Şirin xatirələr yaşadan Novruz bayramı
Sosial həyat

Şirin xatirələr yaşadan Novruz bayramı

Uşaq vaxtından sevdiyim, yaddaşımda xoş xatirələrlə qalan Novruz bayramı. Elə indi də sevirəm, səbirsizliklə gözləyirəm yazın, baharın gəlişini. Ancaq etiraf edək ki, uşaqlıqda başqa ləzzəti, gözəlliyi vardı. İstəyərdim ki, el-obamızda, kənd-kəsəyimizdə olan Novruz adətlərinə nəzər salaq, şirin xatirələrlə yaddaşımda qalan uşaqlıq çağlarına qayıdaq. Bizim tərəflərdə, İmişli rayonunun Sarıxanlı kəndində adətən İlaxır çərşənbə bayram kimi qeyd edilir. Hətta uşaq vaxtı bu günü-qoz, fındıq, Novruz bayramını isə aş bayramı adlandırırdıq. Axır çərşənbəyə xüsusi hazırlaşardıq. Anam neçə gün əvvəl iri, sarı buğdaları yuyub qurudar, atam yaxşı bazarlıq edərdi. Evdə olan uşaqlara mütləq təzə, özü də qırmızı rəng paltarlar alınardı. Torpaq çərşənbəsi günü səhər tezdən anam mütləq xəmir yoğurar, təndiri qalayıb çörək yapar, arxasınca da şirin kökələr bişirərdi. Deyərdi ki, əziz gündə tabağımız dolu, evimiz bərəkətli olsun. Şəkərbura, paxlavanı əvvəlcədən bacımgil bişirərdilər. Qardaşlarım isə bir neçə gün qabaqdan köhnə kisələri məftillə bərk-bərk bağlayıb top formasına salaraq neftə qoyardılar ki, çərşənbəyə kimi canına yaxşı çəksin. Bizdə deyirdilər ki, il axır çərşənbədə təhvil olur. Yəni yeni il Torpaq çərşənbəsindən sonra başlayır.

Evlər tökülüb təmizlənər, yorğan-döşək havaya verilərdi. Hər evdə azı 20, 30 yorğan, 15, 20 böyük döşək, hamının 40 dənə nimdarı (balaca döşəkcə) olmalı idi. Hələ bunun nə qədər xalça-palazı, kilimi də var. Kənd uşaqlarının ən vacib işlərindən biri bayramda bu mitili evdən həyətə və yaxud da həyətdən evə daşımaq idi. Elə ki, yorğanlar ipə atıldı, hə, bizim əyləncəmiz, oyunumuz başlayardı. Yorğanların arası ilə o baş, bu başa qaçardıq. Xoşbəxt gülüşlərimiz, səs-küyümüz aləmə yayılardı. Bəzən də iplər dözməyib qırılanda, onda bax məsələ qəlizləşərdi. Vəziyyəti görən "uşaqları müdafiə komitəsi", yəni nənəmiz, anamın qayınanası özünü yetirərdi. Amiranə tərzdə etirazını belə bildirərdi: "Mənim uşaqlarıma bir adam söz deyə bilməz". Bəli, əsl macəra bundan sonra başlayardı. Avşar qızı olan nənəm çox hökmlü, sözü qanun olan qadın idi.

Bayrama mütləq səhər-səhər qoyun kəsilməli idi. Atam həkim olduğu üçün səhər o başdan işə gedər, tapşırardı ki, qonşu günortaya kimi qoyunu kəssin, ət axşama soyusun. Günortaya bütün bu proseslər bitərdi. Günorta isə nənəmin gəlinə tapşırığı başlayardı. Sacı as, günəyilənə qovurğanı qovur. Anam da məni qonşuya, Ballı xala gilə göndərərdi ki, balaca sacı gətirim. Onu da deyim ki, o vaxt qonşunun bu balaca sacı hamı üçün xüsusi əhəmiyyət daşıyırdı. Əlim yana-yana sacı həvəslə gətirərdim. Anam əvvəl buğdanı, sacı ocağın üstündən yerə qoyanda da küncüdü qovurardı. Deyirdi od güclü olduğu üçün küncüd yana bilər. O vaxt ocağı ya yulğunla (bəzi yerlərdə bu ağaca ilğım da deyilir), ya da pambıq kolu ilə yandırardılar. Küncüdlü qovurğanı atam, kiçik qardaşım, bir də mən xoşlayardıq. Həmişə də evimizdə məhz küncüdü yemək üstündə qardaşımla davamız düşərdi. O küncüdü seçib yeyər, mənə də ağlamaq qalardı.

