Siyasət

"Sabitlik bütün inkişafın əsasıdır"

Dünya çətin dövrdən keçir. Əvvəlcə koronavirus pandemiyası ilə sarsılan, tarazlığı pozulan planetimiz indi də müharibələr ilə çalxalanır. Avropanı cənginə alan Rusiya-Ukrayna savaşı bitməmiş Yaxın Şərqdə gərginlik yüksəldi, İsrail ilə Həmas arasında qanlı qarşıdurmalar başlandı. Amma dünyada davam edən müharibələr təkcə bunlar deyil. Lokal, regional xarakterli münaqişələr barədə də demək olar ki, hər gün xəbərlər yayılır. Afrika ölkələrində Fransa əleyhinə başlayan etiraz dalğaları da qlobal sabitliyin pozulmasında böyük rol oynayır. Bunların fonunda əslində rəsmi səviyyədə elan edilməsə də üçüncü dünya müharibəsi gedir, deyə bilərik. Bunu anlamaq üçün sübutlara, dərin təhlillərə gərək yoxdur. Faktiki olaraq beynəlxalq nizam yenidən qurulur, ölkələrin sərhədləri dəyişir, dünyada ayırıcı xətlər daha qabarıq şəkildə özünü göstərir.

Bu mərhələdə terrorçuluğun coğrafiyası genişlənir və məzmunu daha da aqressivləşir. Son vaxtlarda ayrı-ayrı siyasi dairələrin, hətta bəzi hallarda dövlətlərin belə terrorizmə dəstək verdiyinin şahidi oluruq. Buna görə də müxtəlif beynəlxalq qurumlar bu sahədə aktiv işlərə başlayıb. Son olaraq nüfuzlu təşkilatların istinad etdiyi "Global Terrorism Index" 2024-cü il üçün dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralamasını açıqlayıb. Ərazisində terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralarda Burkina Faso, İsrail, Mali, Pakistan, Suriya, Əfqanıstan yer tutur. Dövlətimiz isə "0" indekslə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə sonuncu, yəni 89-cu yerdədir. Bununla da ölkəmizin qlobal miqyasda terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri olduğu təsdiqlənib. Əslində, bu reallıq daha öncə də etiraf edilmişdi. Belə ki, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) son hesabatında da bildirilmişdi ki, rəsmi Bakı terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır. Bunlar hökumətimizin apardığı islahatların, neqativ halların minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Atılan addımlar onu göstərir ki, ölkəmiz beynəlxalq standartları dəstəkləmək, hüquqi və institusional çərçivələri gücləndirməklə qlobal təhlükəsizliyə töhfə verir.

Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan turizm üçün cəlbedici ölkə, həmçinin etibarlı tərəfdaşdır. Eyni zamanda ölkəmiz müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoq məkanına, beynəlxalq əhəmiyyətli məsələlərin həllini tapdığı unikal platformaya çevrilir. Bunun da kökündə daxili sabitlik, təhlükəsizlik amili dayanır. Dövlət başçımız İlham Əliyev 2018-ci ildəki andiçmə mərasimdə də bu məsələyə toxunaraq bildirib ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz: "Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir".

Göründüyü kimi, Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi var. Lakin hazırda ölkəmizin iradəsinə qarşı çıxmaq cəhdlərini görürük. Belə ki, hazırda Cənubi Qafqazın döyüş arenasına çevrilməsi planları işə salınıb. Bu məsələdə Ermənistandan maşa kimi istifadə edilir. İrəvanda fəaliyyətə başlayan Avropa İttifaqının missiyası, aprelində 5-də Brüsseldə keçirilən üçtərəfli görüş də Qərbin merkantil maraqlarının nümunəsidir. Bununla belə rəsmi Bakı regionumuzda həyata keçirilməyə çalışılan məkrli planlara qarşı çıxır, hər cəhdlə sabitliyin pozulmasının qarşısını alır. Yəni Azərbaycan bölgədə sabitləşdirici faktor kimi çıxış edir. Eyni zamanda qlobal qarşıdurmalar fonunda dövlətimiz iqtisadi, hərbi qüdrətini artırır.

"Sabitlik bütün inkişafın əsasıdır" söyləyən ulu öndər Heydər Əliyevin arzusu artıq reallığa çevrilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bundan sonra da qlobal ziddiyyətlər burulğanında sabitlik adası imicini daha da möhkəmləndirəcək.

Jalə QASIMZADƏ,

"Respublika".