Neokolonialist Fransanın
Siyasət

Neokolonialist Fransanın "casus" iddiaları 

Bu günlərdə Yeni Kaledoniyanın paytaxtı Numeada ölkənin müstəqilliyini və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən etiraz yürüşü keçirildi. Fransa dövlətinin bəzi nazirlərinin ölkəyə gəlişini özlərinə qarşı təzyiq hesab edən kanak xalqına rəsmi Parisin yanaşması bir daha beynəlxalq hüquq normalarının qəti şəkildə pozulması faktıdır.

Xüsusilə Fransanın silahlı qüvvələr naziri Sebastian Lekornyunun ölkəyə gəlişi yerli əhalini daha çox narahat edir. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar. Qeyd edək ki, etirazçıların məqsədi Fransa dövlətinin ölkədə yaratdığı risklər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır. Paytaxt Numeada keçirilən nümayişlərdə Kaledoniya siyasi partiyaları Azərbaycanın ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndirdilər. Hətta nümayiş kortecində Azərbaycan bayrağı da dalğalandırıldı.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Aygün Həsənova da etiraz aksiyalarını dünya ictimaiyyətinə çatdırmaq üçün Yeni Kaledoniyaya yollanmışdı. Amma təəssüf ki, burada jurnalistə təzyiq göstərildi və o, ölkə ərazisinə buraxılmadı. Səbəb isə Azərbaycan vətəndaşının Yeni Kaledoniya vizasının olmaması göstərildi. Nəticədə jurnalist ölkədən deportasiya edildi. Yaranan çətinliklər bir yana, Aygün Həsənova polis zorakılığına da məruz qaldı.

Bu hadisədən sonra Fransa mediasında silsilə məqalələr, yazılar dərc edilərək saxta ictmai rəy formalaşdırıldı. Belə ki, Fransa mətbuatında guya jurnalistin Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi qeyd edilib. Hətta yazılarda onun "casus" olduğu da yer alıb. Rəsmi Parisin sifarişi əsasında hazırlanan qarayaxma kampaniyası çərçivəsində dərc edilən məqalələrin birində qeyd edilir ki, Fransanın müdafiə naziri həmin ərəfədə Yeni Kaledoniyaya səfər edib və jurnalistlər də məhz bunu işıqlandırmaq üçün oraya gediblər.

Əlbəttə ki, burada əsas  məsələ ilk növbədə, həqiqətin dünyaya çatdırılmasının qarşısının alınmasıdır. Bununla yanaşı, yoxlanış zamanı məmurların, polislərin jurnalistə qarşı zorakılıq aktı heç şübhəsiz, onun hansı ölkənin vətəndaşı olduğu məlum olandan sonra ortaya çıxıb. Görünür, başda Fransa olmaqla ölkəmizə qarşı anti-Azərbaycan siyasəti yürüdən dairələr bu cür siyasi-diplomatik hücumların, qərəz və böhtan kampaniyalarının qarşısını alan Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasəti qarşısında aciz qalaraq "quyruq acısı"nı bu yollarla çıxarmağa çalışırlar.  Hansı ki, bu siyasət Fransanın əsrlər boyu yürütdüyü müstəmləkəçilik siyasətinin acı nəticələrini bütün dünyada sürətlə ifşa edir.

Xatırladaq ki, Yeni Kaledoniya adası uzun illərdir Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Sahəsi 19 min kvadratkilometr olan Yeni Kaledoniya Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundandır. 268 min nəfərdən çox əhalisi olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Yerli əhali sayılan kanaklar apardıqları azadlıq mübarizəsinə görə bu gün Fransa siyasi elitası tərəfindən cəzalandırılır. Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır.

Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın müstəmləkə siyasətinə qarşı sərt mövqeyi, insan hüquq və azadlıqlarını dəstəkləməsi, mənfur kolonial siyasətini hələ də yürüdən rəsmi Paris üçün əsaslı zərbə oldu. Avropanın güc strukturları Fransanı əsrlər boyu Afrika, Asiya, Amerika və Okeaniyada yerli xalqlara qarşı bəşəri cinayətlər törətmiş, onların azadlıqlarını əllərindən almış bir ölkə kimi tanınmaq əvəzinə  bu əməllərini ört-basdır edir. Tarixdən günümüzə qədər gəlib çıxan bu mənfur siyasətin acı nəticələri - bəşəri cinayət əməlləri hələ də cavabsız qalır. Məsələn, Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmişdir. Bununla yanaşı, Əlcəzairin ərazisinə 5 milyondan çox mina basdırılmışdır. Soyqırımı, terrorizmi dövlət siyasəti halına gətirmiş Fransanın paytaxtı Parisdə müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min kəllə sümüyü hələ də saxlanılır və nümayiş etdirilir. Onların  arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi isə Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. Ötən əsrin 30 ili ərzində Fransız Polineziyasında sözügedən ölkə tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən XXI əsrdə də yaşanmaqdadır. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınmasına hər vəchlə çalışır. Məsələn, Qvadelupa dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır.

Fransanın törətdiyi qətliamların miqyası və coğrafiyası bununla da bitmir. Nigeriya, Mərakeş, Mali, Tunis, Cibuti, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də Fransanın təzyiqləri ilə üzləşir. Əfsuslar olsun ki, Fransa kolonializminin utancverici yeni metodları müasir dövrümüzdə fərqli fazalarda özünü büruzə verir. Fransa başa düşməlidir ki, uzun illərdir müstəmləkə altında saxladığı ölkələrin vətəndaşlarının hüquqlarını artıq bərpa etməlidir. Keçmişdə və günümüzdə törədilən qanlı hadisələrə görə üzr istəməyi belə özünə borc bilməyən bu ölkə hələ də dünyanın bir çox qaynar nöqtələrində öz çirkin əməllərini davam etdirir.

Nurlan ABDALOV,

"Respublika".