Səhnəni və ekranı “fəth edən” aktrisa
Mədəniyyət

Səhnəni və ekranı “fəth edən” aktrisa

Görkəmli teatr xadimi, Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb.

Hökümə Qurbanova Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1943-cü il iyunun 17-də Azərbaycan Respublikasının Əməkdar artisti, 1960-cı il mayın 24-də xalq, 1965-ci il martın 2-də keçmiş SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb.

Milli səhnəmizin misilsiz faciə aktrisası olub. Səngiməz temperamentli, musiqili lirik-dramatik səsli sənətkar romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.


 

Komediya tamaşalarında səhnəyə çıxan Hökümə Qurbanovanın mənalı, zərif və cazibəli plastikası, məlahətli yumoru, sərrast və dürüst satirası bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi.

Hökümə Qurbanovanın yüksək sənət biliciliyi, lirik-poetik yaradıcılıq üslubu onun dublyaj fəaliyyətinə də uğur gətirib, sevənlərinin əhatə dairəsini daha da genişləndirib.

Müxtəlif xarakterli ekran personajlarının diqqətlə izlənilməsinə şərait yaradan, onların daxili aləmini dərindən duyan, məxməri, qulağa xoş gələn səsi ilə emosionallıqla çatdıran, istək və məqsədlərini, düşüncə və amallarını həssaslıqla cilalayan aktrisa "Aygün" bədii televiziya filmində Aygün, "Bizim küçə" kinodramında Sara, "Böyük dayaq" filmində Maya, "Əhməd haradadır?" kinokomediyasında Leyla, "Kölgələr sürünür"də Afət, "Qara daşlar"da Lətifə, "Qızmar günəş altında" filmində Nərminə, "Onun böyük ürəyi" kinodramında Səmayə, "Ögey ana"da Dilarə, "Uzaq sahillərdə" müharibə dramında Anjelika və digər məşhur ekran personajlarını ustalıqla səsləndirərək, rolların yaddaqalımlı olmasına, uğurlu təqdimatına uğur gətirib.

Deyirlər ki, Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü olub. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından Hökümə Qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar.

Zöhrəxan ("İpək naxışlar", Abdulla Qəhhar), Reyhan ("Qardaşlar", Rəsul Rza) obrazları canlanır.

Psixoloji-dramatik rollarda canlandırdığı obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Uilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib.

Aktrisanın tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar.

Lirik təmayüllü psixoloji rolların ən parlaqları Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Tolqanay ("Ana torpağı", Çingiz Aytmatov), Şəfəq, Gülara, Lalə ("Bahar suları", "İşıqlı yollar" və "Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yelena Andreyevna ("Vanya dayı", Anton Çexov), Zina ("Ailə namusu", Hüseyn Muxtarov), Qız ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) obrazlarının səhnə ifasıdır.

Onun yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını böyük ustalıqla oynayıb.

Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib.

Hökümə Qurbanova 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Bayram SALMANOV,

"Respublika".