Torpaq onun qədrini bilənlərə həmdəm olur
Region

Torpaq onun qədrini bilənlərə həmdəm olur

Dünyanın insan yaşayan ən gözəl məkanlarından olan Qarabağ artıq iki ildən çoxdur ki, erməni işğalından azad olunub. Vətən müharibəsinin qurtardığı elan olunan vaxtdan iki il keçsə də, bayram əhvali-ruhiyyəsi, böyük Qələbənin bəxş etdiyi sevinc duyğuları hələ də ürəklərə hakim kəsilib və bundan sonra da uzun illər boyu bizləri tərk etməyəcək. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm sərkərdəlik bacarığı, şanlı Ordumuzun dünyanı heyrətə salan döyüş qabiliyyəti cəmisi 44 gün ərzində erməni qəsbkarlarını son dərəcə ağır məğlubiyyətə uğratdı. Xalqımızın əzmi-əzəməti, dağ vüqarı özünə qayıtdı, soy- kökümüzdən miras qalan əyilməzlik, məğlubedilməzlik məharətimiz bizi sevənlər, haqq işimizə rəvac verənlər tərəfindən təqdir olundu, alqışlarla qarşılandı. Saatlı rayonundakı “Agro-Az” MMC-nin təsisçisi, sahibkar Vahid Hüseynovla işğaldan azad edilmiş Qarabağın bugünkü həyatından söhbət edirik:

-Müharibə sona çatdı, lakin erməni vandalizmi hələ də gözlərimizin qarşısındadır. Uzaq keçmiş deyil, Ali Baş Komandanın diplomatik məharəti  sayəsində qansız-qadasız boşaldılmalı olan rayonlarda meşələr yandırıldı, ağaclar kəsilib Ermənistana daşındı, ekologiyaya qəsd edildi. 30 il işğal altında saxlanan Qarabağ torpaqlarına tamaşa edəndə kənd təsərrüfatına, aqrar sahəyə yaxşı bələd olan bir mütəxəssis kimi qəlbən təəssüf hissi keçirirəm. İşğaldan əvvəl axar-baxarlı Qarabağ torpaqları Azərbaycanın ən məhsuldar, ən bərəkətli, ən verimli torpaqları olub. İllər uzunu bu yerlərin kənd adamları öz ərazilərində üzümçülüyü, pambıqçılığı, heyvandarlığı inkişaf etdiriblər. Bağ-bağatlardan toplanan meyvələr öz dadı-tamı ilə fərqlənib. Arazboyu əkin sahələrində becərilən buğda, arpa, qarğıdalı, digər məhsullar sakinlərə var-dövlət bəxş edib, onların firavan həyatına stimul yaradıb. Bəs işğala məruz qalan Qarabağ torpaqlarında hansı mənzərənin şahidi olduq? Əkin-biçin üzünə həsrət qalan torpaqlar kol-kos içində xarabazarlığa çevrilib. Bura insan ayağı dəyməyib. Bunun əsas səbəbi odur ki, erməni işğalçılarının xislətində zəhmətsevərlik, yaratmaq, qurmaq həvəsi yoxdur, heç vaxt da olmayacaq. Şumlanıb-əkilməyə həsrət qalan torpaqlar nəhayət, öz sahiblərinə qismət olub. Biz tezliklə Qarabağ torpaqlarını cənnətə çevirəcək, bu yerlərin əzəli firavanlığını özünə qaytaracağıq. Çünki qurub-yaratmaq eşqi bizim canımızda-qanımızdadır.

