“Qoca qurd”ların təhriki ilə hay təxribatı
Siyasət

“Qoca qurd”ların təhriki ilə hay təxribatı

Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi qurumun martın 31-də verdiyi bəyanatda isə qeyd olunub ki, şərti sərhəd boyunca Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələri qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaratması, fortifikasiya qurğuları inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Eyni zamanda yeni inşa edilən dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilib. Ermənistan tərəfi isə bu məlumatları təkzib edib, baş verənləri hərbi təlim, xüsusən də hərbi təyinatlı sürücülərin məşqləri kimi qələmə verməyə çalışıb. Təbii ki, rəsmi İrəvanın açıqlaması reallıqdan çox uzaqdır. Çünki sözügedən manevrlər poliqonlarda da həyata keçirilə bilər, bunun üçün şərti sərhədə gəlmək lazım deyil. Digər tərəfdən, videogörüntülərdə əks olunan hərbi texnikanın tərkibinə baxsaq görərik ki, bu, hücum silahlarının yerdəyişməsidir. Bütün bunlar göstərir ki, Ermənistan yenidən təxribata ələ atıb və bu isə regionda yeni eskalasiya ilə bağlı iddiaları gücləndirib.

Bu ssenari isə gözlənilən idi. Hətta Azərbaycan Xarici İşlər Nazirliyinin "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir" açıqlaması da mümkün riskləri göz önünə gətirir. Bu məsələyə bir qədər detallı nəzər salaq. Belə ki, aprelin 5-də Brüsseldə Ermənistan-Birləşmiş Ştatlar-Avropa İttifaqının müştərək konfransı keçiriləcək. Tədbir çərçivəsində baş nazir Nikol Paşinyan ABŞ-ın dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşəcək. Keçirilməsi planlaşdırılan görüşdə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın imzalanması istisna deyil. Bu xəbərlər gündəmə gələndən bəri yerli və xarici siyasətçilər bildirirlər ki, sözügedən toplantıdan əvvəl rəsmi İrəvanın şərti sərhəddə fəallaşması ehtimalı yüksəkdir. Paşinyan hökuməti bu yolla kollektiv Qərbi təhlükəsizlik təminatı verilməsinin vacibliyinə inandırmağa çalışır. Baş nazir bir növ ağalarına göstərmək istəyir ki, ölkəsində mini-NATO mexanizmi yaradılmalı, təhlükəsizlik təmin edilməlidir. Bu məqsədlə də İrəvan Azərbaycanla qısamüddətli silahlı toqquşmaların baş verməsində maraqlıdır. Yəni Ermənistanın fərari ordusunun son davranışları Azərbaycan tərəfinin səbrini daşırmağa və rəsmi Bakını cavab addımları atmağa sövq etməyə hesablanıb.

Qərbdəki bəzi siyasi dairələr də Ermənistan-Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanmasında maraqlıdır. Bunu sübuta yetirən ən bəsit fakt odur ki, İrəvanın təxribatları Avropa İttiaqının müşahidə missiyasının nümayəndələrinin gözü qarşısında baş verir. Amma insidentlərə nə "demokratiyanın beşiyi" Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları, nə də özünün ədalətli mövqe sərgilədiyini iddia edən Fransa münasibət bildirir. Bu da səbəbsiz deyil. Çünki sözügedən qütblər də Ermənistan üzərindən Cənubi Qafqaz siyasətini həyata keçirməyə çalışırlar. Aydın məsələdir ki, Ukraynada müharibə başlayandan sonra "qoca qitə" Kremlə təkcə sanksiyalar tətbiq etməklə kifayətlənmədi. Avropanın "qoca qurd"ları Moskvaya qarşı ikinci cəbhənin açılması üçün də əlindən gələni etdi. Onların son dövrlərdə İrəvanla hədsiz yaxınlaşması da bunun göstəricisidir. Doğrudur, Qərb Azərbaycana qarşı hər zaman riyakar siyasət nümayiş etdirib. Məsələn, Vətən müharibəsindən sonra Ermənistanın halına ağlayan Avropa və Birləşmiş Ştatlar 30 illik işğal dövründə bir dəfə belə olsun ölkəmiz üçün faydalı nəyəsə nail olmayıb. Qarabağdan öz istəkləri ilə çıxan ermənilərə görə şivən qoparan ölkələr 1 milyona yaxın köçkünün halına yanmayıb. İşğaldan azad etdiyimiz ərazilərimizdəki yenidənqurma və mina probleminin həllinə də töhfə verməyib. İndiki məqamda Qərbin Ermənistanın şərti sərhəddəki addımlarına səssiz qalması sırf onların Rusiyaya qarşı planlarının reallaşmasına xidmət edir. Bu blok yaranan vəziyyətdən Ermənistanda hərbi kontingent yerləşdirmək üçün istifadə etməyi hədəfləyir.

Belə olan təqdirdə isə vəziyyətin getdikcə gərginləşməsi və sonda ciddi lokal toqquşmaların baş verməsi istisna edilmir. Əgər belə bir hadisə baş verərsə, Ermənistanda ağır situasiya yarana bilər. Müdafiə Nazirliyinin son bəyanatında artıq bunun mesajı da verilib: "Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək".

Paşinyan və komandası anlamalıdır ki, Ermənistan tərəfi mövqelərimizi atəşə tutursa, şərti dövlət sərhədinə qoşun cəmləşdirirsə, ölkəmizə qarşı hücum məqsədi daşıyan fortifikasiya qurğuları inşa edirsə, Azərbaycanın da buna qarşı güc tətbiq etməsi qaçılmaz olacaq. Üstəlik, bu, beynəlxalq hüququn prinsip və normalarına da zidd deyil. Yəni İrəvan avantürist siyasətindən əl çəkməsə, növbəti dəfə daha sərt şəkildə cəzalandırılacaq.

Jalə QASIMZADƏ,

"Respublika".