Sabitlik, tərəqqi və inkişaf
Digər xəbərlər

Sabitlik, tərəqqi və inkişaf

Dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməsi barədə Sərəncam imzalayıb. Mən bunu müdrik qərar hesab edirəm, zamanında atılmış addımdır və alqışlayıram. İnanıram ki, bu seçkilərdə də həmişə olduğu kimi, demokratiya zəfər çalacaq.

Ölkəmizdə uzun illərdir siyasi sabitlikdir, demokratiyanın bütün təzahürləri tam bərqərar olub. Həmçinin bizim cəmiyyət sivildir, savadlıdır, kamildir. Ayrı-ayrı xalqların və dinlərin mənsubları burada mehriban ailə kimi yaşayırlar, qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi mühit mövcuddur. Eləcə də, vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Bunu illərin təcrübəsi sübut edir. İnanıram ki, xalqımız bu seçkilərdə də öz sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, onu müzəffər edən cənab İlham Əliyevi dəstəkləyəcək. Hər kəsə yaxşı məlumdur ki, Prezident İlham Əliyev xalqına verdiyi vədləri yüksək peşəkarlıqla yerinə yetirib, arzularını reallaşdırıb. Prezidentimiz gördüyü taleyüklü işlərlə hər bir vətəndaşın səmimi sevgisini və dərin hörmətini qazınıb. Əminik ki, ölkə başçımızın rəhbərliyi ilə dövlətimizi və xalqımızı daha aydın sabahlar, parlaq gələcək gözləyir. Vətən müharibəsinin qalib sərkərdəsi olan cənab İlham Əliyev Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti-quruculuq işlərinin də memarıdır. Əminik ki, Prezidentimiz yaxın zamanlarda həmin ərazilərdə görülən işləri başa çatdıracaq, gözəl Füzulini, Ağdamı, Hadrutu, Şuşanı, Xocalını cənnətə çevirəcək.

Bu seçkilər həm də Laçın, Füzuli, Zəngilan sakinlərinin öz yurdlarında ilk dəfə səs verməsi ilə yadda qalacaq. Bu, həqiqətən də, hər birimizi qürurlandırır və fərəhləndirir. Qalib xalqımıza bu xoşbəxtliyi nəsib edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə daim minnətdarıq.            

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.