TİBB MÜƏSSİSƏLƏRİ ƏSASLI TƏMİR OLUNUR
Səhiyyə

TİBB MÜƏSSİSƏLƏRİ ƏSASLI TƏMİR OLUNUR

Respublikamızda əhalinin sağlamlığının qorunması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Uyğunsuz, istismara yararsız binaların yerində yeni, müasir standartlara cavab verən bütün zəruri avadanlıqlarla təchiz olunan səhiyyə ocaqları inşa edilir və ya əsaslı təmir olunaraq istifadəyə verilir.

İcbari tibbi sığortanın tətbiqi xalqın məmnunluğuna səbəb olmuşdur. Respublikanın Qərb qapısı Qazaxda da bütün sahələrlə yanaşı, insanlara nümunəvi tibbi xidmətin göstərilməsi daim diqqətdə saxlanılır. Ölkədə səhiyyə sistemində aparılan layihələr Qazax rayonunu da əhatə edir.

Hazırda rayonda müasir standartlara tam cavab verən Mərkəzi Rayon Xəstəxanası fəaliyyət göstərir. Bununla yanaşı, kəndlərdə də tibb müəssisələrinin əsaslı təmiri davam etdirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi rayonun daha iki - Qaymaqlı və Aslanbəyli kəndlərində həkim məntəqələrinin əsaslı şəkildə təmir olunmasını həyata keçirir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı və Aslanbəyli kəndlərində olub, əsaslı şəkildə təmir olunan həkim məntəqələrinə baxış keçirib.

Həkim məntəqələrinin əməkdaşları səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara olan dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".