Azərbaycan Brüssel formatını dəstəkləyir
Gündəm

Azərbaycan Brüssel formatını dəstəkləyir

Sülh danışıqlarının Avropanın məsələyə münasibətilə yeni mərhələyə qədəm qoyması məlumdur. Lakin bu günə qədər nə Rusiyanın, nə də Qərb dairələrinin proseslərə münasibəti sülh müqaviləsinin imzalanmasını təmin edə bilməyib. Buna baxmayaraq, danışıqların intensivləşməsi bir sıra məsələlərə aydınlıq gətirir ki, bu da sülh prosesində önəmli rol oynayır. Xüsusilə danışıqlar çərçivəsində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı mühüm addım hesab edilir.

Fransa və Almaniyanın Qranadadakı sülh danışıqları masasında Türkiyənin iştirakına razılıq verməməsindən sonra rəsmi Bakı qətiyyətli mövqe sərgiləyərək görüşdə iştirak etmədi. Bu, bir çox qərəzli dairələr tərəfindən fərqli şəkildə şərh edilsə də, Azərbaycanın sülh prosesindəki həssaslığına kölgə sala bilmədi. Qranada görüşündə iştirak etməmək Ermənistanla sülh danışıqlarından imtina etmək mənası daşımır. Belə ki, Fransa Cənubi Qafqaza soxulma cəhdlərinin fonunda riyakarcasına masa arxasında otura bilirdisə, region üçün səmərəli iqtisadi-siyasi əhəmiyyəti ilə seçilən qardaş Türkiyə də görüşdə iştirak etməli idi. Bu şərtin qəbul edilməməsi Qranadada rəsmi Bakının iştirakını mümkünsüz etmişdir. Bununla da Ermənistanın havadarlarının əli ilə masa arxasında hər hansı təzyiq planı boşa çıxdı.

Bütün bunlara baxmayaraq, Azərbaycanın iştirakının reallaşmaması ilə qeyri-rəsmi formatda baş tutan Qranada görüşündən sonra İspaniyadan gələn müsbət impulslar onu deməyə əsas verir ki, sülh üçün ümidlər hələ də var. Görüşdən sonra Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib: "Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq veriblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik".

Brüssel sülh gündəliyi Azərbaycan və Ermənistan arasındakı sülhü mümkün edə biləcək ideal platformadır. Belə ki, 14 may tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutmuşdu. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüşlər (14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il, 22 may 2022-ci il tarixli, 31 avqust 2022-ci il) kimi, Azərbaycanın sülhün əldə edilməsindəki haqlı mövqeyini göstərmişdi.

Xüsusi vurğulanmalıdır ki, 14 may görüşündə Brüssel formatı yenidən bərpa olunmuşdu. 2022-ci ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı. Belə ki, ötən ilin oktyabrında Praqada keçirilən görüşdən sonra Fransa Ermənistanın da istəyi ilə özünü danışıqlar prosesinə qoşmağa cəhd göstərmiş, hətta bunu İrəvanın dili ilə əsas şərt kimi irəli sürmüşdü.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəldi. Avropa İttifaqı Şurasının mənzil-qərargahında Şarl Mişel özü dövlətimizin başçısını qarşıladı. Ardınca isə Prezident İlham Əliyevin Şarl Mişellə görüşü baş tutdu. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğuladı. Söhbət zamanı üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı. Ermənistan və Azərbaycanın da iştirak etdiyi üçtərəfli danışıqlar zamanı isə tərəflər iki ölkə arasında münasibətlərin normallaşması prosesinin növbəti dəfə müzakirəsi baş tutmuşdu. Görüş çərçivəsində rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və tərk-silah edilməsi ilə bağlı müzakirələr aparıldı. Ümumilikdə, ölkəmiz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini daim dəstəkləyib. Bir məqamı da qeyd edək ki, Azərbaycan sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifidir.

Ermənistanla sülh müqaviləsinin imzalanması birbaşa Cənubi Qafqazda yeni mərhələnin başlanması anlamına gəlir. Bu, həmçinin davamlı inkişafın, sabitliyin və təhlükəsizliyin gələcək qarantı ola bilər.

Nurlan ABDALOV,

"Respublika".