SÖZLƏ SİRDAŞ OLAN SONA ÇƏRKƏZ
Sosial həyat

SÖZLƏ SİRDAŞ OLAN SONA ÇƏRKƏZ

Həyatda mənim üçün əl ilə toxunulmayan, gözlə görünməyən, ruhdan ürəkdən süzülən, eyni zamanda ruhu ürəyi ifadə edən nəhayət, canının canı olanlara münasibətini sərgiləyən sözdü! Mənə görə söz canlı varlıqdı... Ən kamil həmsöhbətdi... Ən anlayışlı sirdaşdı... Ən həzin xatirədi... Ən etibarlı güvəncdi...

Söz həm adamı nəfəs alanda da tək buraxmayan dostdu! Bütün bunların işığında söz həm adamın dünyasıdı... ona him etməsən bütün günü susacaq - başqalarını narahat etməyəcək... yalnız sən söz duracaq üz-üzə... qalacaq baş-başa... Bax, elə həmin anda da qələm vərəqə tərəf boylanacaq... dil dodaqları tərpədəcək...

Hər kəsin həyatında özünəməxsus olan özəllik var... Bu özəllik bir sirr ömrü yaşayır... O zaman ki, sirr sözə hopur, sözə çevrilir söz yazıda yaxud səsdə doğulur, işıqlı dünyaya gəlir! Deməli, oxucunun, dinləyicinin önünə çıxır... görünür, duyulur... Eyni zamanda auditoriya qazanır... Bir az obrazlı desəm, həyata vəsiqə əldə edir...

Tələbəlik illərim uzaq bir xatirədi... Bu uzaq, həm məni haldan-hala salan xatirələrin hər yarpağı da öz növbəsində bir tumurcuqdu - söz tumurcuğu! Açıldıqca ətri xəyallandırır adamı. Xüsusən duyğusal ruh adamını. Axı bu adamlar özlərini ifadə etdikləri həmin o tumurcuq sözdə tapıblar... Ona tapınıblar... Mən tapındığım sözün dünyasında aydınları, dəyərliləri, doğma olanları, anlayışlıları dəyər verənləri daha çox yada salıram... Təzələyirəm təzələnirəm...

Qələmin vərəqlə anlaşdığı bu ana bir xatirə qonaq edib məni... O xatirənin şah damarı, indi həsəd apardığım sevgi idi! İnanın ki, Dövlət Universitetinin filologiya fakültəsində oxuyan tanış tələbə yoldaşlarımla hər söhbətimdə bir-biri üçün doğulmuş bu iki insanın ilahi tamlığına heyranlığımı mütləq söyləyirdim... mən birmənalı olaraq inanmışdım ki, Allah onları bir-biriləri üçün yaradıb. Yanaşı addımlayanda da, bir-biriləri ilə asta söhbət edəndə , hətta baxışları ilə nəyisə öz aralarında çözəndə mən bu tamlığa sadəcə Allahın qələminin qüdrətinin işi kimi yanaşırdım. Digər tərəfdən, onların öz tələbələri ilə münasibətlərində görüb izlədiyim, şahidi olduğum nüansların özündə bir özəllik var idi. Bu gün mən o sirrin ip ucunu tapa bilmirəm. Ola bilsin ki, bu da elə onların halal tamlığının bir işartısı, bir çaları idi. Çünki yazımın bu nöqtəsində adlarını çəkəcəyim həmin müəllimlər universitet həyatında özlərini tələbəyə sevdirə bilmişdilər. Onların adı da, davranışı da, dərsə münasibəti həm fərqli, həm sevgi dolu idi.

Yəqin ki, 80-ci illərin tələbələri, daha çox da filologiya fakültəsində oxuyanlar Çərkəz müəllimi, Sona xanımı yaxşı xatırlayırlar. Şəxsən mən o illərin tələbələri ilə görüşlərimdə öz müəllimlərimizdən söhbət açır mütləq Çərkəz müəllimi xatırlayırıq. Onun tələbəyə diqqətini, yanaşmasını, xeyirxahlığını xüsusi vurğulayırıq. Burada bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Tələbəlik illərimizdə bizim müəllimlərimizə, müəllimlərin biz tələbələrə münasibəti tamam fərqli idi. Görünür elə bu fərqin yaranmasında məhz Çərkəz müəllim kimi pedaqoqların, ziyalıların xidmətləri var imiş. Mən bunu övladlarımın, nəvələrimin təhsil aldığı illərdə daha yaxşı gördüm, hiss etdim. ...

