Təməli qoyulan körpü Azərbaycan və İrana çox böyük gəlirlər gətirə bilər
Digər xəbərlər

Təməli qoyulan körpü Azərbaycan və İrana çox böyük gəlirlər gətirə bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib. Dövlətimizin başçısı Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edib.

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb: "İran hökuməti ilə Azərbaycan arasında körpü tikilməsi ilə bağlı razılaşma xeyli əvvəl əldə edilmişdi. Dövlət rəsmiləri arasında bu barədə memorandum imzalanmışdı, həmin memorandumun tələblərindən irəli gələn növbəti addım atıldı və təməlqoyma mərasimi keçirildi. Bəzi siyasətçilər düşünürdülər ki, Zəngəzur dəhlizi açılandan sonra İran üzərindən Naxçıvana hərəkətə ehtiyac qalmayacaq. Elə İran hökuməti də bu cür düşünürdü. Amma zaman göstərdi ki, Zəngəzur dəhlizi açılsa da İran üzərindən hərəkət vacibdir. Ona görə də bu nəqliyyat infrastrukturunun təməli qoyuldu və burada tikinti işlərinə başlanılacaq.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən avtomobil yolu, dəmir yolu işə düşəcək. Digər tərəfdən, Azərbaycanın İran vasitəsilə Naxçıvana, Naxçıvandan isə Türkiyəyə daha qısa quru yolla əlaqəsi yaranacaq. İran hökuməti bu körpü vasitəsilə Avropa ilə əlaqələrini təmin edəcək. Zəngəzur dəhlizi açıldıqda da İran üzərindən hərəkət öz aktuallığını itirməyəcək. Bu həm İran, həm Azərbaycan, həm Türkiyə, həm  də Avropa ölkələri üçün çox önəmli bir nəqliyyat dəhlizi olacaqdır. Yeni layihəyə genişzolaqlı, gömrük məntəqəsi, altı giriş və altı çıxışa malik böyük bir infrastruktur olacaq. Avropa ölkələri  bu nəqliyyat dəhlizi açıldıqdan sonra daha qısa yolla, Azərbaycan üzərindən Orta Asiyaya, Çinə qədər yüklərin daşınması imkanı əldə edəcək. Strasburqdan Şanxaya qədər nəqliyyat dəhlizinin bu körpü üzərindən açılışı mümkündür. Hazırda isə dəhliz Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirəcək. Bu dəhlizin perspektivləri gələcəkdə çox böyük olacaq. Təməli qoyulan körpü Azərbaycana və İrana çox böyük gəlirlər gətirə bilər".