SƏNSİZ
Digər xəbərlər

SƏNSİZ

Bu yazıya təsadüfən sənsiz adını vermədim. Noyabr ayının 23-də tək Azərbaycanın deyil, Şərq dünyasının Üzeyir bəysiz qalmasının 75-ci ili tamam oldu. Bu 75 il ərzində musiqisevərlər bəstəkarı nəinki unutmamışdır, əksinə, onun şöhrəti bu gün də Amerikanı, Afrikanı, Avropanı, Asiyanı dolaşmaqda davam etməkdədir.

Cəmi 63 il yaşadı Üzeyir Hacıbəyli. Bu 63 ildə nə yazıb, nə yaratdısa həmin əsərlər həm gənclərin, həm də yaşlı nəslin ruhunun qidasına çevrildi.

Bu gün onun evində hər bir əşya özünün sağlığında olduğu kimidir. Heç nəyin yeri dəyişilməyib. Budur, Azərbaycan himninin, "Koroğlu" operasının, "Sənsiz", "Sevgili canan" romanslarının, əsrarəngiz  I və II "Fantaziya"ların bəstələndiyi royal. Sanki indi bu royalın qarşısına keçərək o, yarımçıq qalmış "Firuzə" operasını davam etdirəcəkdir.

Yazı masasının üstündə isə "Azərbaycan" adlı simfonik poemanın tamamlanmamış partirurası vardır. Bu əsər də illərdir bəstəkarın xiffətini çəkməkdədir.

Dolablarının içindəki saysız-hesabsız kitabların arasında bir kitab da vardır. Bu, "Dədə Qorqud" dastanının köhnə latın qrafikası ilə nəşr olunmuş nüsxəsidir. Sən demə, Üzeyir bəy qədim Oğuzların bu qəhrəmanlıq dastanına opera bəstələmək niyyətindəymiş. Bəstəkarın kitabın səhifələrində etdiyi qeydlər, nota-bena işarələri, not yazıları bu dediklərimizə əyani sübutdur. Əcəl aman versəydi bəstəkar daha neçə-neçə möhtəşəm musiqisi ilə xalqını sevindirəcəkdi.

Divardakı saat da Üzeyir bəyin əbədiyyətə qovuşduğu anı göstərir. Bəstəkar gecə saat 2-də gözlərini əbədi yumarkən saatı onun yaxınları dayandırmışlar.

Yəqin ki, yaşlı nəsil bilir. Gənclərimizin də məlumatı olsun deyə qeyd etmək istəyirəm ki, Üzeyir bəy şəkər xəstəliyindən vəfat etmişdir. 1948-ci ilin yayında xəstəxanada müalicə olunan Üzeyir bəyə yazıçı, ictimai xadim Abdulla Şaiq baş çəkməyə gedir. Bəstəkar ona həmin dövrdə yüksək rütbəli bir şəxsin özünə qarşı olan mənəvi işgəncələrindən şikayətlənərək, bütün bunlara çətin dözə biləcəyini söyləmişdir. Kim bilir, bəlkə də bu mənəvi əzablar əvəzsiz bəstəkarın xəstəliyinə, vaxtsız ölümünə səbəb olmuşdur.

Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşməsi haqqında o dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin 16 fevral 1949-cu il tarixli 92 nömrəli qərarına əsasən vəfatından sonra onun Bakı şəhərində abidəsi ucaldıldı, onun həyat və yaradıcılığına dair monoqrafiyalar dərc edildi, bəstəkarın əsərlərinin toplusu nəşr etdirildi. Onun əlyazmaları toplandı, lazımi qaydada qorunaraq bugünkü nəsillərə çatdırıldı. Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində ən gözəl küçələrə onun adı verildi. 1921-ci ildə Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası), habelə Azərbaycanda fəaliyyət göstərən bir çox musiqi məktəbləri Üzeyir Hacıbəylinin adını daşıyır. Şuşada və Bakıda onun yaşadığı evlər muzeyə çevrildi. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan tələbələrə Üzeyir Hacıbəyli təqaüdü müəyyənləşdirildi.

