SU DƏYİRMANLARINDAN İSTİFADƏ SƏMƏRƏLİDİR
Region

SU DƏYİRMANLARINDAN İSTİFADƏ SƏMƏRƏLİDİR

Qədim zamanlarda insanlar buğdadan un üyütmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Yel dəyirmanları və bolsulu çayların üzərində qurulmuş su dəyirmanlarının yaranması keçmiş zamanlara təsadüf edir. Artıq yel dəyirmanları tamamilə, su dəyirmanlarının isə bir hissəsi ömrünü başa vursa da, Bərdə rayonunun Kələntərli kəndində hazırda su dəyirmanı gecə-gündüz işləməkdədir.

Bu dəyirmanı yaxından görmək üçün adıçəkilən ünvana yollandıq. Dəyirman sahibi İsmayıl Əliyev bizi çox yüksək qonaqpərvərliklə qarşıladı. O, əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Uşaqlıq illəri qədim Oğuz yurdu Qərbi Azərbaycanda keçmişdir. Sonralar ailəsi ilə birlikdə Şərur rayonuna, oradan isə Bərdəyə köçmüşdür.

Söhbət zamanı o, ata-baba torpaqlarından danışaraq erməniləri lənətlədi və tezliklə bizə məxsus olan cənnəti xatırladan o yerlərə qayıdacağına inandığını bildirdi. Qərbi Azərbaycanda yaşamış əmiləri və digər yaxın qohumları isə 1948-ci ildə mənfur ermənilərin təzyiqi ilə öz ata-baba torpaqlarından deportasiya olunmuşlar. Hələ Qərbi Azərbaycanda yaşayarkən İsmayıl Arpa çayının üzərində fəaliyyət göstərən su dəyirmanlarına böyük maraq göstərmişdir. O, uzun müddət ustalıq etmişdir. Elə dəyirmanı da mərhum atasından xeyir-dua alaraq 90-cı illərdə özü qurmuşdur. Müsahibim dəyirmanı yaratmağın səbəbini belə izah etdi ki, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə sutkalarla enerji verilişində fasilələr yaranırdı.

Elektrik enerjisi ilə işləyən un dəyirmanları bu səbəbdən fəaliyyətini dayandırmalı olurdu. İnsanlar un üyütməkdə çətinliklərlə üzləşirdilər. Belə bir vaxtda yeganə çıxış yolu mexaniki üsulla işləyən, enerjidən asılı olmayan su dəyirmanı yaratmaq idi. Təxminən 1995-1996-cı illərə qədər dəyirman bütün gücü ilə işləyə bilmirdi. Səbəb qurulan dəyirmanda bəzi çatışmazlıqların mövcud olması idi. Bəzi dəyişikliklər aparılaraq dəyirman daha da təkmilləşdirildi.

İşə düşdüyü ilk zamanlarda dəyirmanı işə salan çarxa su arx vasitəsilə aşağı tərəfdən tökülürdü ki, bu da gözlənilən effekti vermirdi. Digər bir səbəb isə çarxın balaca olması idi. Sonralar diametri 3 metr 60 santimetrdən 5 metrə çatdırıldı. Eyni zamanda qurğular dəyişdirilmiş, suyun çarxın üzərinə yuxarıdan tökülməsi təmin olunmuş, beləliklə, istənilən nəticə əldə olunmuşdur. Bununla yanaşı, ZİL avtomobilinin sürətlər qutusu, ötürücüsü, arxa körpüsü və başqa detallardan istifadə olunmuşdur.  Belə olan halda dəyirman daşının fırlanma sürəti bir qədər artır. Beləliklə, istehsal gücü artır.

Əsasən yaxınlıqda, yerdən özü qaynayan sudan istifadə olunur. Bəzən havaların quraq keçdiyi halda su azalsa da, alternativ mənbələrdən istifadə olunur. Su dəyirmanında sutka ərzində 100-120 kiloqram un üyütmək mümkündür. Bir kiloqram buğda 5 dəqiqəyə üyüdülür. Çarx bir dəqiqədə 20 dəfə fırlanır.

Qeyd etmək lazımdır ki, təkcə Bərdə camaatı deyil, ətraf rayonların sakinləri də dəyirmandan istifadə edirlər. Dəyirmançı bildirdi ki, üyüdüləcək buğda tər-təmiz olmalıdır. Bu baxımdan, çox vaxt o, özü buğda alaraq üyüdür. Buğdası olmayan və uzaqdan gələn adamlara un satışı həyata keçirilir.

Su dəyirmanında üyüdülən kəpəkli, qara un çox dadlı olur və bu undan bişirilən çörək şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlərə hədsiz müsbət təsir göstərir.

Dəyirmana gələn hər kəs əli dolu qayıdır. İmkansızlara təmənnasız olaraq un verilir. Təqdirəlayiq haldır ki, uşaqları dəyirmançının sənətini davam etdirməkdə maraqlıdırlar. Üzü nurlu, müqəddəs peşə sahibi İsmayıl Əliyevə işlərində uğurlar arzu edərək xudahafizləşdik.

Vəli VƏLİYEV,

«Respublika».