Qüdrətli, qalib ölkə
Siyasət

Qüdrətli, qalib ölkə

2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb. Ötən müddət ərzində ölkəmizin keçdiyi böyük inkişaf yolunda müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır.

Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. Bütün bunlar ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir, nüfuzunu artırır. Ölkəmizin uğurları, iqtisadi yüksəlişi dünya liderləri tərəfindən də yüksək səviyyədə təqdir olunur.

Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm və əlamətdar ildönümündə Türkiyənin kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyduğunu vurğulayıb. Məktubda daha sonra deyilir: "Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram".

Rusiya Prezidenti Vladimir Putinin təbrikində ölkəmizin sosial-iqtisadi inkişafda qazandığı uğurların hamı tərəfindən qəbul edildiyi, Azərbaycanın dünya arenasında haqlı nüfuz qazandığı, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynadığı vurğulanır. Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinin məmnunluqla qeyd edildiyi məktubda deyilir: "Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir".

ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə bir neçə dəfə məktub göndərməsi və həmin məktublarında həm xalqımızı, həm də dövlət başçımızı təbrik etməsi Birləşmiş Ştatların Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsindən və bu ölkənin ikitərəfli əlaqələrin daha geniş formatda inkişaf etdirilməsində maraqlı olmasından xəbər verir. Bu, ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürü və eyni zamanda Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir. ABŞ Prezidenti Co Baydenin məktubu Azərbaycanın həm siyasi mövqeyinə, həm də milli dəyərlərinə yüksək ehtiramın ifadəsidir. Məktubda Azərbaycanın sülh, əməkdaşlıq və tərəqqiyə verdiyi töhfələr yüksək qiymətləndirilib, Bakı və Vaşinqton arasında əlaqələrin genişləndirilməsinin önəmi xüsusi vurğulanıb. Bu məqamlar bir daha göstərir ki, Prezident İlham Əliyev düzgün xarici siyasət kursu aparır, çətin geosiyasi vəziyyətlərdə balanslı siyasəti qorumağı bacarır. Xalqımız dövlət başçısı İlham Əliyevin çətin geosiyasi vəziyyətlərdə Azərbaycanın milli maraqlarını qoruya bilməsini, diplomatik bacarıqlarını yüksək qiymətləndirir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubunda bildirir ki, son illər ərzində Çin-Azərbaycan münasibətləri sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə irəliləyir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi: "Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram".

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi bildirir ki, Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur və ölkənizin hər cür təcavüzə qarşı özünümüdafiə hüququnu dəstəkləməkdə davam edəcək. Əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik: "Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm".

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda deyilir ki, Sizi İtaliya xalqı adından və şəxsən öz adımdan təbrik edir, Azərbaycan Respublikasının firavan gələcəyi naminə səmimi arzularımı çatdırıram. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olması pandemiyanın ən pis dövrlərində yenidən öz təsdiqini tapdı. Bunun da qarşılıqlı həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir. Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ünvanladığı məktubda Prezident İlham Əliyevin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyi "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram" sözlərinin gerçəyə çevrildiyi vurğulanır. "Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb. Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm".

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda qeyd olunur ki, regionumuz malik olduğu gesosiyasi potensialını tam istifadə etməkdə çoxlu problem və maneələrlə üzləşmişdir. Gürcüstan ilə Azərbaycanı əsrlər boyu dostluq, mehriban qonşuluq münasibətləri, qarşılıqlı hörmət və ümumi maraqlar birləşdirir. Buna görə də mən qəti şəkildə inanıram ki, biz birlikdə ümumi regional problemlərimizi regional imkanlara çevirəcəyik. Əminəm ki, biz birgə səylərimizlə regionda sülhü və sabitliyi möhkəmləndirəcəyik. Bunun isə təkcə region deyil, dünya üçün faydalı nəticələri olacaqdır. Bizim üçün Qafqazın iqtisadi potensialını tam reallaşdırmaq və regionu Şərqlə Qərb arasında əlaqə mərkəzinə çevirmək zamanıdır.

Mustafa KAMAL,

"Respublika".