Şuşada Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib
İyunun 15-də Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş "Qurtuluşdan Zəfərə" adlı beynəlxalq konfrans keçirilib.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. "Heydər Əliyev İli" çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda, o cümlədən qardaş Türkiyədə silsilə tədbirlər həyata keçirilir. Eyni zamanda, bu il dünyada nüfuzlu və qüdrətli dövlət, müasir və demokratik ölkə kimi tanınan, davamlı yüksəlişi və möhtəşəm uğurları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilməkdədir".
YAP Sədrinin müavini qeyd edib ki, əziz xatirəsini sonsuz sayğı və dərin ehtiramla anaraq anadan olmasının 100-cü ildönümünü qürurla və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir: "Müdrik dövlət xadimi iki fərqli dövrdə - istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmuş, Azərbaycan xalqının parlaq gələcəyini təmin etmişdir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını - doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət - vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciətinə Ümummilli Liderin razılıq verməsi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu. Eyni zamanda, həmin vaxt ölkəmiz olduqca mürəkkəb vəziyyətlə qarşıya-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev bundan öncə dəfələrlə olduğu kimi, öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq tarixi-siyasi məsuliyyəti üzərinə götürdü. 30 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı".
Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yerinin və rolunun olduğunu deyən YAP Mərkəzi Aparatının rəhbərinin sözlərinə görə, bu, xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: "Qurtuluş məfkurəsi Heydər Əliyevin xilaskarlıq missiyası kimi Azərbaycana tarixi uğurlar qazandırmış və xalqımıza şanlı qələbələr bəxş etmişdir".
Tahir Budaqov vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin milli iradə və etimad əsasında Prezident seçilməsindən sonra sabitliyin və inkişafın təmin edilməsi, bütün sahələri əhatə edən kompleks islahatların, sistemli ordu quruculuğunun reallaşdırılması, milli maraqlara və zamanın çağırışlarına uyğun xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edildi, qarşıda duran milli hədəflər və strateji vəzifələr gerçəkləşdirildi, tarixi Zəfərimizin möhkəm əsasları yaradıldı: "Bir sözlə, Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanı Qurtuluşdan tərəqqiyə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu.
YAP Sədrinin müavini deyib ki, bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında - sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir: "Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə qazanılan uğurlar və hazırkı reallıqlar Heydər Əliyev yolunun Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir. Fenomenal şəxsiyyətin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin milli maraqlara, müasir çağırışlara əsaslanan, tərəqqi və Zəfərə hədəflənən siyasəti çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycan reallığını mümkün etmişdir. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın ikili standartlara, mürəkkəb beynəlxalq şəraitdə qərəzli geopolitik oyunlara, ədalətsiz və mürtəce yanaşmalara rəğmən, Prezident İlham Əliyevin komandanlığı ilə, dövlətimizin qüdrəti və xalqımızın iradəsi nəticəsində düşmən tapdağından azad edilməsi isə Heydər Əliyev siyasətinin möhtəşəm uğuru və təntənəsidir".
Tahir Budaqov söyləyib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında qardaş Türkiyənin Azərbaycana yüksək mənəvi-siyasi dəstəyinin müstəsna rolu vardır: "Müharibənin ilk dəqiqələrindən etibarən "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deyən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin və Türkiyə xalqının Azərbaycana inamlı dəstəyi böyük mənəvi-siyasi stimul kimi bu tarixi qalibiyyətə güclü təkan oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan və müasir tariximizdə Ümummilli Liderimizin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən "Ümid" körpüsü ilə yeni məzmun alan Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində tamamilə yeni bir səviyyəyə qalxmış, iki il bundan əvvəl - 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır. Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır".
