Şərqlə Qərbin qovuşuğunda
Siyasət

Şərqlə Qərbin qovuşuğunda

Azərbaycan dünyanın nəqliyyat habına çevrilir

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin uğurla həyata keçirilməsi və Böyük Qayıdış proqramı çərçivəsində yurd yerlərinə dönən soydaşlarımızın təhlükəsiz yaşayışı bölgəni əhatə edən nəqliyyat-enerji layihələrinin icrasından bilavasitə asılıdır. Belə ki, son zamanlar dünyada baş verən mürəkkəb hadisələr qlobal nəqliyyat xəritəsində kardinal dəyişikliklərə səbəb olur. Belə ki, mövcud siyasi proseslərlə əlaqədar bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır. Üstəlik, Azərbaycanın əlverişli coğrafi vəziyyəti onun strateji əhəmiyyətini artırır. Nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illərdir ardıcıl siyasət aparan güclü Azərbaycan dövləti bu çərçivədə örnək modeldir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə ərazisində nəqliyyat infrastrukturu müasir dövrün tələblərinə uyğun tam modernləşdirilir.

Müasir Azərbaycanın nəqliyyat, logistika sahəsində əsaslı inkişafı çərçivəsində qeyd edə bilərik ki, iqtisadiyyatın spesifik modeli sayılan azad iqtisadi zonaların yaradılması olduqca önəmlidir. Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərə fəal surətdə qoşulmaqdır. Bununla yanaşı, həmin zonalar ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafı, mühüm iqtisadi məsələlərin həlli, strateji proqram və layihələrin reallaşdırılması baxımından xüsusi önəm daşıyır. Xatırladaq ki, ilk xüsusi iqtisadi zonalar ötən əsrin ikinci yarısından etibarən Amerika Birləşmiş Ştatları, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, hazırda dünyanın 130 ölkəsində 4 mindən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracı 1 milyard dollardan artıqdır. Azad bazar iqtisadi münasibətlərinin formalaşdığı Azərbaycanda da bu məsələ getdikcə aktuallığını artırır.

Ölkəmizdə bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində belə zonaların yaradılmasının mühüm əhəmiyyəti vardır. 2023-cü il iyunun 9-da ölkəmizdə ilk Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi istifadəyə verildi. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar olan hadisə sayılan bu tədbirdə Prezident İlham Əliyevin iştirakı isə ölkəmizdə iqtisadi inkişafa göstərilən dövlət qayğısının bariz nümunəsi kimi diqqət çəkir. Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin əsas istiqaməti kimi dəyərləndirilir. Qeyd edək ki, Ələt Azad İqtisadi Zonası ərazisində ümumi sahəsi 16 min kvadratmetr olan biznes mərkəzi yaradılıb. Növbəti mərhələdə 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri, eləcə də 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün nəzərdə tutulmuş hissələrdə layihələndirmə işləri davam edir.

Azərbaycan Xəzər-Qara dəniz hövzəsində və Cənubi Qafqazda gedən iqtisadi, siyasi və diplomatik proseslərin kəsişməsində yerləşir. Xüsusən də Azərbaycan Türkmənistan və Qazaxıstanla birlikdə Avropa, Cənub Şərqi Asiya, habelə Şərqlə Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında önəmli seqment kimi çıxış edir. Ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfələr təkcə enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan özünü geniş imkanlara malik tranzit ölkə kimi sübut etmiş və qlobal məkanda etibarlı tərəfdaş olaraq tanınmaqdadır. Azərbaycanla əməkdaşlıq qurmaq istəyən ölkələrin sayı da günü-gündən artır. Başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmləndirməklə regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tə

sdiq etdiyi "Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı"nda dəmir yolu xətti ilə daşınan tranzit yüklərin həcminin artırılmasının təmin olunması nəzərdə tutulmuşdur. Belə ki, əvvəlcə Azərbaycanda magistral lokomotivlərin əsaslı təmiri və bərpası, yenilərinin alınması, habelə manevr lokomotivlərinin əsaslı təmiri sahəsində bir sıra işlər həyata keçiriləcək və bu işlər 2024-2026-cı illəri əhatə edəcək. Planda qeyd edilir ki, nəticədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi (7 ədəd magistral lokomotivin alınması, 10 ədəd magistral elektrovozun, 11 ədəd magistral və 32 ədəd manevr teplovozunun əsaslı təmirinin başa çatdırılması) nəzərdə tutulub.

Nəqliyyat sektorundan danışdıqda Orta Dəhlizin rolunu xüsusi vurğulamaq lazımdır. Orta Dəhliz öz imkanları ilə region dövlətlərinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin mühüm seqmentidir. Orta Dəhlizin nəqliyyat həcmindəki böyük artımı 2022-ci ilin yanvar-mart aylarından 2023-cü ilin I rübünə qədərki dövr ərzində asanlıqla görmək mümkündür. Belə ki, ötən ilin əvvəlində bu marşrutla 266,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 faiz çoxdur. Konteyner daşımaları isə 5 847 20 futluq konteynerə (TEU) bərabər olub və bu, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19 faiz çoxdur. Hazırda isə Orta Dəhliz Çin-Avropa İttifaqı dəmir yolu ticarətinin ümumi yük həcminin 3-5 faizini təşkil edir. Cənubi Avropaya daşınan yüklərin tranzitində əsas rol oynayan dəhlizin Türkiyə hissəsinin inkişafı üçün yeni optimallaşdırma səylərinin davam etdirilməsi də təqdirəlayiq addımlardandır. Bununla yanaşı, İstanbuldan Bolqarıstanla sərhədə yüksək sürətli dəmir yolu bağlantısının bir hissəsi olan Halkalı-Kapikule dəmir yolu layihəsinin il ərzində başa çatdırılması, Orta Dəhlizdə dayanıqlı, sürətli və səmərəli daşımaların asanlaşdırılmasında mühüm rol oynayacaq.

Nurlan ABDALOV,

"Respublika".