TOVUZDA TÜTÜN ƏKİNİ
Region

TOVUZDA TÜTÜN ƏKİNİ

Respublika iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, o cümlədən aqrar sahədə aparılan islahatlar ilbəil kənd təsərrüfatı məhsulları istehsalında artıma rəvac verir. Müəyyən səbəblərdən ölkəmiz üçün ənənəvi olan bəzi sahələr, o cümlədən rentabelli gəlirli sektor olan tütünçülük əvvəllər tamamilə yaddan çıxmış, iflic vəziyyətinə düşmüşdü.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla pambıqçılıq, baramaçılıq, tütünçülük s. sahələrin  əvvəlki şöhrətlərinin bərpası üçün tam münbit şərait yaradıldı. Hazırda Azərbaycan Respublikasının dinamik tərəqqisi bütün sahələri əhatə edir. Rəqabətqabiliyyətlilik artır, bütün sahələrə investisiya qoyuluşu davam etdirilir.

Məlum olduğu kimi, respublikanın bir neçə bölgəsində, o cümlədən əlverişli iqlim münbit torpağa malik olan Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Tovuzda tütünçülüyün inkişaf etdirilməsi üçün lazımi tədbirlər aparılmışdır. "Tovuz Aqro Sənaye" MMC-nin məntəqə müdiri Azad Qurbanovdan tütünçülüyün hazırkı durumu ilə bağlı danışmağı xahiş etdik. Məntəqə müdiri bildirdi ki, müəssisə 2020-ci ildən fəaliyyət göstərir. Burada 63 nəfər daimi işlə təmin olunub, 60 nəfər isə mövsümi işlərə cəlb olunur. MMC Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşir. Müəssisədə 32 ədəd qurutma aparatı, tutumu 200 ton olan 70 ton olan 2 ədəd anbar mövcuddur.

Eyni zamanda, müasir standartlara cavab verən ofis binası işçilərin ixtiyarına verilmişdir. Müsahibim bildirdi ki, ötən təsərrüfat ilində 100 ton yüksəkkeyfiyyətli, rəqabətədavamlı quru tütün istehsal olunaraq əsasən xarici ölkələrə ixrac olunmuşdur ki, bu da respublikamıza valyuta axınına zəmin yaratmışdır. A.Qurbanov bir məsələni vurğuladı ki, ötən illərdə tütün şitilləri başqa rayondan gətirilirdi. Bəzən şitillərin çatdırılması gecikirdi, belə olan halda vaxtlı-vaxtında əkin aparmaq olmurdu. Digər tərəfdən isə vaxt itkisi, yol xərcləri s. müəssisəyə maddi ziyan vururdu.

Cari ildə təxminən 200 hektarlıq yüksəkkeyfiyyətli tütün şitili MMC- məxsus ərazidə əkilmiş, yüksək aqrotexniki qulluq göstərilmiş, hazırda sahələrə şitillərin köçürülməsi əməliyyatı sürətlə davam etdirilir.

Havalar əlverişli keçərsə, may ayının sonunadək şitil basdırılması sona çatacaqdır. Bundan sonra tütün plantasiyalarına yüksək aqrotexniki qulluq göstərilməklə becərmə işləri aparılacaqdır.

Müsahibim qeyd etdi ki, aqrar sektorun bütün sahələrində olduğu kimi, tütünçülüyün inkişaf etdirilməsi üçün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın qəbul edilməsi ilə bağlı 10 avqust 2017-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələlərin icrası kimi respublikanın bir neçə bölgəsində "Tovuz Aqro Sənaye" MMC- tütünqurutma müəssisəsi yaradılmışdır ki, bu da regionda tütünçülüklə məşğul olanlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, əvvəllər toplanmış yaş tütün qurudulmaq üçün digər rayonlara aparılırdı. Bu isə həm vaxt itkisinə səbəb olur, eyni zamanda əlavə xərc demək idi. Hazırda bu kimi problemlər sona çatmışdır.

Müsahibim bir məsələni xüsusi vurğuladı ki, tütün plantasiyalarının suvarılması Kür çayından nasoslar vasitəsilə götürülmüş su ilə ödənilir. Suvarmanın keyfiyyətli aparılması, ən başlıcası isə suya qənaət etmək, eləcə su itkisinin qarşısını almaq üçün mütərəqqi metoddan - çiləmə üsulundan istifadə olunur.

Bu təsərrüfat ilində 200 hektar sahədə tütün əkilib becəriləcəkdir. Məntəqə müdiri tam əminliklə bildirdi ki, cari ildə ötən ildəkindən bir qədər artıq tütün məhsulu əldə olunacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".