Bu gün həyatın rəngi , mənası da, yaratdığı aura da tamam fərqlidir. qədər qaynayıb qarışmaq yaxud çəkilib bir kənarda dayanmaq istəyirsən alınmır. Sanki həyatın özünün mayası çirklənib. Ona görə halallıq da, sevgi , sayqı da adama yapışmır, adamı özünə çəkmir. Amma yazının əvvəlində vurğuladığım kimi, güvənəcəyimiz, həmsöhbət ola biləcəyimiz, sirdaşımız yalnız sözdü. Söz qalıb bizə. Mən həmin o sözün işığında qayıtdığım xatirələr dünyasında bir paralel gördüm. Bu paralel sözlə bağlıdı. Dəyərli oxucu yəqin ki, məlumatlıdır. Azərbaycan ədəbiyyatında Mikayıl Müşfiqin Dilbəri, Cəfər Cabbarlının Sonası... Çərkəzin Sonası öz həyat yoldaşları, öz könül sirdaşları, öz sevgiləri ilə ikinci dəfə qarşılaşıb bir-birilərini yenidən seviblər. Çünki onlar sözə söykəniblər. Dilbər Müşfiqdən yazıb, Sona Cəfərdən yazıb, Sona Çərkəzdən yazıb. Həmin yazılar işıq üzü gördükcə o sevgi yenidən başlayıb. O xatirələr ilk görüşdən üzü son ana qədər yol gəlib. Deməli, sevginin ikinci ömrü həyata vəsiqə alıb. Bu mənim nəyisə kəşf etməyim deyil. Bu, sadəcə olaraq, həmin xanımların öz çevrələrinə, öz oxucularına sevgilərini sevdiklərini gördükləri kimi, duyduqları kimi, yaşadıqları kimi təqdim etməkdir. Burada mənə görə Çərkəz müəllimi təqdim edən Sona xanım daha şanslıdı. Çünki o, Sona Çərkəz olub. Çərkəzdə yaşayan Sona, Sonada yaşayan Çərkəz yenidən bütövləşib. Bu bütövlüyü Sona Çərkəzə ərməğan edən Allah ilahi sözdür. Çünki Çərkəz müəllimin sağlığında Sona xanım sözə könül verməmişdi. Onun vaxtsız vəfatından sirrini sözə verdi, onun sirdaşı söz oldu.

Mən Sona Çərkəzin qələmindən çıxan yazıların demək olar ki, hamısını oxumuşam. Şeirlərini , məqalələrini , xatirələrini . Üstəlik özüm həmsöhbət olmuşam Sona xanımla. Bu söhbətlərdə, oxuduğum kitablarında Sona xanımla Çərkəz müəllimi bir yerdə görmüşəm. Hətta inanmışam ki, üz-üzə oturub söhbət etdiyim Sona xanımın sol tərəfində Çərkəz müəllim dayanıb bizi dinləyir, xanımının dediyini, necə dediyini, bir növ, o duruşla təsdiqləyir. Bunu bir sevgi anatomiyasının görüntüsü hesab etmişəm. Çünki Sona xanım nədən, kimdən danışır, söhbət edir-etsin, mövzunun hər iki sözündən biri Çərkəz müəllimlə bağlı olur. Gəzdikləri, gördükləri, etdikləri, əl tutduqları, yaşadıqları hər an bu gün onun üçün dipdiridi. Ona görə Sona Çərkəz imzası onların cütlüyünü hər mənada təsdiq edir. Ayrılmadıqlarını bir sübut kimi göstərir. Sevənlərinə, xatırlayanlarına.

Bəli, həyat insan üçün gəlimli-gedimlidi. Heç kim bu həyatın bir varlıq olaraq əbədi yaşam haqqını qazanmayıb. Təbii ki, söhbət cismən yaşamaqdan gedir. Amma elə şəxslər var ki, onlar yaşadıqları həyatda özlərinin sözü ilə, izi ilə, işi ilə, sevgisi ilə bitməz bir ömür qazanırlar. Bu bitməyən ömür ailənin, nəslin, doğmaların, el-obanın, dostların, itirdiklərinin, bir sözlə, təmasda olduğun hər kəsin yaddaşında bir işartı deməkdir. O işartı da həmişə közərir. Çünki onun mayasında sevgi var. Mənim inancıma görə həyatda ölümsüzlük yalnız sevgiyə məxsusdur. Əgər sevgi yaşayırsa, deməli, sevən yaşayır. Bu mənada Çərkəz müəllimlə Sona xanımın birgə həyatlarının davamı həm övladlarının, nəvələrinin, həm Sona Çərkəz imzasının halal sözündə ifadə olunur, yəni yaşayır. Düşünürəm ki, 1980-ci ildən tanıdığım bu günə qədər yaddaşımda xoş xatirəsi qalan Çərkəz müəllimin ruhu şaddır. Çünki o, yaşayır. Öz sevgisində, öz Sona Çərkəzində, sözə sığınan, sözlə sirdaş olan şair, publisist Sona Çərkəz sözündə.

P.S. İyunun 3-ü Çərkəz müəllimin dünyadan vaxtsız köç etdiyi gündür. Mən xatirələrin işığında bir Sona Çərkəzin stolumun üstündəki son kitablarından olan "Sözdür mənim sirdaşım..."ın səhifələrində onların sevgisinin əbədiliyinə bir daha inandım. Həmin inanc da məni bu kiçik yazını qələmə almağa sövq etdi.

Əbülfət MƏDƏTOĞLU.