"İnkaredilməz həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının çoxşaxəli əməkdaşlığının mühüm rolu var. Təqdirəlayiq haldır ki, 2021-ci ilin iyun ayının 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək atılan addımlar partiyalar arasında əlaqələrin genişlənməsini və işbirliyinin dərinləşməsini şərtləndirir. Xüsusilə də, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mütəmadi olaraq fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyası və AK Parti yeni reallıqlardan və çağırışlardan irəli gələn hədəfləri bundan sonra da birlikdə reallaşdırmaq əzmindədirlər. Yeri gəlmişkən, fürsətdən istifadə edərək Azərbaycan xalqının da böyük diqqətlə və həyəcanla yaxından izlədiyi seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının qazandığı inamlı qələbə münasibətilə Ədalət və İnkişaf Partiyasına təbriklərimizi çatdırır, dəyərli dostumuz Numan Kurtulmuşa Türkiyə Böyük Millət Məclisinin sədri kimi fəaliyyətində uğurlar, yeni yüzillikdə qardaş ölkəyə davamlı nailiyyətlər və daha böyük qələbələr arzulayırıq",- deyən Tahir Budaqovun sözlərinə görə, sevindirici haldır ki, Türkiyə xalqı son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verməklə düzgün seçim etdi və müdriklik nümunəsi ortaya qoydu: "Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 20 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində Türkiyənin potensialı və gücü artmış, xalq-iqtidar birliyi təmin edilmiş - milli həmrəylik gücləndirilmiş, qardaş ölkə dünya miqyasında söz və nüfuz sahibinə çevrilmişdir. Bu gün bölgədə heç bir məsələ Türkiyənin iradəsi və iştirakı olmadan həll edilə bilməz. Şübhə yoxdur ki, "Böyük və güclü Türkiyəni birlikdə quraq" çağırışı ilə çıxış edən cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti yeni yüzillik üçün müəyyən edilmiş strateji hədəfləri gerçəkləşdirməklə beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirəcəkdir".
Çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım vurğulayıb ki, Bursadan sonra Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bu gün Şuşada bir araya gəlməyimiz qürurvericidir: "Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı zaman keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib".
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan Binəli Yıldırım "Ermənistan Qarabağın artıq Azərbaycanın əzəli tərkib hissəsi olduğunu qeyd-şərtsiz qəbul edib. Qarabağda yaşayan ermənilərin inteqrasiyası artıq başlayıb. Bu ərazilərdəki separatçı qüvvələr öz fəaliyyətini dayandırmalı və Azərbaycana təslim olmalıdır. Azərbaycan rəhbərliyi hər zaman humanist addımlar atır", - deyə o bildirib.
Binəli Yıldırım Ermənistanın Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması prosesini ləngitdiyini deyib. Qeyd edib ki, Ermənistan bununla özünə ziyan edir. Vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında əlaqələr daha da möhkəmlənəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atılmışdır: "Belə ki, müxtəlif ölkələrin 9 şəhəri ilə qardaşlaşma və tərəfdaşlığa dair protokol imzalanmışdır ki, bunlardan ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir. Həmçinin Türk dövlətlərindən Qazaxıstanın Türküstan, Özbəkistanın isə Xivə şəhərləri ilə də qardaşlıq münasibətləri qurulmuşdur. Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Macarıstanın Veszprem şəhəri də Şuşa ilə əməkdaşlıq əlaqələri quran şəhərlər sırasındadır".
Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala növbəti dəfə Şuşada olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. "Münasibətlərimiz xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub. Bu ilin fevralında ölkəmizin yaşadığı zəlzələ fəlakətində bizə yardım edən ölkələr sırasında Azərbaycanı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan yardım üçün bütün imkanlarını səfərbər etdi. Var gücü ilə Türk qardaşlarına kömək etməyə çalışan Azərbaycan xalqının dəstəyi həmrəyliyimizin simvoluna çevrilib. Təxminən bir ay əvvəl zəlzələnin episentri olan Kahramanmaraşda Azərbaycanın maliyyələşdirdiyi 1000 mənzil tikintisi layihəsinin təməli qoyulub".
