Tərtərdə şəhid Nicat İsgəndərovun ailəsi ziyarət olunub
Region

Tərtərdə şəhid Nicat İsgəndərovun ailəsi ziyarət olunub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Rayon Şöbəsinin rəisi Elşən Abdullayev və Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birlikdə  2016-cı ilin Aprel hadisələrinin 7-ci ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.  

Görüşdə şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi şərəfli döyüş yoluna bir daha nəzər salınıb. Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu.

Qeyd edək ki, Nicat İsgəndərov ölümündən sonra Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4 “V” sinif otağına verilib.

Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.