edib.

Konfransda Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən digər mötəbər qonaqlar çıxışlar edib.

Nümayəndə heyətinin səfəri davam edir.

Ülvi QARAYEV,

“Respublika”.