Qlobal və regional təhlükəsizliyə töhfə
Siyasət

Qlobal və regional təhlükəsizliyə töhfə

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir çox dövlət rəsmiləri ilə keçirdiyi görüşlər məhsuldar oldu. Onu da qeyd edim ki, ümumilikdə 24 görüş baş tutdu. ABŞ-ın dövlət katibi bu ölkənin digər səlahiyyətli şəxsləri ilə qarşılıqlı müzakirələr bir daha cənab Prezidentə olan etimaddan xəbər verir. Bununla yanaşı, Almaniyanın kansleri Olaf Şolts, "The Rockefeller Foundation"ın baş vitse-prezidenti Eylin Okonnor və digər nüfuzlu şəxslərlə keçirilən görüşlər, ikitərəfli siyasi gündəliklər barədə fikir mübadiləsinin aparılması, Azərbaycana investisiyaların cəlb olunması, faydalı əməkdaşlığa əsaslanan münasibətlərin formalaşmasına müsbət təsir göstərəcək.

Ümumən, dövlətimizin başçısının Münxen səfəri Azərbaycan üçün yeni perspektivlər vəd edir. Dünyanın tanınmış şəxsləri cənab Prezidentlə görüşməkdə maraqlı idilər. Baş tutan görüşlərin əksəriyyətinin məhz qarşı tərəflərin təşəbbüsü ilə keçirilməsi bunu bir daha təsdiqləyir. Digər tərəfdən, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Baş nazirinə olan laqeydlik də gözdən qaçmadı. Bu gün Hayastan mediasında da həmin məsələ geniş müzakirələrə səbəb olub. Erməni politoloqlar bu məsələni xüsusi qabardırlar.

Qeyd edək ki, Azərbaycan müntəzəm şəkildə Münxen Təhlükəsizlik Konfransına dəvət alır. Ölkə başçımız müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür. Bu isə qlobal və regional təhlükəsizliyə töhfə verir. Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə Azərbaycanın COP29-a evsahibliyi edəcəyi də geniş müzakirə olunub. Respublikamızın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi və digər qlobal tədbirlər dünyada ölkəmizin nüfuzunun artmasına təsir göstərir. Prezident İlham Əliyevin inaqurasiya mərasimində də söylədiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, qlobal problemlərin həllinə mühüm töhfələr verən ölkə kimi qəbul olunur.     

İlyas HÜSEYNOV,

politoloq.