Şəhid ailəsi ziyarət olunub
Region

Şəhid ailəsi ziyarət olunub

44 günlük Vətən müharibəsində xaçmazlı gənclər də od-alovun içərisindən keçərək igidlik göstərmiş, qəhrəmanlıqla həlak olmuşlar. Döyüş meydanında əsl hünər, mərdlik örnəyi qorxmaz, cəsur döyüşçülərdən biri də Şərifoba kəndində dünyaya göz açmış Şahmuradov Rəvan Dilşad oğludur. Artilleriyaçı Rəvan Şahmuradov Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə qəhrəman döyüşçü ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Şərifoba kəndində şəhid Rəvan Şahmuradovun ailəsini ziyarət edib. O, şəhidin yaşadığı mənzildə onun keçdiyi şərəfli döyüş yolunu əsk etdirən guşədə sənədlər, fotoşəkillərlə tanış olub. Ailə üzvləri ilə birlikdə Rəvanın keçdiyi mənalı ömür yoluna nəzər salıb. İcra başçısı həmçinin ailənin problemləri və qayğıları ilə maraqlanıb. Xaçmaz rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb. Şəhid ailəsi daimi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Rəvan Şahmuradovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şərifoba kəndində abidə-bulaq kompleksi inşa olunur. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailəsi və kənd sakinləri ilə birlikdə abidə-bulaq kompleksində işlərin gedişi ilə də yerində tanış olmuşdur.

Ziyafəddin BAYRAMOV,

"Respublika".