QÜDRƏTLİ AZƏRBAYCANIN İSTİQLALININ QAYIDIŞI
Siyasət

QÜDRƏTLİ AZƏRBAYCANIN İSTİQLALININ QAYIDIŞI

Xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsindən, müstəqilliyimizin bərpa edilməsindən 30 il keçir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə o illərin hadisələrini müdrikcəsinə təhlil edərək demişdir: "1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?"

Azad, müstəqil dövlət halında yaşamaq əsrlər boyu xalqımızın ən böyük arzusu olub. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın milli-demokratik qüvvələrini təmsil edən Müsəlman Milli Şurası 6 maddədən ibarət "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Bu Bəyannamə ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin 1920-ci ildə baş vermiş məlum hadisələr nəticəsində Azərbaycan xalqı öz milli azadlığından, dövlət müstəqilliyindən məhrum edildi.

XX əsrin sonunda ölkəmiz ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazandı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi.

Bugünkü qalibiyyət, zəfər yoluna necə gəlib çıxmağımızı bilmək üçün son 30 illik tarixə nəzər salaq. 1990-1993-cü illərdə Azərbaycan çox çətin və ağır bir dövrü yaşayırdı. Xəyanətkar rəhbərlər və onları əvəz edən, naşı, səriştəsiz "bəylər" ölkəni fəlakət həddinə çatdırmışdılar. Bir tərəfdən də torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin salınmışdı. Baş verənlər göstərirdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

1993-cü ilin iyununda faktiki olaraq ölkədə vətəndaş müharibəsi başlamışdı. Azərbaycanın başı üstünü məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsi almışdı. O zaman hakimiyyət kürsüsündə oturan rəhbərlər ölkəni bürüyən ağır vəziyyət qarşısında aciz qalmışdılar. Xalqımızın yeganə ümid çırağı isə Heydər Əliyev idi.

Ulu öndər çox mürəkkəb tarixi şəraitdə xalqın təkidli xahişi ilə Naxçıvandan Bakıya gəldi. Bu tarixi qayıdış sayəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. İctimai-siyasi sabitlik təmin edildi. Xarici və daxili düşmənlərin məkrli planları puça çıxarıldı. Azərbaycanı parçalamaq istəyənlərin arzuları ürəklərində qaldı.  

Ümummilli lider həyatını, varlığını ölkəmizin müstəqilliyinin, dövlətçiliyinin qorunmasına, müasir, sivil, demokratik Azərbaycan quruculuğuna həsr etdi. Ölkədə yeni tarixi mərhələ başlandı.

1993-2003-cü illər Azərbaycanın siyasi həyatında, sosial-iqtisadi inkişafında həlledici dövr oldu. Heydər Əliyev qısa zaman kəsiyində ölkənin gələcək inkişafının əsasını qoydu, xalqımız üçün mümkün olan hər şeyi etdi. Azərbaycanın daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyənləşdirildi. Demokratik islahatlar həyata keçirilməyə, ordu quruculuğu prosesinə başlandı.

 Xalqımızın gələcək taleyində həlledici rola malik "Əsrin müqaviləsi" imzalandı. Xəzər dənizi ilə Qara dənizi birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşasına və Böyük İpək Yolunun bərpasına başlanıldı. Dünyanın aparıcı dövlətlərinin tanınmış şirkətləri Azərbaycana sərmayə qoydu. Bununla da ölkəmizin dünyanın enerji xəritəsində mövqeyi gücləndi, beynəlxalq imici yüksəlməyə başladı.

Müdrik rəhbər hüquqi dövlət, dinamik inkişaf, azərbaycançılıq ideologiyası və dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi, Avropaya, ümumilikdə dünyaya inteqrasiya istiqamətində cəsarətli addımlar atdı.

 Ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Ölkəmizin demokratik və hüquqi inkişaf yolu müəyyənləşdirildi. Qanunvericilik, dövlət idarəçiliyində zamanla səsləşən köklü islahatlar aparıldı. Azərbaycan Avropa Şurasına üzv seçildi.

Heydər Əliyev kimi qüdrətli şəxsiyyət olmasaydı, müstəqilliyimizi, dövlətçiliyimizi qoruyub saxlamaq çox çətin olardı. Buna görə də qədirbilən xalqımız öz dahi, müdrik oğlunun - Heydər Əliyevin unudulmaz, parlaq xatirəsini daim əziz tutur.

Heydər Əliyevin ömür yolu böyük həyat məktəbidir. Onun zəngin siyasi irsi, şəxsi nümunəsi, dövlətçilik fəaliyyəti, natiqliyi, davranış mədəniyyəti, diplomatiyası, görüşləri, səfərləri misilsiz və dəyərli mənbədir. Gənc nəsli bu ruhda tərbiyə etmək hər bir təhsil işçisinin müqəddəs borcudur. Bu məqsədlə ümumtəhsil, orta ixtisas və ali məktəblərdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə ayrıca fənn tədris edilməlidir.

Heydər Əliyev irsi daim inkişaf edən, öyrənildikcə tükənməyən, tədqiq edildikcə bitməyən bir irsdir. Bu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaqdır.

Qazandığımız bütün nailiyyətlərin, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizin təməlində ümummilli liderin xalqımızı işıqlı gələcəyə aparan siyasi kursu, ümmanlara sığmayan zəngin nəzəri irsi durur. Müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsində qazanılan uğurlar ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla, yüksək işgüzarlıqla həyata keçirilməsinin əyani, parlaq nümunəsidir.

Bu gün ölkəmiz beynəlxalq aləmdə söz sahibidir. Özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya ölkələri arasında etibarlı tərəfdaş kimi tanınır. Bir sıra nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

Son illər ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, bütün sahələrdə uğurlar əldə edilmiş, xalqın rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə nəinki regionda, bütün dünyada yeni reallıq yaratdı. Tarixi qələbəmiz ölkəmizin, bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 18 oktyabr hər il Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ölkəmizin ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi böyük qürurla, sonsuz sevinclə qarşıladıq.

Bu zəfəri, bu sevinci bizə bəxş etmiş Müzəffər Ali Baş Komandana, qüdrətli ordumuza, bütün igid oğullarımıza minnətdarıq. İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın əzəmətlə dalğalanması sevincimizi, fərəhimizi birə-min artırır. Azərbaycan öz məqsədlərinə, gələcək hədəflərinə, işıqlı gələcəyinə doğru inamla addımlayır.

Azad ABDULLAYEV,

Qabaqcıl təhsil işçisi, Astara şəhəri.