Bayramın başqa gözəlliyi vardı. İnsanlar daha səmimi, münasibətlər daha isti idi. Hava qaralanda anam evdə, həyətdə olan bütün işıqları yandırardı ki, qoy işığımız həmişə gur yansın. Həyətdə olan bütün qapıları açıq qoyardı. Deyirdi, gələn, gedən, papaq atan, qulaq falına çıxan olur. Qapını bağlı saxlamazlar əziz gündə. Bizə də möhkəm-möhkəm tapşırardı ki, yaxşı şeylər haqqında danışın, arzular edin. Qulaq falına gələn olanda yaxşı söz eşitsin, sevinsin. Hava qaralanda həyətdə böyük tonqal yandırardıq. Bu həyətdən qonşu həyətə səsimiz, çağırışımız yayılardı. Kimin tonqalı daha böyükdür deyə bəhsləşərdik. Tonqaldan atılıb evə keçərdik. Elə ki, qaranlıq düşdü qardaşlarım əvvəlcədən neftdə islatdıqları şamalı yandırıb həyətin aşağısında göyə atardılar. Axşamın qaranlığında kəndin səmasında gözəl, işıqlı bir mənzərə yaranardı. Bəzən də kimin beşatılan, qoşalülə tüfəngi var idisə, uşaqları diksindirərdi. Oğlanlar yumurta döyüşdürər, qazandıqları yumurtaları papaqlarının içinə yığıb evə gətirərdilər. Daha çox böyük qardaşım yumurta döyüşündə qalib olardı. Nənəm 7 boşqab bayram sovqatı yığıb mənə deyərdi ki, bunları tez yeddi qonşuya ver. Bu bayram adətlərindəndir. Həmin axşam 7 evə pay çıxmalı idi. Qonşular da həmçinin.

Qonaq-qara gedəndən sonra qardaşlarım papaq atmağa gedərdilər. Süfrə yığışandan sonra nənəm qoymazdı yerə dağılanı süpürüb götürək. Deyirdi, dəyməyin, bərəkətdir, sabah təmizləyərsiniz. Biz qızlar da evdəki işimizi bitmiş bilib, əmimgilə, dayımgilə, yaxın qonşulara bayramlaşmağa gedərdik. Anam deyirdi ki, evə tez qayıdın. Yatın ki, sübh çağı sizi arx üstə aparacam. Sübh tezdən anam bizi oyadar, kəndin içindən keçən Boztəpə kanalının üstünə aparardı. Məcrasını Araz çayından götürən arxın üstündəki körpüdən niyyət edib üç dəfə keçərdik. Əl-üzümüzü yuyub, bir qab su da evə gətirərdik. Anam o suyu bütün otaqlara, həyətə səpərdi. İnanca görə, bu su bütün ağırlığı, azar-bezarı yuyub aparırmış. Yadımdan heç vaxt silinməyən bir məqam da var. Anam arx üstünə gedəndə birinci qızlara dua edərdi ki, filankəsin qızının bəxti açılsın, filankəsi Allah yadına salıb, övlad versin, filankəs xəstəlikdən sağalsın. Sonra da öz ailəsi üçün dua edərdi.

Çərşənbədə mütləq həyətlər, əkin yerləri şumlanmalı, sulanmalı idi. Buna çillə suyu və yaxud da arat suyu deyirdilər. Evlər əhənglə rənglənərdi. "Aş bayramı" dediyimiz Novruz bayramında hər evdə süfrə açılardı. Bütün qohumlar bir-birinin evinə qonaq gedərdi. Beləcə, deyə-gülə, qayğısız, xoşbəxt şəkildə bayramı keçirərdik. Nənəm deyirdi ki, bir həftəyə qaranquşlar da gələcək.

Ramidə YAQUBQIZI,

"Respublika".