Vahid müəllim davam edir:

 -Artıq genişmiqyaslı tikinti-quruculuq  işlərinə başlamışıq. Qarabağdan hər gün bir-birindən gözəl xoş sədalar gəlir. Cəbrayıl və Füzulidə məktəb, xəstəxana binaları tikilir, abad, dünya standartlarına tam cavab verən yol infrastrukturu yaradılır, Laçın şəhərində abadlıq işləri görülür və sair. Sözümün bu yerində öz həyatımdan misallar çəkmək istəyirəm. Kənd təsərrüfatında çalışan mütəxəssis kimi, uzun illər ölkədə “ağ qızıl” istehsalının inkişafına əmək sərf etmişəm. Müəyyən dövrlərdə pambıqçılığa münasibət arxa plana keçəndə də bu dədə-baba peşəsinə diqqətin daima artırılmalı olduğunu vacib bilmişəm. Dövlət başçımız cənab İlham Əliyevin pambıqçılıq sahəsinin inkişafına göstərdiyi qayğı bizi daha da həvəsləndirib, pambıqçı həyatı əvvəlki axarına düşüb. Sakini olduğum Saatlı rayonunda “Agro-Az” adlı Məhdud Məsuliyyətli Cəmiyyət təsis etmişəm. “Agro-Az” ildən-ilə pambıq əkini sahələrinin həcmini genişləndirir. Təkcə Saatlının deyil, qonşu Sabirabad rayonunun fermerləri də müəssisəmizlə müqavilə bağlamaq arzusunda olurlar. Müəssisənin ən müasir avadanlıqlarla təchiz olunmuş mahlıc emalı zavodu var. Burada ilboyu 170 nəfər çalışır, normal əməkhaqqı alırlar. Əkin, becərmə və yığım işlərində fermerlər müəssisəmiz tərəfindən hər cür texnika, dərman preparatları, pul vəsaiti ilə təmin olunurlar. İstehsal etdiyimiz mahlıc heç bir çətinlik olmadan xarici bazarlara çıxarılır. Hər il nəzərdə tutduğumuz həcmdə məhsul əldə etmişik ki, bu da həm sahələrdən gözlədiyimiz məhsuldarlıq, həm də çəki etibarı ilə qaneedicidir. Əməyim dövlət tərəfindən yüksək qiymətləndirilib, dövlət başçımızın sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bütün bunları deməkdə məqsədim odur ki, torpaq onu sevənlərə, onun qədrini bilənlərə məxsusdur. Öz başbilənlərinin dediyi kimi, əlindən “çəkməçilikdən” başqa bir iş gəlməyən, bununla belə daima torpaq iddiasında olan erməniyə ərazi,  ancaq yandırılıb kül olmaqdan ötrü lazımdır. Köçhaköçdə Kəlbəcərdəki evini yandıran erməni elə belə də deyirdi: “Evimi yandırıram ki, türklər (yəni azərbaycanlar) gəlib külün üstündə özləri üçün ev tiksinlər”.

Əlbəttə, ömür boyu səhv yolda olan erməni yenə də yanılır. Biz külün üstündə də cənnət yaradan, imarətlər yapan millətik. İşğaldan azad olunan torpaqlarımız indi adamın üzünə gülür. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa səfərlərini sonsuz qürur hissi ilə seyr edirik. Möhtərəm Ali Baş Komandan dəfələrlə xarabazarlığa çevrilmiş yurd yerlərinə üz tutub bəyan edir: “Biz bu yerləri təzədən dirçəldəcək, bu yerlərə yeni həyat bəxş edəcəyik”. Ölkə Prezidenti və Birinci vitse-prezident Xudafərində Araz çayının sahilinə enib əllərini saf su ilə yudular. Bunun rəmzi mənası var: mənfur erməni qəsbkarlarının işğalı altında qalan doğma Qarabağın müzəffər Ordumuz tərəfindən azadlığa çıxmış hər qarışı Arazın saf suyu kimi müqəddəsdir,  bu torpaq zəhmətimizlə, ağıl və iradəmizlə yuyulub təmizə çıxarılacaq... Münbit torpaqlarımız laləzara çevriləcək. Torpaq onun qədrini bilənlərə həmdəm olur. Ölkə iqtisadiyyatı Qarabağ torpaqlarından əldə olunan gəlirlər hesabına daha da möhkəmlənəcək.

                           Tofiq HÜSEYN,

                           “Respublika”.