Son təxribatlar 10 noyabr Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsini zəruri edir
Digər xəbərlər

Son təxribatlar 10 noyabr Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsini zəruri edir

"Dəmir yumruq" hərbi əməliyyatları sayəsində 30 il düşmən əsarətində olan ərazilər bir-birinin ardınca erməni işğalçılarından təmizləndi. Zəfər yürüşünün başlanmasından cəmi 44 gün sonra, noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Ermənistanın kapitulyasiyası olan bu sənəd Azərbaycana qələbəsini qanuniləşdirmək imkanı verdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması məsələlərini əhatə edən bu bəyanata tez-tez istinad edir.

Üçtərəfli Bəyanat Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması məsələsinə son nöqtəni qoydu. Rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olundu. Bəyanat həmçinin, Qarabağdan Ermənistana alternativ yolun çəkilməsini nəzərdə tutur ki, onun inşası üçtərəfli razılaşmanın həyata keçirilməsində irəliləyiş nümunəsi sayıla bilər. Bu yolun açılması ilə həm də etnik ermənilər Laçın şəhərini, Sus və Zabux kəndlərini də tərk etdilər - oraya Azərbaycan ordusu yerləşdi və bəzi dövlət strukturlarının şöbələri açıldı. Laçın dəhlizinə alternativ yol bölgənin rentabelliyini əhəmiyyətli dərəcədə artırdı. Bunun fonunda ölkəmizin tranzit imkanları da inkişaf etdi. Bu faktor isə həm qərbin, həm də şərqin Azərbaycana marağının yüksəlməsi deməkdir.

Bununla belə, bəzi maddələr hələ də yerinə yetirilməyib. Rəsmi Bakını narahat edən əsas məsələlərdən biri razılaşmanın 4-cü bəndində nəzərdə tutulan erməni silahlı birləşmələrinin hələ də bölgədən çıxarılmamasıdır. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Amma bəyanatın imzalanmasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistan öhdəlikləri yerinə yetirmir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin ötən il avqustun 3-də Laçın istiqamətində yerləşən bölmələrimizi atəşə tutması da bunun göstəricisidir.

Ən çox mübahisə doğuran məsələlərdən biri də "Zəngəzur dəhlizi"nin açılması məsələsidir. 10 noyabr Bəyanatının 9-cu, sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Bu bəndin ikinci cümləsində Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təşkilindən və Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanətindən bəhs edilir. Amma hələ də tərəflər nəqliyyat dəhlizlərinin açılmasında razılığa gələ bilməyiblər. Bu isə regionda disbalans yaradır. Çünki həmin bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Dəhliz məsələsi həm Avropanın, həm də alternativ yolların yaranması ilə Azərbaycanla Türkiyənin maraqlarını təmin edir. Bunu istəməyən qüvvələr isə dəhlizin açılmasında ləngimələr yaradırlar. Bütün bunlar isə Ermənistanın 30 il ərzində BMT qətnamələrinə məhəl qoymadığı kimi, 10 noyabr Bəyanatına da adekvat yanaşmadığını göstərir.

Son olaraq martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş təxribat bir daha sübut etdi ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmir, əksinə, Xankəndidəki hərbi xunta rejimini açıq şəkildə dəstəkləyir və təşkilatlandırır. Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bunlar isə yeni bir regional böhranın alovlanmasını qaçılmaz edir.

Hazırkı dövrdə isə Qarabağdakı hərbi xuntanın ləğv edilməsi, bölgənin erməni silahlı tör-töküntülərindən təmizlənməsi zərurətdir.

Jalə QASIMZADƏ,

"Respublika".