Makronun ifasında “6-cı hissin uğursuzluğu”
Siyasət

Makronun ifasında “6-cı hissin uğursuzluğu”

Emmanuel Makron Fransa tarixinin bəlkə də ən qeyri-ciddi, bacarıqsız prezidentidir. 2017-ci ildən bəri ölkəyə rəhbərlik edən Makron ötən 6 ildən çox vaxt ərzində bir çox rüsvayçılığa yol verib.

Xüsusilə 2020-ci ildən sonra formalaşdırdığı anti-Azərbaycan komandası ilə ölkəmizə qarşı  qarayaxma kampaniyaları onu Qərbin "seçilmiş şəxs"i edib. Düşünülmüş siyasətlə yox, "6-cı hissi" ilə hərəkət edən Makron Ermənistana himayədarlığı öz üzərinə götürməklə qanlı keçmişini bir daha sübuta yetirdi. Bu "sevgi"də kimin uduzub, kimin udacağı bəlli deyil, lakin sonda peşman elə Makronun özü olacaq.

2022-ci ildə ikinci dəfə 5 il müddətinə prezident seçilən Emmanuel Makron vəzifəsinə siyasətdə əsla yol verilməyən fəaliyyətə başladı. Onsuz da keçmiş Minsk qrupunun üzvü kimi neytral fəaliyyətini heç vaxt qoruya bilməyən Fransa Makronun dövründə bu xəbis niyyəti bir daha büruzə verdi. Ölkəsinin keçmişini unudan E.Makron işğalçı dövlətə, ələlxüsus münaqişə tərəflərindən hər hansı birinə açıq dəstək verməklə ilk siyasi səhvini etdi. Fransa regionda sabitliyə töhfə vermək əvəzinə, haylara "oyuncaq tapança" sataraq öz "sülh göyərçini" imicini zədələdi. Makron ikinci dəfə prezident seçilməsindən iki ay əvvəl başlayan Rusiya-Ukrayna müharibəsinə də "burnunu soxmağa" cəhd etdi. Bu isə onun avtobioqrafiyasının ən kirli səhifəsinə çevrildi.

Müharibənin ilk günlərindən Ukraynaya silah dəstəyi göstərəcəklərini deyən Fransa prezidenti 2 ildir ki, bunu etmir. Son olaraq, NATO-da səsləndirilən fikir də onun imicinə ağır zərbə vurdu. Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərməli olduğu ilə bağlı təklifi Alyans ölkələri arasında ciddi fikir ayrılığı yaratdı. Mövcud narazılıq Fransa-Almaniya münasibətlərinə soyuqluq gətirdi. Fransa prezidentinin bəyanatından sonra iki ölkə arasında münasibətlər ən aşağı səviyyəyə enib. Makron itmiş nüfuzunu kompensasiya etməyə çalışsa da, bu, sonda böyük fiasko ilə nəticələnib. Almaniya, Çexiya, Bolqarıstan, İspaniya, İtaliya və digərləri bu avantürist sərsəmləməyə qarşı çıxıb. Dinc durmayan E.Makron indi də Ukrayna ilə birgə silah istehsalına can atır.

Fransa prezidenti öz çıxışında keçmiş postsovet ölkəsi olan Moldovada missiya yaratmaq istəyini də ifadə edib. Ermənistanın ardınca Kişineuda da təxribat hədəfləyən Makron Rusiyaya qarşı "canlı sipər"lər "yaradır". Fransa şirkətlərinin lisenziyası əsasında Hindistan tərəfindən istehsal olunan silahların "satış piştaxta"sını genişləndirməklə Makron öz cibini doldurmaq məqsədləri güdür.

Lakin Qərb yaxşı başa düşür ki, oyunbaz E.Makronun antipasifist siyasəti Rusiyanın lehinə işləyir. Moskvanı tənəzzülə uğratmaq istəyən Qərb bloku bu gün özü böhrana sürüklənir. Bu, infantil siyasət yürüdən Makronun sayəsində baş verir. Hər dəfə alovlu çıxışı ilə Qərbi konkret addımlara sövq edən Yelisey sarayının rəhbəri sonda siyasi arenadan öz vətəninə rüsvayçılıqla qayıdır.

Digər tərəfdən, Makrona qarşı müstəmləkə və koloniyalarda etirazlar artır. Afrika, Okeaniya ölkələrində, Sakit okeanın ada dövlətlərində, Hind və Atlantik okeanında fransızların müstəmləkəçilik əməlləri yerli əhalinin ciddi etirazlarına səbəb olur. Bu baxımdan, müstəmləkələrdə Fransa əleyhinə  mütəmadi olaraq keçirilən aksiyalarda Azərbaycan bayrağının dalğalandırılması da Makron siyasətinə vurulan ən böyük zərbələrdəndir. Korsika adasında uzun müddətdir davam edən narazılıqların son dövrlərdə kütləvi hal alması da Yelisey sarayını çıxılmaz vəziyyətə salıb. Lakin iş bununla bitmir.

Makronun siyasəti ölkə daxilində də əks-nəticə verir. "Sarı jiletlilər"in ardınca fermer aksiyaları ölkənin "qeyri-sabitliyi"ni bərpa edib. Bir müddət əvvəl Fransada hüquq-mühafizə orqanları Paris yaxınlığındakı Ranjis ərzaq bazarını ələ keçirməyə cəhd edən 79 etirazçı fermeri həbs edib. Baş verən etirazlar Makron rejimini ciddi narahat edir. Bundan əlavə, Azərbaycanın COP29-a ev sahibliyi etməsinə etiraz edən Fransanın küçələri isə bərbad vəziyyətdədir. Aşıb-daşan zibil qutuları, yaranan antisanitar vəziyyət və dilənçilik hallarının artması ölkənin siyasi böhran xəritəsini genişləndirir, belə vəziyyətdə Azərbaycanı tənqid etmək isə xüsusi riyakarlıq səviyyəsi tələb edir.

Ümumiyyətlə, rüsvay olmaqdan usanmayan Makron öz regionundakı problemləri ört-basdır edərək beynəlxalq arenada Azərbaycan və Rusiya əleyhinə xəbis niyyətini bir daha  ifşa edir. Ermənistana təəssübkeş imici ilə yanaşması hiyləgərlik nümunəsidir. Hadisələrin axarı isə onu göstərir ki, Makron çətin ki, atdığı qeyri-peşəkar addımların altından çıxa bilsin. Sağlam təməllər üzərində qurulmamış siyasət məhvə məhkumdur.

Tacir SADIQOV,

"Respublika".