Səsimiz imzamızdır
Gündəm

Səsimiz imzamızdır

46 saylı Sumqayıt beşinci seçki dairəsinin 8 saylı seçki məntəqəsinin müşahidəçisi İlqar Quliyev bildirib ki, fevralın 7-də keçirilən seçkilərdə seçici fəallığı ötən dövrlərlə müqayisədə yüksək olub:

“Mən bir müşahidəçi kimi 07:45-dən etibarən buradayam. Siyahı üzrə 1363 seçici var. Onlardan birinin evinə daşınabilən qutu göndəriləcək. Seçki prosesi vaxtında başlayıb, 08:00-da səsvermə start götürüb. Seçici fəallığı yüksəkdir. Səsvermənin başlamasından 2 saat sonra artıq 238 nəfər səs vermişdi ki, bu da 17 faizdən çox edir. Bu təsadüfi deyil. Çünki növbədənkənar prezident seçkiləri həlledici rola malikdir. İlk dəfə bütün Azərbaycan ərazisində səsvermələr keçirilir. Xalqın dövlətə inamı yüksəkdir və öz uğurlu gələcəklərinə səs vermək üçün buradadırlar. Dinamik inkişaf üçün belə də olmalı, hər kəs səsvermə hüququndan istifadə etməlidir”.

Səsvermədə iştirak edən vətəndaşlar da bu günü səbrsizliklə gözlədiklərini, 7 fevralın Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik gün olduğunu vurğulayıblar. 82 yaşlı Solmaz Bayramova bildirib ki, fiziki sağlamlığı səbəbindən seçki məntəqəsinə gəlmək onun üçün çətin olsa da, böyük ruh yüksəkliyi ilə öz namizədinə səs verməyə gəlib: “Mən yaşlı adamam. Sizlər gənc nəsillər üçün səs verirəm. İstəyirəm gənclərimiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkədə yaşasınlar. İndi Azərbaycan gündən-günə çiçəklənir. Qarabağımızı qaytarmışıq. Axı səsverməyə necə gəlməyə bilərdim? Əsas odur ki, torpaqlarımızı almışıq, bundan sonra da hər şey yaxşı olacaq”. 

49 yaşlı seçici Mahir Əhmədzadə isə bildirib ki, səsimiz imzamızdır. Ona görə də, bütün Azərbaycan vətəndaşları birmənalı şəkildə səs verməlidir: “Seçkilərdə iştirak etmək hər birimizin borcudur. Öz namizədimizi dəstəkləməli və seçməliyik ki, gələcəkdə də problemlərimizin həlli üçün onlara müraciət edə bilək. Buna görə də, ailəmizlə səsimizi vermişik. Hətta bura çatana qədər yolda gördüyüm, həmsöhbət olduğum hamını da səsverməyə çağırmışam. Azərbaycanın gələcəyini ölkə vətəndaşları bu yolla məhz müəyyənləşdirəcək. Bütün Azərbaycanda seçkilərin keçirilməsi hər birimizi qürurlandırır. Bu hiss bir dövlət, millət olaraq bizə çox yaraşır”.

Seçkidə ilk dəfə səs verən 20 yaşlı Şövkət Alxanova səsvermə prosesinin onun üçün çox maraqlı olduğunu, özünü sözün əsl mənasında qalib dövlətin vətəndaşı kimi hiss etdiyini deyib: “Mən ilk dəfədir səs verirəm. Bu gün hər birimiz üçün çox əhəmiyyətlidir. Biz öz prezidentimizi seçirik, ən layiqli namizədin dövlət başçımız olması üçün səs veririk. Düşünürəm ki, prosesləri düzgün qiymətləndirən hər kəsin qərarı da eyni olacaq. Bu gün biz rahat şəkildə təhsil alırıq, mən dövlət hesabına ali məktəbi bitirmişəm. Azərbaycanda gənclərin inkişafı üçün  hər cür şərait var. Uşaq yaşlarımdan şəhərin mədəniyyət mərkəzlərində təşkil olunan pulsuz kurslarda iştirak etmişəm. Uşaqlığım yaxşı keçib. İndi isə gəncəm. Ərazi bütövlüyünü bərpa etmiş, suveren Azərbaycanda yaşayıram. Qalib ölkənin məğrur vətəndaşıyam. Əlbəttə, səsimi verdim, nəticələrin də xalqımız üçün xeyirli olacağına tam inanıram. Yaxşı ki, mən də bu tarixi səsvermənin iştirakçısıyam”.

Jalə QASIMZADƏ,

“Respublika”.