Vətən sevdalılarına ehtiram
Digər xəbərlər

Vətən sevdalılarına ehtiram

44 günlük haqq savaşımızda Lənkəran rayonundan 67 gənc Vətənin naminə özlərini ona fəda etdilər. Rayon camaatı tarix yazıb əbədiyyət dünyasına qovuşan bu qəhrəman oğulları ilə qürur duyur, hər zaman onları ehtiramla xatırlayırlar. Mövlud günləri münasibətilə şəhidlər Baloğlan Əhədli və Mirxəyal Kərimzadənin yatdıqları müqəddəs torpaq rayon sakinləri tərəfindən ziyarət olundu, məzarlarına gül-çiçək düzüldü.

2002-ci il yanvarın 10-da Lənkəranın Gəgiran kəndində dünyaya göz açan Baloğlan Şakir oğlu Əhədli Vətən müharibəsi başlanan gündən yağı düşmənə qarşı qəhrəmanlıqla vuruşub, neçə-neçə döyüşdən zəfərlə çıxıb.

Suqovuşan, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ölüm-dirim müharibə meydanında düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. 7 noyabr tarixində qəfil atılan artilleriya atəşi nəticəsində Vətən məhəbbətli ürəyi əbədi susdurulub. Doğma Gəgiran kəndinə torpağa tapşırılan şəhid B. Əhədli ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, Qubadlının, Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

10 yanvar 1999-cu ildə Lənkəranda təvəllüd tapan, ölümündən sonra “Hərbi xidmətə görə”, “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azad olunmasına görə medallarına layiq görülən Mirxəyal Kərimzadə İkinci Qarabağ müharibəsi zamanı əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilib.

Füzuli əməliyyatında və Xocavənd rayonunun alınması uğrunda qəhrəmanlıqla adını yaddaşlara yazıb. Son döyüşdə də düşmənə sarsıdıcı zərbələr vurmaqla əbədiyyətə qovuşub. 9 noyabr tarixində Lənkəran şəhərinin kiçik bazar qəbiristanlığında dəfn olunub.

Zəfər ORUCOĞLU.