Tarixi ədalət bərpa olunacaq
Digər xəbərlər

Tarixi ədalət bərpa olunacaq

Xalqımız ötən yüzillikdə dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalmış, tarixi dədə-baba yurdlarından zorla  köçürülmüş, didərgin salınmışdır. XX əsrin əvvəllərində baş verən proseslər nəticəsində isə əzəli torpağımızda Ermənistan dövləti yaradılmışdır. Qərbi Azərbaycandan olan soydaşlarımızın ürəyindəki yurd sevgisi günü-gündən alovlanır. Onlar uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Əminik ki, cənab Prezidentimizin yürütdüyü uğurlu siyasət nəticəsində haqq-ədalət öz yerini tapacaqdır.

Ötən əsrdə baş verənlər, ermənilərin Qərbi Azərbaycandakı həmyerlilərimizə qarşı etdiyi haqsızlıqlar dünya ictimaiyyətinə çatdırılır. Hazırda bu yöndə Qərbi Azərbaycan İcması da mühüm işlər görür. Beynəlxalq hüquqşünasların bu işə cəlb olunması isə qayıdış istəyimizi və hüququmuzu reallaşdırmaqda bizə dəstək olacaq. Bütün bunlar məsələnin beynəlxalq müstəvidə həlli üçün mühüm addımlardır.

Ermənistan tərəfi daim ölkəmizə qarşı əsassız iddialarla gündəmə gəlmişdir. Əslində, mənfur düşmənin belə iddiaları o qədər də təəccüblü deyil. Öz keçmişi olmayan, ancaq başqalarından oğurlamaqla özünə "tarix" formalaşdıran bu ölkənin gözü əzəli yurd yerlərimizdədir. Amma bütün bunlar əbəsdir. Ölkə başçımız İlham Əliyevin də dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox sənədlər, xəritələr və qədim tariximiz təsdiqləyir.

Dövlətimizin milli maraqlara xidmət edən uğurlu siyasətinin əsasında isə Azərbaycan xalqının mənafeyi dayanır.  Ölkə başçımız müsahibələrində, istərsə də beynəlxalq tədbirlərdə iştirakı zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Doğrudur, 1918-ci ildə hələ yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimiz olan İrəvanı Ermənistana bağışlamışdır. Bu hadisədən iki il sonra sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzur da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilmişdir. Xalqımızın 1948-1953-cü illərdə məruz qaldığı deportasiyanı da unutmaq mümkün deyil. Bu zaman istər sovet hökuməti, istərsə də ermənilər Qərbi azərbaycanlılara qarşı böyük cinayət törətmişlər. 1980-ci illərin sonlarında həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları yenidən hərəkətə keçmişlər. Nəticədə, sovet hökuməti yenə alçaq düşmənə dəstək göstərmiş, xalqımız əzəli torpaqlarından deportasiya olunmuşdur. Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti də tarixi ədalətin bərpa olunması yönündə atılan mühüm addımlardan hesab olunur. Belə ki, həmin müraciəti bu il yanvarın 17-də Birləşmiş Millətlər Təşkilatının katibliyi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır. Müraciət, həmçinin sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması və s. bəndlər ilə əlaqələndirilmişdir. BMT-yə edilən müraciət Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Bundan başqa, müraciət azərbaycanlıların öz doğma yurdlarına qaytarılmasının və təməl insan hüquqlarının qorunmasının beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasının  zəruriliyini bir daha təsdiqləmişdir. Bu sahədə atılan addımlar sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərin artırılmasına mühüm töhfə olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".