Taxıl yığımına 2 min kombayn cəlb olunacaq
İQTİSADİYYAT

Taxıl yığımına 2 min kombayn cəlb olunacaq

Artıq 24 rayonda arpa biçini davam edir

Əvvəlki yazılarımızda xəbər verdiyimiz kimi, Mərkəzi Aran bölgəsində bəzi fermerlər artıq arpa biçininə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, respublikada taxıl biçininə hazırlıq işləri tamamilə başa çatıb. Bu il ölkə ərazisində 1 milyon 58,4 min hektar sahədə taxıl əkilib ki, bunun 658,4 min hektarı buğda, 400 min hektardan bir qədər artığı isə arpa sahəsidir.

Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf Mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında itkisiz yığılması üçün Nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişatı gündəlik olaraq nəzarətdə saxlanılır operativ zəruri tədbirlər həyata keçirilir.

"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib. Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Həmçinin, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib.

Bu il taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunlardan 670 ədədi "Aqroservis" ASC-nin balansında olan kombaynlardır. Hazırda respublikanın 24 rayonunda arpa biçini davam edir.

 Nəriman CAVADOV,

 "Respublika".