Cümhuriyyətin möhtəşəm 100-cü ildönümü
Türk dünyası

Cümhuriyyətin möhtəşəm 100-cü ildönümü

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ölkənin 81 vilayətində möhtəşəm tədbirlərlə qeyd edilib. Ölkənin hər yerində bir-birindən rəngarəng tədbirlər təşkil olunub və Cümhuriyyət şövqü Türkiyə səmasını al-əlvan rənglərə boyayıb. Əsasən paytaxt Ankara və İstanbul Cümhuriyyət Günündə möhtəşəm proqramlara evsahibliyi edib.

Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə ölkənin dövlət rəsmiləri Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən ziyarətdə dövlət və hökumət nümayəndələri, siyasi partiya rəhbərləri iştirak ediblər. Tədbirdə dövlət himni səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub, türk xalqının xilaskar oğlunun əziz xatirəsinə ehtiram ifadə edilib.

Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin 100 illik yubileyini qürurla qeyd etdiklərini deyib. Türkiyənin səlahiyyətli və etibarlı əllərdə olduğunu vurğulayan Prezident Ərdoğan "Hər anı vətənimizə və millətimizə xidmətlə keçən 21 illik hakimiyyətimiz dövründə əmanətinizi layiqincə qorumağa çalışdıq. Türkiyəni tarixinin ən böyük sərmayələri ilə birləşdirən bir idarəetmə sistemi olaraq, cümhuriyyətimizin ikinci əsrini "Türkiyə əsri" olaraq taclandırmaqda qərarlıyıq", - deyə bildirib.

 Əlamətdar gün münasibətilə Türkiyə Prezidenti Administrasiyasının binasında təşkil olunan "Cümhuriyyətin 100-cü ildönümündə 100 nəhəng yağlı boya əsəri" nümayiş olunub. Sərgini ziyarət edən ölkə başçısı Rəcəb Tayyib Ərdoğan təbrikləri burada qəbul edib.

Türkiyə Böyük Millət Məclisinin binası qarşısında başlayan "Cümhuriyyətimizin 100-cü İli" paradında 16 türk dövlətini təmsil edən bayraqlar nümayiş olunub.

Ankarada keçirilən rəsmi bayram tədbirləri, hərbi keçid və Mehtərən Qrupu, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin hərbi orkestrlərinin birgə ifasında "İstiqlal", eləcə də digər marşlardan ibarət konsert proqramı ilə davam edib. Bayram tədbirləri çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin "SOLO türk" akrobatik aviasiya komandası Anıtqəbir üzərində nümunəvi uçuşlar edib.

 "Baykar" şirkətinin istehsalı olan doqquz "AKINCI" pilotsuz uçuş aparatı (TİHA) və "KIZILELMA" pilotsuz hərbi təyyarə ölkə səmalarında uçuş edərək türk bayrağını çəkib.

Cümhuriyyətin qurulmasının 100-cü ildönümü münasibətilə İstanbulda işıq, atəşfəşanlıq və dron şouları keçirilib. 2023 pilotsuz uçuş aparatları ilə Cümhuriyyətin 100-cü ildönümü üçün xüsusi vizualların sərgiləndiyi tədbir, işıq şouları ilə yaddaşlara həkk olunub. Dron şousunda dünya qlobusu, Türkiyə xəritəsi və Türkiyə bayrağı yaradılıb. Bir türk əsgərinin at üzərində təsvir olunduğu şouda "Türkiyə Yüzyılı" və "100. Yıl" tipoqrafiyası çəkilib.

25 dəqiqəlik şou İstanbulun müxtəlif yerlərində qurulan baxış meydançalarında maraqla izlənilib. Baxış nöqtələri ilə yanaşı, İstanbul boğazının hər iki tərəfində toplaşanlar nümayişi əllərində türk bayraqları və alqışlarla müşayiət ediblər.

Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) ölkə tarixinin ən böyük paradını keçirib."Yüzüncü ildə yüz gəmi" şüarı altında keçirilən paradı, Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu ölkənin ən böyük "TCG Anadolu" amfibiya gəmisindən idarə edib. Parad əsnasında Türkiyənin Hərbi Hava Qüvvələrinə aid təyyarələr İstanbul boğazı üzərində uçuşlar həyata keçirib. Nümayişdə "Solo Türk" və "Türk ulduzları" qrupuna daxil olan aviasiya vasitələri, eləcə də "F-16" və "F-4E" qırıcıları daxil olmaqla 20 təyyarə iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dövlət və hökumət rəsmiləri nümayişləri izləyiblər.

Onu da qeyd edək ki, Ərdoğan Cümhuriyyətin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına videomüraciət ünvanlayıb.

O, ölkəsində və dünyanın dörd bir yanında yaşayan vətəndaşları Cümhuriyyət bayramı münasibətilə təbrik edib: "Bizimlə bu sevinci paylaşan dostlarımıza təşəkkür edirik. 100 ildir vətən torpaqlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü hörmətlə anıram. Köklü tariximizdən aldığımız ilhamla Cümhuriyyətimizi daha da inkişaf etdirmək ən önəmli vəzifəmizdir". Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, bu baxımdan son 20 ildə Türkiyəni müasir mədəniyyətin ən üst səviyyəsinə çıxarmaq üçün bütün sahələrdə islahatlar həyata keçirilib: "Dövlət və millət arasındakı divarı qaldırdıq. Bundan sonra ölkəmizin geosiyasi baxımdan daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq, biz güclü Türkiyə üçün çalışmağa davam edəcəyik".

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.