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Ramil Həsən isə çıxışında bildirib ki, Qurtuluşdan Zəfərə gedən yol heç də asan olmayıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə eyni kökə malik iki dövlətin tarixində yeni səhifə açılıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, "Mən uşaqlığımda həmişə xəyal edərdim ki, görəsən nə vaxtsa müstəqil Azərbaycanın paytaxtı Bakını görə biləcəmmi? Allaha şükür, bu, bizə nəsib oldu. Xəyal etmişdim ki, Şuşaya gedə biləcəmmi? O da qismət oldu. İndi arzu edirəm ki, övladlarımla birlikdə öz avtomobilimlə İstanbuldan çıxıb Zəngəzur dəhlizindən keçərək Şuşaya gəlim. Allah o günü də biz qismət edəcək. Bəli, biz bir yumruğuq, tək canıq, tək millətik!".
Daha sonra konfrans öz işini panel iclası ilə davam etdirib.
Çıxış edən Türkiyə enerji və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan qeyd edib ki, ikinci Vətənimiz olan Azərbaycanın Milli Qurtuluş Günündə beynəlxalq konfransda iştirak etməkdən qürur hissi keçirirəm: "Laçından Füzuliyə, Cəbrayıldan Qarabağa salam verdiyimiz bütün Vətən torpağının azadlığa qovuşması bizi çox sevindirdi.
Azərbaycan Respublikasının energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, qlobal çağırışlar və regional dəyişikliklər Azərbaycan və Türkiyənin iştirakı ilə uzun illərdir həyata keçirilən enerji kursuna da yeni məzmun qazandırır.
Nazir müavininin sözlərinə görə, Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji əhəmiyyət kəsb edən, Avropa dövlətlərinin tərəfdaşlığa can atdıqları ölkələr oldular: "TANAP Türkiyəni təbii qaz təchizatının vacib bir həlqəsinə çevirməklə bərabər onun qaz ehtiyacının önəmli bir qismini də qarşılayır. Önümüzdə TANAP və TAP-ın genişləndirilməsi planları var. 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırılması ilə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və tədarükün şaxələndirilməsi missiyamızı yeniləmək niyyətindəyik".
Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Dövlət Təşkilatı Sədrinin müavini Mustafa Murad Şeker bildirib: "Can Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində Zəfər qazanaraq Ermənistanın 30 il davam edən işğalına son qoyması və tarixi ədaləti bərpa etməsi bizi olduqca sevindirir. Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsində Azərbaycan önəmli aktor olaraq rol almaqdadır".
Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov çıxışında bildirib ki, Azərbaycan tarix boyu dost və qardaş ölkə olan Türkiyənin müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki sahədə dəstəyini hiss edib. NATO standartları və qabaqcıl texnologiya əsasında işləyən Türkiyənin müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb və müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 31 oktyabr 2017-ci il tarixində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin qarşısında qoyduğu əsas vəzifələrdən biri perspektiv planda innovativ xüsusi təyinatlı məhsulların və digər texnologiyaların işlənib hazırlanmasıdır.
SETA Strateji Araşdırmalar Mərkəzinin elmi araşdırmaçısı Ferhat Pirinççi bu səfərlər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edir. Əminliklə demək olar ki, müttəfiqlik Bəyannaməsinin müddəalarının gerçəkləşməsi istiqamətində çox böyük işlər görülüb".
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu Azərbaycan-Türkiyə münasibətlərinin dünyanın digər dövlətləri arasında səmimi dostluq, qardaşlıq və bərabərhüquqlu münasibətlərin qurulması üçün unikal bir nümunə olduğunu bildirib.
Konfransın sonunda xatirə fotosu çəkdirilib.
Konfrans iştirakçıları Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Daha sonra Yuxarı Gövhərağa məscidi və Saatlı məscidini ziyarət edib, Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və Qarabağ" fotosərgisinə və XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.
Xaqani KOSAYEV,
“Respublika”.