Şuşanın azad edilməsi
Siyasət

Şuşanın azad edilməsi

ƏN PARLAQ VƏ MÜHÜM QƏLƏBƏ

Bu, 44 günlük Vətən müharibəsinin taleyini həll etmiş möhtəşəm əməliyyat idi

Şuşa Qarabağ ərazisində strateji və coğrafi mövqe baxımından ən önəmli yaşayış məntəqəsidir. Bu tarixi şəhərin önəmi onun XX əsrdə üç dəfə, XXI əsrdə isə bir dəfə müharibə səhnəsinə çevrilməsinə səbəb olmuşdu. Sovet dövründə olduğu kimi, çar Rusiyası dövründə də Qarabağın dağlıq hissəsində azərbaycanlıların sayca ən çox olduğu yaşayış məntəqəsi Şuşa idi. Şəhərin əsasını Qarabağ xanı Pənahəli xan qoymuş və bir müddət şəhər onun şərəfinə Pənahabad adlandırılmışdı.

Ən yeni tarixə nəzər saldıqda xüsusilə qeyd etmək lazımdır ki, 1979-cu ildə Şuşada şəhər əhalisinin 85,5 faizini, 1989-cu ildə isə 98 faizini azərbaycanlılar təşkil edirdi. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Şuşaya son yüzilliyin ən ağır zərbəsini vurmuş oldu. O vaxtkı iqtidarın səriştəsizliyi, satqınlığı və müxtəlif qruplaşmalar arasında baş verən hakimiyyət davası nəticəsində Şuşa 1992-ci ildə erməni silahlıları tərəfindən işğal edildi. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyətinə çox pis təsir etmişdi. Azərbaycanlılar şəhəri bu regiondan çıxan mədəni və siyasi xadimlərin çoxluğu, eyni zamanda strateji əhəmiyyəti baxımından əsas mədəni mərkəz kimi görürdü. Bu səbəbdən, 1994-2020-ci illərdə Ermənistanla Azərbaycan arasında baş verən bütün danışıqlarda dövlətimiz hər zaman Şuşaya yerli əhalinin geri dönməsi məsələsini əsas şərt kimi irəli sürürdü.

Lakin 2019-cu ildən etibarən Ermənistan siyasi dairələrində Qarabağla bağlı maksimalist siyasət Azərbaycan və Ermənistan arasında mümkün sülhün üzərindən xətt çəkdi. Xüsusən Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ilin mayında Şuşadakı nümayişkaranə rəqsi ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların heysiyyətini təhqir etməyə yönəlmişdi. Eyni zamanda, qondarma rejimin paytaxtının 2021-ci ildə məhz Şuşaya köçürülməsi barədə təklif verilmişdi. İkinci Qarabağ müharibəsinin başlanmasından 8 gün əvvəl isə bədnam "DQR"nın paytaxtının 2022-ci ildə Şuşaya köçürüləcəyi barədə qərar qəbul edilmişdi.

27 sentyabrda başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun ən əsas hədəfi Şuşanı ələ keçirmək idi. Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin sualına verdiyi cavabdan müəyyənləşdirmək mümkündür: "İstiqamət hər tərəfdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Azərbaycan bölmələri ilə erməni ordusu arasında noyabrın 1-də Daşaltı uğrunda amansız döyüş başladı. Cinahlardan hücuma keçən Azərbaycan bölmələri 2 gün davam edən döyüş zamanı Daşaltını mühasirəyə almağı bacardı. Lakin Şuşada artilleriya ilə dəstəklənən erməni ordusu mühasirəni yararaq dəstələrinin bir qismini Daşaltıdan çıxara bildi. Sığnaq istiqamətindən əlavə qoşunların cəlb edilməsi ilə təzyiqə davam gətirməyən erməni ordusu noyabrın 4-də Daşaltıdan çıxdı. Laçın istiqamətindən şimala doğru hərəkət edən Azərbaycan bölmələri 3 gün ərzində Böyük Kirs dağını keçərək Laçın-Şuşa yolunu Turşsu-Daşaltı istiqamətində yerləşən hissəsində kəsə bildi. Beləliklə, noyabrın 4-də Ermənistanı Qarabağa bağlayan əsas yol Azərbaycan Ordusunun nəzarətinə keçdi. Həmin gün Şuşanın cənubundakı dağları ələ keçirən Azərbaycan bölmələri noyabrın 5-nə keçən gecə Şuşanın ətrafında manevr etməyə başladı. Noyabrın 5-də artıq Azərbaycan bölmələri Şuşanın cənubundakı yüksəkliklərə qalxmağa başladılar. Axşam saatlarında isə xüsusi təyinatlılarımız əsas yola çıxaraq Şuşanın müdafiəsinə kömək etməyə çalışan əlavə erməni hərbi qüvvələrinin qarşısını kəsdi. Bu, demək olar ki, erməni işğalçılarının heç bir hərbi yardımının Şuşaya çatmayacağı anlamına gəlirdi. Beləliklə, noyabrın 5-də şəhər üç əsas istiqamətdən əhatəyə alındı. Azərbaycan əsgərləri Daşaltı istiqamətindəki Şuşaya gedən əsas yola birbaşa çıxışı təmin etdilər. Eyni zamanda, Xankəndidən Şuşaya kömək gəlməməsi üçün silahlı qüvvələrimiz əməliyyata başladılar. Şuşanı 2000-ə yaxın erməni ordusu müdafiə edirdi. Onların əsas hissəsi isə Xankəndidən Şuşaya gedən yolda mövqe tutmuşdu və Azərbaycan bölmələrinin əsas zərbəsini burada gözləyirdilər. Azərbaycan hərbi rəhbərliyi isə şəhəri əsas yoldan yox, sıldırım olan hissədən almağı planlamışdı. Sıldırım hissələrdə erməni ordusu az qüvvə saxlamışdı və buradan hücumun olacağını gözləmirdi.

