Qoşulmama Hərəkatı tarixində uğurlu sədrlik dönəmi
Siyasət

Qoşulmama Hərəkatı tarixində uğurlu sədrlik dönəmi

Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forumdur. Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı yaranıb.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunub. Elə həmin il bu qurumun və onun üzvlərinin dəstəyini alıb. Təşkilatda qısa müddət ərzində olduqca böyük nüfuz və etimad qazanan ölkəmiz 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər ərzində Hərəkata sədr seçilib. Hərəkatın Azərbaycan üçün əsas amillərindən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə üst-üstə düşməsidir.

Ölkəmiz bu günə qədər bir çox yeniliklər edib. Ötən illərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması, həmçinin postpandemiyaya həsr olunan sammitin keçirilməsi kimi təşəbbüslər birbaşa Prezident İlham Əliyevə aiddir.

Dünyanı 2 il ağuşuna alan pandemiya bir çox mənada ölkələrə ciddi ziyan vurub, minlərlə insanın ölümünə səbəb olub. Bu mənada ölkəmiz pandemiya vaxtı bir sıra virtual görüşlər keçirib. Nazirlər səviyyəsində olan toplantılar 20 may 2020-ci il və 24 may 2021-ci il tarixlərində, QH üzv dövlətlərinin səhiyyə nazirlərinin görüşləri, 9 oktyabr 2020-ci il tarixində (BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində) QH dövlətlərinin xarici işlər nazirlərinin iclası və 4 iyun 2021-ci il tarixində Hərəkata üzv dövlətlərin əmək nazirlərinin görüşləri baş tutub.

Bundan sonra ölkəmizin təşəbbüsü ilə 2021-ci ildə COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu zaman Prezident İlham Əliyev digər dövlət başçılarına son 3 ildə koronavirusla bağlı hesabatları açıqlayıb. Daha sonra "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Qətnamə 18 noyabr 2021-ci il tarixində qəbul edilib.

Növbəti dəfə ölkəmizin təşəbbüsü ilə 4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilib. 2 gün davam edən iclasın nəticəsi kimi Gənclər Şəbəkəsi üzvləri tərəfindən tövsiyə məktubu hazırlanaraq 11-12 oktyabr 2021-ci il tarixində Belqradda keçirilən Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunan yubiley tədbirində iştirak edən Hərəkata üzv dövlətlərin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim edilib.

Sektoral əməkdaşlıq üçün də ölkəmiz bir sıra təşəbbüslər irəli sürüb. Bunlar QH ölkələrinin elm və təhsil nazirlərinin, informasiya və texnologiya nazirlərinin görüş platformalarının yaradılmasıdır.

Ötən aylarda ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin koordinasiya iclası Azərbaycanın sədrliyi ilə sonuncu beynəlxalq tədbir olub. Ölkəmizin sadalanan bu əvəzsiz fəaliyyət və təşəbbüsləri təşkilatın tarixində xüsusi yer tutub. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini növbəti ilin ilk ayında Uqandaya təhvil verəcək. Uqandaya təhvil vermək üçün 120 ölkənin iştirakı ilə 1356 maddədən ibarət əsas sənədlər hazırlanıb və qəbul olunub. Bu ilin sonuna qədər iqlim məsələləri ilə bağlı da nazirlərin görüşünün təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, Uqandadan sonra sədrlik qardaş ölkə Özbəkistana keçəcək. Özbəkistan ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bizi daim dəstəkləyib. Bu il martın 1-də keçirilən görüşdə Şavkat Mirziyoyev bildirib: "Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb. Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var".

Dost ölkə Prezidentinin dedikləri tamamilə həqiqəti əks etdirir. Azərbaycan və Özbəkistan istər Qoşulmama Hərəkatı, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq ediblər. Ölkəmiz bu yolda Özbəkistanı dəstəkləyir. 4 illik sədrliyi dönəmində dost ölkə daim yanımızda durub. Belə ki, 9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilən Qoşulmama Hərəkatı üzv dövlətlərinin xarici işlər nazirlərinin videokonfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzünü əsas götürərək tədbirin gündəliyinə əlavə bənd daxil edilib. Bunun səbəbi isə görüşün Vətən müharibəsi dövrünə təsadüf etməsi olub. "Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum" başlıqlı bənd altında Xüsusi Bəyannamə qəbul edilib. Bu çərçivədə Özbəkistan və digər ölkələr Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmalardan narahatlıq ifadə edib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini ifadə ediblər.

Töhfə SƏMƏDOVA,

"Respublika".