Sahibkarlarla dəyirmi masa
İQTİSADİYYAT

Sahibkarlarla dəyirmi masa

Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar olması məhz ümummilli liderin adı ilə bağlıdır.

Ulu öndərin anadan olmasının 100 illiyi ədliyyə orqanlarında da geniş qeyd edilir, ümummilli liderin zəngin və çoxşaxəli irsinə həsr olunan tədbirlər keçirilir.

Şirvan Kommersiya Məhkəməsi tərəfindən məhkəmənin yurisdiksiyasına aid şəhər və rayonlarda fəaliyyət göstərən bir qrup sahibkarlarla dəyirmi masa keçirilib. Tədbirdə Şirvan apellyasiya və kommersiya məhkəmələrinin hakimləri və aparat işçiləri, Ədliyyə Nazirliyinin və Şirvan Regional Ədliyyə İdarəsinin, Mediasiya Şurasının təmsilçiləri iştirak ediblər.

Dəyirmi masada xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhkəmələrdə və ədliyyə orqanlarında keçirilən silsilə tədbirlərdən danışılıb, təməli ulu öndər tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının vətəndaşların, o cümlədən sahibkarların etibarlı məhkəmə müdafiəsi hüququnun təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov vətəninə və xalqına sıx bağlı olan ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edib, milli dövlətçiliyimizin bərpasında, ölkəmizin uğurlu inkişaf yoluna qədəm qoymasında misilsiz xidmətlərini bir daha diqqətə çatdırıb. Bildirib ki, ümummilli liderin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük irəliləyişlərə nail olunub, ölkə iqtisadiyyatı dünyanın aparıcı iqtisadiyyatları ilə müqayisə edilə biləcək səviyyəyə çatıb, insanların rifahı yüksəlib, Azərbaycan xalqının uzun illər həsrətində olduğu doğma torpaqlarımız düşməndən azad edilib.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları, bu sahədə əldə edilən nailiyyətlər və müasir çağırışlar barədə danışan Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə ölkəmizdə azad sahibkarlıq mühitinin formalaşdırılmasında, sahibkarlıq sahəsində fəaliyyətin normativ əsaslarının müəyyən edilməsi, sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması sahəsində qanunvericilik bazasının yaradılmasında ulu öndərin əvəzsiz xidmətlərini qeyd edib.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlər aparılan mütərəqqi islahatlar çərçivəsində məhkəmə orqanlarının fəaliyyətinə ictimai etimadın yüksəldilməsi, vətəndaş hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, o cümlədən sahibkarlıq subyektlərinin hüquq və qanuni maraqlarının qorunması ilə bağlı mühüm qanunvericilik, institusional və digər əməli işlər həyata keçirilməsi diqqətə çatdırılıb. Bildirilib ki, bu sahədə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı mühüm "yol xəritəsi" olmaqla ardıcıl tədbirlər görülür.

Dəyirmi masada kommersiya məhkəmələrinin fəaliyyət istiqamətləri və ona müraciət qaydaları, kommersiya mübahisələrinə dair işlərə yuxarı instansiya məhkəmələrində baxılmasının xüsusiyyətləri, mübahisələrin məhkəmədən kənar həlli institutu olan mediasiya prosesi ilə bağlı çıxışlar edilib, "Elektron məhkəmə" informasiya sisteminin funksional imkanları, o cümlədən "Şəxsi elektron kabinet" barədə məlumat verilərək əyani təqdimat nümayiş etdirilib.

Sonra geniş fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Mehparə ƏLİYEVA,

"Respublika".