Qərb blokunun “hörümçək toru
Siyasət

Qərb blokunun “hörümçək toru"

Ölkə daxilində aparılan media islahatları nəticəsində üzə çıxan nüanslar onu deməyə əsas verir ki, Qərb bloku "sapı özümüzdən olan baltalar"ın inkişafına əsaslı səy göstərir, regionda və Azərbaycanda destabilliyin yaradılması üçün hər yola əl atır. "Müstəqil media" təmsilçiləri isə cəmiyyətə faydalı olmaq əvəzinə "təxribat maşını" kimi fəaliyyət göstərirlər. "Abzas Media" ilə bağlı son hadisələr göstərdi ki, ölkəmizdəki bəzi media qurumları çoxüzlü yanaşma sərgiləyən qlobal güclərin alətinə çevriliblər. Belə ki, noyabrın 21-də "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra direktorun müavini Məhəmməd Kekalov və baş redaktor Sevinc Vaqifqızı da şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Xarici dövlətlərin siyasi maraqlarını reallaşdırmaq üçün illeqal yollarla əldə edilən maliyyə vəsaitləri hesabına reallaşdırılmış bu "hörümçək toru" "demokratiya" və "azad cəmiyyət" nidaları altında destruktivliyin təbliğ edilməsi üçün yaradılmışdır. Müxtəlif donor təşkilatları ilə gizli əməkdaşlıq edən Ülvi Həsənov və komandasının başda ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED) olmaqla digər təşkilatlar tərəfindən maliyyələşdirilməsi ifşa edilmişdir. Bununla bir daha ölkədaxili qərəzli media və digər cəmiyyəti istiqamətləndirməyə çalışan qruplaşmaların kimlərin əlində olduğu aşkarlanıb.

Hadisələrin pərdəarxası məqamlarına nəzər salsaq görərik ki, Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barəsində yeni məlumatlar üzə çıxıb. Onlar "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək barədə ətraflı müzakirələr aparıblar. Qeyd edək ki, sözügedən "Aleks" (Aleksandra Kirbi) və "Daisy"nin Avropanın müxtəlif təsisatlarından təyinat alması və "azad media"çılarımız ilə əlaqəyə keçməsi də məlum olmuşdur. Diqqətçəkən məqam isə "Abzas Media"nın timsalında digər media təsisatlarının əldə etdikləri qrant vəsaitlərinin məbləğidir. Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin də iştirak etdiyi bu kampaniyada ümumilikdə 113910 avro və 210794 ABŞ dolları həcmində vəsait transfer edilmişdir. Əminliklə deyə bilərik ki, başda Vətəni olmaqla, öz peşələrini dollar və avrolara satan xainlərin ölkəmizdəki media mühitini, nüfuzdan salması da bu planın bir parçasıdır.

Sual olunur: Qərbin, Amerikanın və Avropanın maraqlarına xidmət edən, xarici kəşfiyyat orqanlarına çalışan, Azərbaycanda fəaliyyət göstərən bəzi media resursları bu vəsaitləri hara xərcləyiblər? Onlar "Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara əməl etməsinin monitorinqi", "Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması", "Araşdırılmamış 100 cinayət", "Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması", "Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək", "Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi" kimi mövzular ətrafında daha çox intensivləşiblər. Qeyd edilən məsələlərin daim gündəmə gətirilməsində məqsəd isə ölkə daxilində qarşıdurma yaratmaqdır. Onlar milli medianın dirçəlməsinə maneələr törətməklə belə bir rəy formalaşdırmağa çalışırlar ki, jurnalistika və media qurumları daha çox hadisələrə əks mövqedən yanaşmaya xidmət etməlidir.

Ölkəmizdə geniş agentura şəbəkəsi quran anti-Azərbaycan dairələrinin bu kimi əməlləri daim ifşa olunmuşdur. Qeyd olunduğu kimi, bu şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq deyil. Regional müstəvidə üstünlük əldə etmək istəyən Qərb bloku bu kimi əməllərlə öz yerini "bərkitməyə" çalışır. Bunun qarşısında duran tək maneə isə regional lider olan Azərbaycandır. Məhz buna görə də anti-Azərbaycan dairələri hər keçən gün öz nüfuzetmə vasitələrinin sayını artırır.

Nurlan ABDALOV,

"Respublika".