Qərəzin və saxtakarlığın təsdiqi
Siyasət

Qərəzin və saxtakarlığın təsdiqi

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub. Dinləmədə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da iştirak edib.

Qeyd edək ki, hazırda bəzi Qərb ölkələrində genişlənən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra əsassız iddialar səsləndirilib. Müzakirəyə Azərbaycandan heç kimin dəvət edilməməsi və bədnam Okamponun əsas məruzəçi olması dinləmənin qeyri-obyektivliyindən xəbər verir.

Xatırlatmaq lazımdır ki, bundan bir müddət əvvəl də Luis Moreno Okampo qalmaqallı bəyanatı ilə erməni lobbisinin nümayəndələrindən biri olduğunu bariz şəkildə nümayiş etdirib. Belə ki, Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi olan Okampo beynəlxalq hüququn müvafiq müddəalarına zidd fikirlər səsləndirib, Qarabağ bölgəsində "soyqırımı"nın baş verdiyini iddia edib. Beynəlxalq hüquqa görə, Qarabağ iqtisadi rayonu Azərbaycanın ərazisidir və buradakı separatçı rejim qeyri-qanuni fəaliyyət göstərir. Lakin Okamponun sərsəm, əsassız, beynəlxalq hüquqazidd təxribat xarakterli iddiaları Cənubi Qafqazdakı stabilliyin bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına əngəldir. Qeyd edək ki, Azərbaycan müstəqil ekspert kimi Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi ilə bağlı ekspert Rodni Diksona müraciət edib. Diksonun sözlərinə görə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddiaların Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olmasına və bölgədə gərginliyi qızışdırmasına yol verilməməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, qeyd edilib ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir. Bütün bunlar açıq-aydın onu deməyə əsas verir ki, özünü demokrat adlandıranlar, haqdan-ədalətdən dəm vuranlar Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu görməzdən gəlməyi üstün tutublar.

Qərəzli tənqid də əsassız tərif kimidir. Okamponun Azərbaycana qarşı irəli sürdüyü iddialar ölkəmizin böyük qələbəsini, zəfərini həzm edə bilməməkdən irəli gəlir. Erməni lobbisinin muzdlu işçisi Okampo Azərbaycana qarşı boş ittihamlar irəli sürərək artıq beynəlxalq hüququ da tanımaqdan imtina etdiyini nümayiş etdirir.

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə iştirak edən şəxslərin siyahısına diqqət yetirmək belə kifayət edir ki, müzakirənin necə birtərəfli qaydada təşkil olunmasını deyə biləsən. Qarabağ Azərbaycanın tarixi, əzəli və əbədi ərazisidir. Azərbaycanın iştirakı olmadan "Qarabağ"ı müzakirəyə çıxarmaq dinləmənin boş və mənasız olduğuna dəlalət edir. Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında keçən telefon danışığı zamanı bölgədə guya "çətin humanitar vəziyyət" və "blokada"nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Eyni zamanda postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində yaranmış tarixi şansın əldən verilməməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının kəskin pislənməsi və qınanmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərə bilməz. Əvəzində isə bu, indiyədək ortaya qoyulan sülh təşəbbüslərinin sonu demək olacaq, sülh prosesi bundan böyük zərbə alacaq. Çünki qalib tərəf Azərbaycandır və sülh ən çox Ermənistana lazımdır. Lakin onlar öz əlləri ilə sonlarını hazırlayırlar.

Nuranə DAXİLQIZI,

"Respublika".