Azərbaycan xüsusi təyinatlıları dəstələrə ayrılaraq noyabrın 6-da Şuşanın qərb istiqamətində bir neçə yerdən şəhərə daxil olmağa başladılar. Erməni qüvvələrinin ən çox olduğu Şuşa-Xankəndi istiqamətindəki dəstələrin Şuşada yerləşən ermənilərə köməyinin qarşısını almaq üçün quru qoşunları şəhərin ətrafı boyunca həm şərq, həm də qərb istiqamətindən şimala doğru eyni anda hücuma keçdi. Şəhərə qalxan birinci qrup zirvəyə bir neçə metr qalmış döyüşə girdi. Birinci dəstədən sonra bir-birinin ardınca digər dəstələr də Şuşanın qərb istiqamətindən şəhərə qalxmağa başladı. Hətta yaralı halda üzərlərinə hücum edən əsgərlərdən qorxan erməni dəstələri arasında sözün əsl mənasında panika yarandı.

Bu barədə Xankəndidə olan "Le Monde" qəzetinin jurnalistləri yazırdılar: "Azərbaycan Ordusu əsas hədəfi olan Şuşaya gəlib çatdı. Şuşanı müdafiə edən erməni bölmələri pərən-pərən salınıb. Təcili tibbi yardım maşınları bir-birinin ardınca onlarla yaralı əsgəri Xankəndi xəstəxanasına gətirir. Digər əsgərlər isə ümidsiz şəkildə Şuşadan Xankəndiyə gəlib və onların geri dönüb döyüşəcəyi bilinmir. Bu, döyüşlərin həlledici anına bənzəyir. 6 noyabrdan etibarən döyüş Azərbaycan qüvvələrinin xeyrinə dəyişməyə başlayıb".

6 noyabr axşam saatlarında xüsusi təyinatlılar Şuşa şəhərinin qərb istiqamətində erməni silahlı qüvvələrinin müqavimətini qıraraq şəhərə daxil oldular. Beləliklə, noyabrın 7-də gecə Azərbaycan xüsusi təyinatlıları Şuşanın böyük bir hissəsini öz nəzarətinə keçirməyi bacardı.

Noyabrın 8-də erməni ordusu tanklarla vəziyyəti dəyişməyə çalışsa da, heç nəyə nail ola bilmədi. Günorta saatlarında Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın azad edilməsi xəbərini verdi.

Beləliklə, 28 illik işğala son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Azərbaycanın tarixi şəhərinin işğaldan azad olunması ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində şanlı və möhtəşəm Zəfər demək idi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq" ifadəsi Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin Fəxri xiyabanda məzarı önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dərin dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətin olması və bunun layiqincə yerinə yetirilməsi yalnız böyük dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər. 1992-ci il 8 mayda satqınlıq nəticəsində itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı. Cənab Prezident xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə - Dövlət Bayrağı Günü ərəfəsində verdi. Artıq iki ildən çoxdur ki, Azərbaycan bayrağı Şuşada dalğalanır və bu, əbədi belə olacaq!

1993-cü ildən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə möhtəşəm Zəfərimizin təməlini qoydu. 2003-cü ildən sonrakı mərhələdə isə Prezident cənab İlham Əliyevin məharətli diplomatiyası Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Emin QASIMOV,

"Respublika".