“Qırmızı təxribat
Digər xəbərlər

“Qırmızı təxribat" hayların çirkin niyyətlərinə rəvac verir

Adını Beynəlxalq Qırmızı Xaç qoyan bu komitənin təxribatları ara vermir. Müharibədən sonra komitənin daha da kəskinləşən ikili yanaşma siyasəti heç də anlaşılan deyil. Mənfur və hiyləgər hayları dünyaya yazıq göstərməyə çalışmağın kökündə hansı maraqlar dayanır. Bəzi ölkələr olmasa da ən azından regionda hər kəs bilir ki, ermənilər necə xalqdır. Məsələ bundadır ki, digər dövlətlər haylardan sadəcə öz maraqları üçün istifadə edirlər. Rola girməyi çox gözəl bacaran ermənilər regionda güc əldə etmək istəyən qüvvələrin oyuncağıdır. Bu baxımdan, BQXK imzası ilə regiona maraq göstərən güclərin Azərbaycana qarşı provakativ addımları səngimək bilmir.

Avqustun 25-də BQXK-nın müşayiəti ilə Ermənistana təcili tibbi yardım maşını vasitəsilə xəstə daşınıb. Həmin maşının üzərində separatçı rejimin "gerbi" əks olunub. Lakin sərhədçilərimiz bu cür provakasiyaya yol verməyərək elə hayların öz əlləri ilə öz saxta "gerblərini" sökdürüblər. Bu əsnada sərhəd xidmətinin uğurlu fəaliyyətini qeyd etmək olar. Daha sonra komitənin karvanındakı erməni sakinlərin şəxsi çantalarının üzərinə guya bilmədən xunta rejiminin "bayrağının" əks olunması da növbəti təxribatçı addımlardan biridir və dərhal sərhədçilərimiz tərəfindən buna da müdaxilə olunub. Ermənilərin ən cılız təxribatları belə yolverilməz, qəbuledilməzdir. Bu BQXK imzası ilə törədilən ilk belə təxribat deyil. Əsas hədəfi silahlı münaqişələrin qurbanlarını qorumaq olsa da, nə 30 illik münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və ədalətli fəaliyyəti olmayıb. Hərbi əsirlərlə belə davranışda biz dəfələrlə bu ikili yanaşmanın şahidi olmuşuq. Əksinə, "bitərəflik", "qərəzsizlik", "vahidlik" kimi fundamental prinsipləri rəhbər tutmaq barədə öhdəlik götürən qurum Ermənistanla eyni xətti tutub.

Son dövrlərdə  BQXK Qarabağ bölgəsində məskunlaşan hayların humanitar ehtiyacları mövzusu və "humanitar fəlakət" şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyəti göstərməyə davam edir. Halbuki komitə hansısa siyasi şoulara alət olmaq yox, yaranmış humanitar çətinliyin istənilən təhlükəsiz və hüquqazidd olmayan üsul və vasitələrlə aradan qaldırılması istiqamətində fəaliyyət göstərməli, əgər təhlükəli vəziyyət yaranarsa, ədalətli yanaşma ilə bunu hər iki tərəfə bildirməlidir. Münaqişə və müharibə dövründə daima qaçaqmalçılıq və silah dövriyyəsi zamanı istifadə edilən Laçın yolundan fərqli olaraq daha təhlükəsiz Xankəndi-Ağdam yolunu seçməklə həm də gərginliyin azaldılmasına vasitəçilik etməlidir. Amma qurum qarşılıqlı etimadın yaranması və bununla da bölgədə yekun sülhə nail olunmasından narahatdır.  Münaqişənin həll olunmasını istəməyən bəzi qüvvələrin fonunda bu komitə əlaltı kimi çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq ətrafında söhbət aparıb. Laçın sərhəd- buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb. Lakin dəfələrlə edilən çağırışlara baxmayaraq, BQXK-nın təxribata rəvac vermə cəhdləri davam edir.

Ötən ay Xocalının Meşəli kəndində törədilən faciənin əsas iştirakçılarından biri olan Vaqif Xaçaturyanın sərhəddən keçirilmək istəyi onun səriştəsiz qurum olduğunu göstərdi. Göründüyü kimi, BQXK təkcə qaçaqmalçılıqla deyil, hətta İnterpol xəttilə beynəlxalq axtarışda olan hərbi cinayətkarın himayəsi ilə də məşğuldur. Lakin çevik və işində sayıq olan sərhədçilərimiz qatili saxladı və bütün gerçəklər üzə çıxdı.

Azərbaycanda onun fəaliyyətinə heç ehtiyac da yoxdur. Çünki ölkəmiz özü digər dövlətlərə humanitar yardım göstərir. Əgər Qarabağda yaşayan erməni sakinlər reinteqrasiya prosesinə qucaq açsalar, heç onlara humanitar yardıma da ehtiyac qalmaz. Ölkəmiz Ermənistanın törətdiyi təxribatlara rəvac verilməsini çox ciddi şəkildə qınayır və sülhə əngəl olma cəhdləri kimi qiymətləndirir.

Tacir SADIQOV,

"Respublika".