Hər il dahi bəstəkarımızın təvəllüd günləri, anım günləri respublikamızın mədəniyyət və təhsil ocaqlarında qeyd olunur. Ulu öndər Heydər Əliyevin fərmanı ilə hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin ad günü - Azərbaycanda Musiqi Günü kimi qeyd edilir. Mütəmadi olaraq ona həsr edilmiş traktatlar, xatirələr müxtəlif nəşriyyatlarda dərc olunur. Onun 1945-ci ildə tamamladığı "Azərbaycan xalq musiqisinin əsasları" adlı monoqrafiyası bu gün də Azərbaycan bəstəkarlarının, bəstəkarlıq sinfində təhsil alan tələbələrin istinad etdikləri ən dəyərli mənbədir.

İllər keçir... Bəstəkarın musiqilərinin möcüzəsi, sehri açıldıqca yenə bitmir ki, bitmir. İnsanları yenə də ofsunlamaqda davam edir. Bu gün dünyanın bir çox ölkələrində, şəhərlərində Üzeyir Hacıbəyli üçün abidələr ucaldılmışdır. Buna misal olaraq dünyanın musiqi beşiyi adlanan Avstriyanın Vyana şəhərini, Serbiyanın Novıysad şəhərini və s. göstərə bilərik. Tarixi abidələr şəhəri olan Peterburq Konservatoriyasının fəxri lövhəsində isə Azərbaycanın şanlı oğlu Üzeyir Hacıbəylinin adı da özünəməxsus yer almışdır.

Üzeyir Hacıbəyli yaradıcılığı bu gün də dövlət qayğısından kənarda qalmır. Belə ki, həm bəstəkarın əsərlərinin külliyyatı, həm də onun yaradıcılığına həsr edilmiş elmi işlər Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə dərc edilərək oxucuları sevindirmişdir. Hər il Azərbaycanda Üzeyir Hacıbəyli adına Musiqi Festivalı keçirilir. Bu münasibətlə respublikamıza dünyanın bir çox ölkələrindən musiqiçilər gəlir. Festival çərçivəsində keçirilən konsertlərdə dünya klassiklərinin əsərləri ilə birlikdə Üzeyir Hacıbəyli musiqisi də səslənir və iştirakçıların, dinləyicilərin zövqünü oxşayır.

Bu gün onun vaxtilə yaşayıb yaratdığı ev-muzeyinin ziyarətçilərinin sayı da durmadan artmaqdadır. Respublikamızdan və xarici ölkələrdən gələn qonaqlar Üzeyir Hacıbəylinin misilsiz musiqisini bir daha dinləmək, onun ruhunu yaşadan evi əyani olaraq görmək istəyirlər. Mərhum şair Tofiq Bayramın Üzeyir bəyin evini ziyarət edərkən yazdığı misraları oxucuların diqqətinə çatdırmaq istəyirəm:

Od parlayıb min ocağın gözünə bu ev

Evsizləri öz başına yığıb ana tək

Deyirlər ki, hər gələnin üzünə bu ev

Gecə-gündüz açıq olub mehmanxana tək.

Bu gün Azərbaycan torpağının qədim, Üzeyir Hacıbəylinin doğma şəhəri olan Şuşada yenidənqurma işləri davam edir. Bəstəkarın Şuşadakı ev-muzeyi əvvəlkindən də əzəmətli şəkildə tikilməkdədir. Onun ermənilər tərəfindən güllələnmiş büstü bərpa edilərək əvvəlki yerinə qaytarılıb. İstedadlı Azərbaycan heykəltaraşları sevimli bəstəkarımız üçün bundan sonra da yeni-yeni əzəmətli abidələr yaradacaq, bu abidələr Şuşada, Azərbaycanın hər bir guşəsində ucaldılacaqdır. Qərinələr keçəcək, Üzeyir Hacıbəyli adı Azərbaycanın simvolu olaraq qalacaqdır.

Gülnarə ƏLƏSGƏROVA,

Üzeyir Hacıbəylinin ev-muzeyinin

ekspozisiya şöbəsinin müdiri.