Şərəflə yerinə yetirilən tarixi missiya
Digər xəbərlər

Şərəflə yerinə yetirilən tarixi missiya

Otuz il və 44 gün. Bu rəqəmlərin arxasında nələr dayanır? İlk növbədə, Azərbaycan xalqının böyüklüyü və məğlubedilməzliyi. Azərbaycanın İlham Əliyev kimi müdrik dəmir iradəyə malik qətiyyətli liderinin olması. Vətən müharibəsi başlanan ilk günlərdən "bizi heç kəs dayandıra bilməz", - deyə Müzəffər Ali Baş Komandanımız təkcə hərb meydanında deyil, informasiya cəbhəsində, diplomatiya müstəvisində də mübarizə apardı və hər üç savaşda qalib gəldi.

Qarabağ Zəfəri nələri dəyişdi? Biz torpaqlarımızı azad etməklə, yalnız Qələbə qazanmadıq. Azərbaycan və onun lideri dünyanın gözündə qat-qat ucaldı, ölkəmizə münasibət dəyişdi. Bütün dünya gördü ki, Azərbaycanla, onun Prezidenti ilə güc dilində danışmaq olmaz. Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Xüsusən, Qarabağ zəfərindən sonra onun nüfuzu, sözünün çəkisi birə-beş artıb. Dünya gücləri bu gün bizimlə hesablaşır, regionumuzda postmüharibə dövrünün gündəliyini Prezident İlham Əliyev diktə edir. Brüssel danışıqları, Praqa və Soçi görüşləri bunu bir daha əyani olaraq təsdiqlədi. Vətən müharibəsinin regionda yaratdığı geosiyasi reallıqların böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilməsi bunun bariz göstəricisidir.

Qarabağ Zəfəri, eyni zamanda ədalətin zəfəri, haqqın təntənəsidir. BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan dörd qətnaməsini özü icra edən Azərbaycan ATƏT-in vasitəçilik missiyasından qətiyyətlə imtina edir. Niyə də etməyək? Dünyanın üç super dövlətini, Təhlükəsizlik Şurasının beş üzvündən üçünü - ABŞ, Rusiya və Fransanı təmsil edən keçmiş Minsk qrupu onilliklər boyu nə iş gördü, nəyi dəyişə bildi? Əksinə, məlum oldu ki, onların məqsədi münaqişəni həll etmək yox, işğalı əbədiləşdirmək idi. Minsk qrupunu dirçəltmək cəhdləri bu gün də müşahidə olunur. Prezidentimiz nə deyir? Keçməz, bizim artıq öz haqqımızı qorumaq, revanşistləri yerində oturtmaq üçün yetərincə gücümüz var.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri İkinci Qarabağ müharibəsini şərtləndirdi. İyulun 12-də Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni vandallarının təxribatının qarşısı qətiyyətlə alındı. 2020-ci il sentyabrın 27-də cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atan Ermənistan tarixinin ən səhv gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu. Düşmənin təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusuna illərlə gözlənilən əmri verdi - irəli! Azərbaycan Ordusu Müzəffər Komandanın "Dəmir yumruq" əməliyyatının icrasına başladı. Prezident-Xalq-Ordu birliyi Azərbaycanı şanlı qələbəyə apardı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşü noyabrın 8-də Qarabağın ürəyi - Şuşada reallaşdı.

Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 gündə diz çökdü. Hayların Fransadakı tör-töküntüləri şok vəziyyətinə düşdü. Azərbaycanın cəsur, igid oğullarının döyüş əzmi qarşısında erməni əsgərləri silahını, bayrağını atıb qaçmağa məcbur oldu.

Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazandı, Prezident İlham Əliyev təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü: 44 gün ərzində dünyanın elə bir mötəbər KİV-i qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin. Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon zəngləri bizi durdura bilməz. Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi. Ordumuzun şəhər və rayonlarımızı ard-arda işğaldan azad etməsi, dövlət başçımızın xalqa müjdəli xəbərləri, qardaş Türkiyə və Pakistanın müharibə başlayan andan son günədək Azərbaycana mənəvi dəstək vermələri xalqımızı daha da ruhlandırdı və ürəkləri dağa döndərdi. Qardaş Türkiyə rəsmən bəyan etdi ki, haqq savaşı aparan Azərbaycanı durdurmaq istəyən istənilən qüvvə qarşısında Türkiyəni görəcək. Bu, həqiqətən də əsl qardaş birliyi idi. Məhz bu birlikdən güc alan Azərbaycan Silahlı Qüvvələri uğurlu missiyanı şərəflə yerinə yetirdi.

Prezident İlham Əliyev 30 illik işğal dövründən sonra Şuşadan dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək davam edən savaşda 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin 4 milyard dollardan artıq silah-sursatı, hərbi texnikası məhv edildi. Düşmənə məxsus xeyli sayda zirehli texnika, silah-sursat, yük avtomobilləri hərbi qənimət kimi götürüldü. Bu gün onların hamısı Qənimətlər Parkında nümayiş etdirilir.

Noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin başa çatması ilə bağlı birgə Bəyanat imzaladılar. Bəyanatın müddəalarına əsasən Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı.

 2021-ci il iyun ayının 15-də Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə prezidentləri Şuşadan dünyaya daha bir mesaj ünvanladılar. Şuşa Bəyannaməsini imzalayan qardaş prezidentlər bəyan etdilər ki, Azərbaycan və Türkiyə birliyi sarsılmazdır, əbədidir. Şuşa Bəyannaməsində ən önəmli məqamlardan biri də odur ki, bundan sonra iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi məqamda iki qardaş dövlət bir-birini qoruyacaq.

Vətən müharibəsində Azərbaycanın şanlı zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Döyüş meydanında göstərilən əzmkarlıq bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir. Xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasında mühüm rol oynayan Heydər Əliyev Fondu quruculuq işlərində yaxından iştirak edir.

Erməni daşnakları çirkin əməllərindən əl çəkmir, sərhədlərimizdə təxribatlarını davam etdirirdilər. Məhz buna görə də, 2023-cü il sentyabrın 19-da Ordumuz lokal antiterror tədbirləri həyata keçirdi, separatçı qüvvələr zərərsizləşdirildi, onların çoxlu sayda silah və sursatları məhv edildi, erməni quldur dəstələri ağ bayraq qaldırmağa məcbur oldu, haylar dəstə-dəstə yurdumuzu tərk etdilər.

Oktyabrın 15-də qalib sərkərdə İlham Əliyev müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı, sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, əziyyətlərlə üzləşsə də, xalqımız öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə nail olur. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız əmin idi ki, ulu öndər Heydər Əliyevin tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahidlik etdik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı son 200 ilin ən şərəfli və şanlı tarixini yazdı. Böyük qələbənin təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə möhkəmlənən milli birlik və həmrəylik dayanır.

Ceyhun MƏMMƏDOV,

"Azpetrol LTD" MMC-nin baş direktoru, Yeni Azərbaycan Partiyasının üzvü.