Səninlə fəxr edirik
Sosial həyat

Səninlə fəxr edirik

Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan igidlərin vətənpərvərliyi, şücaəti və qüruru gələcək nəsillər üçün əsl örnəkdir.

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu qəhrəmanlıq dastanıdır. Bu qəhrəmanların hər  birinin qəlbimizdə heykəlini qurmaq, xatirəsini anmaq, bu ali zirvəyə ucalanlara ehtiram hamımızın vətəndaşlıq borcudur. Bəli, azadlığı, müstəqilliyi, babalardan miras qalan torpaq uğrunda oğlunu, qızını şəhid verən xalq qəhrəman xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa mənəvi haqqı var. Keçmiş Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərlə igid övladları şəhidlik zirvəsinə yüksəlib. Xalqımızın şanlı hərb tarixi çoxlu qəhrəmanlıq səhifələri ilə zəngindir. Qəhrəmanlar öz xalqının tarixini yaradır. Vətən sevgisi, qüruru, vüqarı və ölməzliyi ilə bizə örnək olan Emil Sadıqzadə kimi...

Haqqında danışacağım, Azərbaycan üçün özünü fəda etməyi bacaran, hamının sevimlisi  kimi yaddaşlarda qalan nur üzlü şəhidimizin həyat yolu, gənc nəsil üçün bir qəhrəmanlıq nümunəsidir!

Emil Əziz oğlu Sadıqzadə 2000-ci ildə Samux rayon Qovlarsarı kəndində zəhmətsevər, çox hörmətli  bir ailədə dünyaya göz açıb. İki bacının ən istəkli bir qardaşı, məktəbdə nümunəvi şagirdlərdən olub. Uşaqlıqdan musiqiyə həvəs göstərən Emil əvvəlcə qəsəbədəki musiqi məktəbində, Gəncə Musiqi Kollecində xalq çalğı alətləri fakültəsində təhsil alıb. Musiqi  kollecini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə N saylı hərbi hissədə sonra isə xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Keçirilən bütün təlimlərdə müvəffəqiyyətlə iştirak edib. Öz sevimli musiqi aləti üzərində bayraq rəsmi olan  qarmonunu hərbi hissəyə aparıb, orada keçirilən bayram tədbirlərində ifa edib. Nümunəvi xidmətinə görə hərbi hissədən valideynlərinə "təşəkkür" məktubları göndərilib. 27 sentyabr 2020-ci il tarixində 2-ci Qarabağ müharibəsi başlanan ilk  gündən Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Emil dəhşətli Xocalı faciəsi haqqında çox eşitmiş, oxumuş və filmlərə baxmışdı. Erməni şovinistlərindən öz  millətinin  qisasını almağı qarşısına məqsəd qoyan cəsur Emil döyüşdən qorxmur, şiddətli atışma  zamanı bir neçə dəfə təkbaşına öz döyüş yoldaşlarını və digər döyüşçüləri minalı ərazidən  çıxarmışdır. Gənc Emil Cəbrayıl, Xocavənd, Kəlbəcər, Füzuli rayonlarının alınması uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmuş, onlarla düşməni məhv etmişdir. Oktyabrın 15-də Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə Emil son damla qanına kimi savaşaraq şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə  "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.               

                                    

Zabit XƏLİLOV,

"Respublika".