Şəhid ailələri və qazilər seçkidə fəallığı ilə seçilirdi
Sosial həyat

Şəhid ailələri və qazilər seçkidə fəallığı ilə seçilirdi

Ağsu

Növbədənkənar prezident seçkiləri Ağsu rayonunda da seçicilərin yekdil iştirakı ilə keçirildi. Seçki başlayan andan bütün seçicilər kimi, şəhid ailələri və qazilər də fəallıq göstərdilər. Onların bir neçəsi ilə həmsöhbət olduq.

Rayonun Ulgüc kəndində yaşayan şəhid atası Faiq Cavadov bildirdi ki, bu tarixi Zəfər seçkilərində aktiv iştirak etməklə Azərbaycanı növbəti uğurlara aparacaq namizədə səs vermək hər bir seçicinin mənəvi borcu idi. Çünki dövlət başçımızın məqsədyönlü siyasəti sayəsində bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Bu xoşbəxtliyi bizlərə Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə "Dəmir yumruq" ətrafında birləşən ordumuz bəxş etdi. Ona görə də hər bir şəhid ailəsi və müharibə iştirakçısı seçkilərdə aktiv iştirak etdi. Seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdı. Mən də ailəmlə birlikdə xalqımızın qalib lideri İlham Əliyevə səs verdim. Ona görə ki, şəhid ailələri ölkəmizin inkişafı üçün atılan bütün addımları və onlara göstərilən hərtərəfli dövlət qayğısını dəstəkləyir və davam etdirilməsini istəyir.

Hacıqədirli kənd sakini, şəhid atası Rəşid Abdullayev qeyd etdi ki, ərazi bütövlüyümüzün tam bərpası və ölkəmizdə erməni separatizminin kökünün birdəfəlik məhv edildiyi barədə söz düşəndə şəhid ailəsi olaraq qürur duyuram. Çünki vətən üçün böyütdüyümüz övladımız xalqımızın Zəfəri yolunda canından keçib. Biz də onların arzularını reallaşdırmaq və ruhlarını şad etmək üçün daha əzmlə çalışmalı və ölkəmizi daim inkişaf etdirməliyik. Buna görə də seçkidə iştirak etməklə dövlətimizin daha böyük inkişafı və xalqımızın rifahının durmadan yaxşılaşması üçün İlham Əliyevə növbəti dəfə böyük ehtimad göstərdik. Biz böyük etimadımızı uğurlu fəaliyyəti ilə doğruldan liderimizə növbəti dəfə səs verdik. Çünki biz bunu özümüzə vətəndaşlıq borcu hesab edirik.

Söhbətimizə qoşulan Gəlayir kənd sakini, III dərəcəli müharibə əlili, qazi Ceyhun Məmmədov bildirdi ki, biz "Dəmir yumruq" ətrafında birləşib düşmənə sarsıdıcı zərbələr endirəndə tezliklə torpaqlarımızın azad olunacağına əmin edik. Çünki Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində xalqla ordunun monolit birliyi tam təmin olunmuşdu. Bu səbəbdən də hər bir əsgər döyüşə qələbə əzmi ilə gedirdi. İtkilər versək də, düşməni işğal etdiyi torpaqlardan geri çəkilməyə məcbur etdik. Bu gün isə həmin ərazilərdə böyük quruculuq işləri görülür və yeni-yeni layihələr həyata keçirilir. Biz qazandığımız bu uğurların davam etdirilməsi üçün növbədənkənar seçkilərdə də iştirak etməklə döyüşdə olduğu kimi, fəallığımızı nümayiş etdirdik. Azərbaycanın inkişafı naminə xalqın qalib lideri olan Prezident İlham Əliyevə yekdilliklə səs verdik. Çünki bu, bizim vətən və xalq qarşısında müqəddəs vəzifəmizdi. Vətəni qoruduğumuz, ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi, ölkəmizin dinamik inkişafına da nail olmalıyıq.

M.NƏRİMANOĞLU,

"Respublika".