Sərhədyanı kəndin bağça problemi hələ də həllini tapmayıb
Region

Sərhədyanı kəndin bağça problemi hələ də həllini tapmayıb

Tovuz rayonunun Ermənistanla sərhəddə ən yaxın məsafədə yerləşən Ağdam kəndinin sakinlərinin müraciətini nəzərə alaraq ikinci dəfə adıçəkilən yaşayış məntəqəsinə yollandıq. 2022-ci ildə kənddə uşaq bağçasının binası ilə tanış olmuşduq. Bundan sonra "Respublika" qəzetinin 26 noyabr 2022-ci il tarixli nömrəsində "Tovuz: sərhəd kəndlərində uşaqların problemi də həll olunmalıdır" sərlövhəli yazı dərc olunmuşdu. Tənqidi yazının dərc olunmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Əksinə, vəziyyət daha dözülməz həddə çatmışdır.

Ağdamla erməni kəndləri arasındakı məsafə hava xətti ilə təxminən 3 kilometrdir. Sakinlərdən aldığımız məlumata görə, 90-cı illərdə və sonrakı zamanlarda adıçəkilən müəssisə mənfur düşmənin atdığı mərmilərin zərbəsindən qəzalı vəziyyətə düşmüşdür. Dam örtüyü demək olar ki, yararsız vəziyyətdədir. Divarlarda böyük çatlar əmələ gəlmiş, anbar üçün inşa olunmuş binanın divarları ümumi binadan aralanmışdır. Qapı açılıb-örtülərkən divarlar titrəyir. Qapı-pəncərələr köhnə olduğundan bayırdakı soyuq hava içəriyə dolur. Binada istilik sistemi mövcud deyil. Binanın qızdırılması üçün cəmi bir ədəd qaz sobasından istifadə edilir. Soyuq havalarda normal temperaturun yaradılmasından söhbət gedə bilməz. Dam örtüyü bərbad gündə olduğundan yağışlı havalarda daha acınacaqlı vəziyyət yaranır. Bu səbəbdən, hər kəsin arzuladığı yağışın yağmasını işçilər qəti şəkildə istəmir, yağışlı havada onların işi daha da çətinləşir. Bina isti və soyuq su ilə təchiz olunmayıb. Mətbəx kimi istifadə olunan dar, balaca yerdə hərəkət etmək çətindir. Körpələrin işi tək Allaha qalıb. Çünki aidiyyəti qurumlar ya cavab vermir, ya da şablon xarakterli sözlərlə "növbəti illərdə problem həllini tapacaq" deyə vəd verirlər. Yalançı vədlərlə gələcəyimiz olan körpələrin taleyinə biganə qalmaq, sanki bu vəziyyətdən zövq almaq yolverilməzdir. Valideynlər haqlı olaraq narazılıq edirlər ki, şəraitsiz binada körpələr hər an xəstəliyə yoluxa bilər. Bir sözlə, bu bağçaya istər böyük, istərsə də uşaqların daxil olması həyati risk daşıyır. Mövzunu diqqətdə saxlayırıq.

Vəli VƏLİYEV,

"Respublika".